Siyasət

  • 3 274

YAP Binəqədi rayon təşkilatında "Poeziya çələngi" adlı görüş keçirilib

image

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vahid Əzizlə "Poeziya çələngi" adlı görüş keçirilib. Görüşü giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Vahid Əzizlə keçirilən görüşdən böyük məmnunluq duyduğunu bildirib: "Şair Vahid Əzizlə görüş rayon təşkilatının üzvlərinin çoxdankı istəyidir və bu görüş poeziyasevərlərə bir ərmağandır. Rayon təşkilatı partiya üzvlərinin istək və arzularına uyğun olaraq, ölkəmizin müxtəlif sahələr üzrə tanınmış, ziyalı insanları ilə görüşlər təşkil edir. V.Əzizlə bugünkü görüş də həmin görüşlərdən biridir".

Görüşdə çıxış edən şair Vahid Əziz poeziyasevərlərlə belə bir görüşün təşkil edildiyinə və onun yaradıcılığına göstərilən diqqətə görə, minnətdarlığını bildirib. Qeyd edib ki, şairlik onun üçün müqəddəs bir peşədir və hər dəfə yazdığı şeirlərlə sanki başqa bir dünyaya səyahət edir. Şair ömrünü şeirə, ədəbiyyata həsr etdiyi üçün heç vaxt peşman olmadığını, əksinə, onu sevənlərlə, şeirə, poeziyaya maraq göstərənlərlə görüşdükcə daha da ruhlandığını bildirib. Şair tədbir iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandırıb. Yaradıcılığında özünə nümunə götürdüyü şairlərdən Səməd Vurğunun, Rəsul Rzanın, Məmməd Arazın adlarını vurğulayıb. Şair, həmçinin, şeirlərinə yazılan mahnılar haqqında da ətraflı danışıb, bu günədək 200-ə yaxın şeirinə musiqi bəstələndiyini, təkcə bəstəkar Eldar Mansurovla birlikdə 75 musiqini ərsəyə gətirdiklərini söyləyib.
Görüşdə Binəqədi rayonunun istedadlı gənclərinin ifasında şairin şeirlərindən "Mənə yüz il ömür arzulamayın", "Bəlkə", "Dayan, vaxtı deyil vidalaşmağın", "Unutdum", "Əzizim" şeirləri, onun şeirlərinə bəstələnmiş "Mehribanım", "Qurban olum" mahnıları səsləndirilib.
Görüşün sonunda şair istedadlı gənclərə imzalı kitablarını hədiyyə edib. Qeyd edək ki, görüş şair Vahid Əziz və poeziyasevərlər tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər