Siyasət

  • 6 770

Nizami rayonunda 26 İyun Silahlı Qüvvələr Günü qeyd edilib

image

YAP Nizami rayon təşkilatının hazırladığı "Bəhruz Nuriyev: ölməz və örnək qəhrəman" adlı filmin təqdimatı olub

Dünən Nizami rayon icra hakimiyyəti və YAP Nizami rayon təşkilatınının birgə təşkilatçılığı ilə 250 saylı tam orta məktəbdə 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə şəhid Bəhruz Nuriyevin məktəbin qarşısındakı büstünü ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad etdikdən sonra YAP Nizami rayon təşkilatının hazırladığı "Bəhruz Nuriyev: ölməz və örnək qəhrəman" adlı filmin təqdimatı olub.
Filmdə şəhid B.Nuriyevin uşaqlıq və gənclik illərindən, onun keçdiyi uzun döyüş yolundan və qəhrəmanlığından bəhs edilib.
Sonra B.Nuriyevin ailə üzvləri və döyüş yoldaşları onunla bağlı xatirələrini bölüşüblər. Tədbirdə çıxış edən Nizami rayon icra hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova ordumuzun şanlı tarixindən, onun yaradılmasından danışaraq, bu günün bayram kimi tarixiləşməsinin müəllifinin müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyev olduğunu vurğulayıb: "Ordu quruculuğu üçün vacib şərtlərdən biri dövlətin müstəqilliyi amilidirsə, digər vacib şərt iqtisadi potensialın və sabitlik şəraitinin yaradılmasıdır. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunub və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir".
Tədbirdə YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasəti ilə bağlı başladığı işlər Onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordusudur. Böyük quruculuq yolu keçərək, öz peşəkarlığını artıran ordumuz maddi-texniki bazasını mütəmadi gücləndirərək, düşməni hər an məhv etməyə və işğal altında olan torpaqlarımızı tez bir zamanda azad etməyə hazırdır".
Tədbirdə digər çıxış edənlər də Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin qorunub-saxlanılması uğrunda əlil olmuş şəxslərin və şəhid ailələrinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını vurğulayıb, ölkəmizin dinamik inkişafı və bu istiqamətdə aparılan geniş quruculuq işlərinin, köklü islahatların daha böyük nəticələrin əldə ediləcəyinə ümidvar olduqlarını bildiriblər.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər