Siyasət

  • 2 526

COCUQ MƏRCANLIDAN XANKƏNDİYƏ

image

İlham Əliyev: “Gün gələcək, Azərbaycan bayrağı Şuşada da qaldırılacaq”
Böyük Qayıdışın başlanğıcı olan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası artıq başa çatıb. İyunun 14-də Cocuq Mərcanlı kəndinə səfərə gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan kənddə görülən işlərlə tanış olub, sakinlərlə görüşüb.

Ali Baş Komandanın Cocuq Mərcanlı səfəri dünyaya sülh mesajı idi

Ali Baş Komandan, Prezident İlham Əliyevin Cocuq Mərcanlıya səfəri dünyaya sülh mesajı idi. Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılan, lakin ordumuzun şücaəti sayəsində azad edilən, dövlətimizin başçısının xüsusi diqqəti sayəsində qısa müddətdə yenidən qurulan bu kənd indi öz möhtəşəmliyi ilə diqqət çəkir. 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə gələrək, Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edən Ümummilli Lider Heydər Əliyev tezliklə ölkədəki ağır vəziyyəti nəzarətə götürdü, ordu quruculuğu istiqamətində əhəmiyyətli addımlar atdı. Məhz Ulu Öndərin qətiyyəti və iradəsi sayəsində 1993-cü ilin dekabrından 1994-cü ilin yanvarına qədər davam edən və Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış uğurlu Horadiz əməliyyatı nəticəsində, Füzuli rayonunun bu qəsəbəsi ilə yanaşı, 20 kəndi, həmçinin, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Lakin təhlükəsizlik baxımından uzun müddət məskunlaşmanın qeyri-mümkün olduğu bu kənd 2016-cı ildə Prezident İlham Əliyevin tarixi xidmətləri sayəsində ikinci həyatını yaşamağa başladı. Buna ötən ilin aprelində qəhrəman Azərbaycan Ordusunun düşmənin təxribatına layiqli cavab verməsi və strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad etməsi nəticəsində nail olundu. Ağdərənin, Cəbrayılın və Füzulinin işğaldan azad olunmuş ərazilərində Azərbaycan bayrağı dalğalandı. 2016-cı ilin noyabrında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda-idarəetmə məntəqəsində, əməliyyat şəraiti ilə tanış olarkən, işğal altında qalan torpaqlarımıza qayıdacağımıza bir daha əminlik yaratdı. Aprel döyüşlərində qazanılan qələbədən sonra Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsinə, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasına əlverişli şərait yarandı.

Qələbə əzminə söykənən mühüm Sərəncam

Dövlət başçımız 2017-ci il yanvarın 24-də “Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında” qələbə əzminə söykənən Sərəncam, bir daha təsdiqlədi ki, Böyük Qayıdışın başlanğıcı olan bu kəndin bərpası ilə bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirlər davamlı olacaq. Azərbaycan öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq, düşmən tapdağı altında qalan əzəli torpaqlarımızın azad olunması uğrunda son ana qədər mübarizə aparacaq.
İyunun 14-də Cocuq Mərcanlı kəndinə səfərə gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan kənddə görülən işlərlə tanış olduğu zaman bunu bir daha vurğuladı.
İlk öncə Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinə səfəri çərçivəsində əvvəlcə yeni salınmış kənd yolunun açılışını etdi. Dövlətimizin başçısına məlumat verildi ki, yolun ümumi uzunluğu 9 kilometr, eni 12 metrdir. İki hərəkət zolaqlı yolun tikintisi Prezident İlham Əliyevin bu ilin fevralında imzaladığı “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən həyata keçirilib. Strateji əhəmiyyəti ilə seçilən bu yolun inşası zamanı zəruri olan yerlərdə su keçidləri tikilib, uzunluğu 24 metr olan ikiaşırımlı mövcud körpü bərpa edilib. Yol üzərində 76 yol nişanı və məlumatverici lövhələr quraşdırılıb, piyada zolaqları, yol-cizgi və yolgöstərici xətləri çəkilib.
Sonra dövlətimizin başçısı yeni salınmış yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Daha sonra dövlət başçısı yeni inşa olunan 96 şagird yerlik məktəblə tanış olub. Məktəbdə olarkən Prezident İlham Əliyev hərbi məktəblərin kursantlarının bir qrupu ilə görüşüb.
Prezident İlham Əliyev, həmçinin Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri olan məsciddə yaradılan şəraitlə tanış olub. Dövlət başçısı deyib ki, bu ilin yanvarında Sərəncam imzalanıb, Prezidentin Ehtiyat Fondundan vəsait ayrılıb və mart ayında tikinti işlərinə başlanılıb: “Martın 20-dən may ayının 20-dək kəndin bir hissəsi bərpa edildi. Birinci mərhələdə 50 ev, məktəb və məscid tikildi. Kənddə Şuşa məscidinin bənzəri olan məscid tikildi. Horadizdən Cocuq Mərcanlıya yol çəkilib. Kənddə əlavə 100 ev, tibb məntəqəsi tikiləcək, iş yerlərinin yaradılması üçün tədbirlər görüləcək. Cocuq Mərcanlının tarixi şanlı tarixdir, işğaldan əziyyət çəkən kənd bərpa olunur. Azərbaycan işğal altındakı torpaqlarının bir hissəsini azad etdi. Bu, şanlı tarixdir. Kənd sakinləri qayıdandan sonra kənddə həyat daha da canlanacaq”.

“Gün gələcək, Azərbaycan bayrağı Şuşada da qaldırılacaq”

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfəri zamanı kənd sakini Oqtay Həziyevin ailə üzvləri ilə görüşündə deyib. Dövlətimizin başçısı Cocuq Mərcanlı kəndində böyük şərait yaradıldığını bildirib: “Sizin qohumlarınız, qonşularınız da qayıdacaq. Bu gün Lələ Təpədə və digər işğaldan azad olunmuş ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Gün gələcək, bizim bayrağımız Şuşada da qaldırılacaq. Bu işğal böyük ədalətsizlikdir, həm də beynəlxalq qanunlar pozulur. Ancaq əfsuslar olsun ki, dünyada ikili standartlar mövcuddur. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, erməni silahlı qüvvələri dərhal və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxsın. Ermənistan buna əməl etmir və bu qətnamələri qəbul edənlər də Ermənistanı məcbur etmir ki, buna əməl etsin. Problem bundan ibarətdir”.
Ölkə Prezidenti İlham Əliyev əlavə edib: “Ancaq biz ölkəmizi böyük dərəcədə gücləndirmişik və bir daha deyirəm ki, əgər müstəqilliyimizin ilk illərində Ulu Öndər ölkəmizin başında olsaydı, heç bir problem yaşanmazdı. Ermənilər Naxçıvanı da işğal etməyə çalışırdılar. Ancaq Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə bütün təhlükəsizlik tədbirləri görüldü və düşmən yerinə oturduldu. Əfsuslar olsun ki, o vaxtkı Azərbaycan rəhbərliyi ölkə miqyasında müdafiə məsələlərini düzgün təşkil edə bilmədi və torpaqlarımız işğal altına düşdü. Ancaq biz ölkəmizi, ordumuzu gücləndiririk və öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Cocuq Mərcanlı kəndi əyani şəkildə bunu sübut edir və təsdiqləyir”.

“Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”

Prezident görüşdə deyib ki, Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi. Dövlət başçısı onu da vurğulayıb ki, Heydər Əliyevin hakimiyyətə qayıtması nəticəsində ölkədə sabitlik bərqərar olub və inkişafa start verilib. Ölkə rəhbəri qeyd edib ki, Azərbaycan güclü iqtisadiyyata malikdir, beynəlxalq arenada öz mövqelərini möhkəmləndirir: “Bu gün Azərbaycan Ordusu dünyada ən güclü ordular sırasındadır. Aprel döyüşləri də bunu göstərdi. Biz, Azərbaycan cəmiyyəti bunu bilirdi. Aprel döyüşləri dünyaya bunu əyani göstərdi. Bu gün Azərbaycan Ordusu torpaqlarını düşməndən azad etməyə qadirdir”.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər