Mübariz Qurbanlı: Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün bütün dünya ölkələri bir araya gəlməlidir

Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün bu gün monoetnik dövlətlərin yaranmasının qarşısı alınmalıdır.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakıda “Dayanıqlı İnkişaf Məqsədlərinin təməl prinsipləri: hüquq bərabərliyi, milli prioritetlər və əməkdaşlıq” mövzusunda Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.
M.Qurbanlı bildirib ki, bu gün planetimiz çox ciddi problemlərə üz-üzədir: "Beynəlxalq təşkilatlar bu problemlərin həlli üzərində çalışırlar. Bu gün dünyada hələ də nüvə müharibəsi təhlükəsi qalır. Bu gün terrorizm, demoqrafiya, ekologiya, sosial bərabərsizlik, qida çatışmazlığı və digər problemlər mövcuddur. Bu problemlərin həlli üçün dünyanın dayanıqlı inkişaf məqsədlərini hazırlamaq lazım idi”.
Komitə sədri qeyd edib ki, dayanıqlı inkişafı təmin etmək üçün dünyada silahlanmanın qarşısı alınmalıdır: “Dünyada hər il silahlanmaya 1 trilyon 600 milyard dollar vəsait sərf edilir və çox qəribədir ki, bunun 1 milyardı NATO ölkələrinin payına düşür. Dünyada 3 milyard insan gündəlik cəmi 2 dollar civarında vəsaitlə yaşamağa məcburdur. Dünyada əhalinin 48 faizi yoxsulluq səviyyəsində yaşayır, yəni dünyanın demək olar ki, 3 milyard əhalisi yoxsulluq içərisindədir. Hər il dünyada 5 milyon körpə aclıqdan ölür. Lakin bunun müqabilində dünyada hər il silahlanmaya 1 trilyon 600 milyard dollar vəsait sərf edilir. Bütün bunlar onu göstərir ki, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün bütün dünya ölkələri bir araya gəlməlidir”.

yap.org.az