Siyasət

  • 3 251

YAP Siyəzən rayon təşkilatının VII konfransı keçirilib

image

Bu gün Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının VII konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransda Milli Məclisin deputatı Tahir Süleymanov, Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov iştirak edib.Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzərək, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.Daha sonra konfrans öz işini rayon Mədəniyyət Mərkəzinin akt zalında davam etdirib. Öncə Dövlət Himni səsləndirilib. Sonra konfransın gündəliyi təsdiq olunduqdan sonra YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov təşkilatın hesabat dövrü ərzindəki fəaliyyəti haqqında məruzə ilə çıxış edib. E.Heydərov bildirib ki, Yeni Azərbaycan Partiyası görkəmli dövlət xadimi, dünya səviyyəli siyasətçi, əvəzedilməz lider Heydər Əliyevin əbədiyaşar əsəridir. Bu gün tam əminliklə demək olar ki, ümummilli liderimizin dövlətçilik kursu onun siyasi davamçısı, partiyamızın sədri, ölkə başçımız cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Öz Proqram və Nizamnaməsinə uyğun fəaliyyət göstərən YAP hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu ideyalarını həyata keçirmək, ölkədə sivil dəyərlər demokratik prinsiplər əsasında hərtərəfli inkişafa nail olmaq naminə insan hüquq və azadlıqlarının təminatı, sosialyönümlü iqtisadiyyat, sosial ədalət və hər bir Azərbaycan vətəndaşının təminatlı rifahı uğrunda mübarizə aparır.Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev ölkəmizin vətəndaşlarının arzu və istəklərini gerçəkləşdirmək, sosial rifah halını yaxşılaşdırmaq istiqamətində əzmkarlıqla çalışır. Onun gənc nəslə göstərdiyi diqqət və qayğısı, ahıllara dərin hörməti hər bir azərbaycanlı üçün örnəkdir. Möhtərəm Prezidentimizin gənclərlə bağlı həyata keçirdiyi dövlət siyasəti hər bir gənci gələcək naminə bütün qüvvəsi ilə çalışmağa sövq edir. Yaşından, mənsubiyyətindən, dinindən asılı olmayaraq YAP yeni düşüncə tərzi insanları ətrafında birləşdirərək siyasi səhnənin ən mütəşəkkil partiyası olduğunu sübuta yetirdi.Daha sonra Etibar Heydərov qeyd edib ki, hazırda YAP Siyəzən rayon təşkilatının 42 ərazi ilk partiya təşkilatında 3551 nəfər partiya üzvü uçotdadır. Onlardan 1579 nəfəri qadın, 741 nəfəri gənclərdir.Hesabat dövrü ərzində rayon təşkilatına 689 nəfər partiya üzvlüyünə qəbul edilmişdir ki, onların əksəriyyətini gənclər təşkil edir. O bildirib ki, partiyaya qəbul könüllülük prinsipləri əsasında aparılmaqla bütün prosedur qaydalar gözlənilib. Bütün uçot və hesabatlar vaxtında Mərkəzi Aparata təqdim edilib.YAP-ın təşkilati və ideoloji baxımdan formalaşması, öz fəaliyyətini sivil dəyərlərə uyğun qurması, zaman-zaman yeniləşməsi, təşkilat daxilindəki monolitliyin, sağlam atmosferin qorunması, bu quruma əqidəli insanların gəlişini Ulu Öndər daim diqqət mərkəzində saxlayırdı. Partiyada gənclərə qayğı, bu təşkilatda təmsil olunan qadınların ictimai-siyasi proseslərdə aktiv iştirakına şərait yaradılması, siyasi tələbkarlıq, fəallıq, prinsipiallıq, ölkəmizdə gedən proseslərə vətəndaşlıq mövqeyindən çevik reaksiya verilməsi ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının qurultaylarında, yubiley tədbirlərində partiya nümayəndələri qarşısında qoyduğu ən əsas vəzifələrdən idi.Rayonun bütün bələdiyyə ərazilərində ilk partiya təşkilatları fəaliyyət göstərir. Təşkilatın Qadınlar Şurası və Gənclər Birliyi öz işlərini mövcud əsasnaməyə uyğun qurmuşlar. Hesabat dövründə Gənclər Birliyinin, Qadınlar Şurasının, rayon təşkilatı aparatının işi daha da genişləndirilmiş, rayon təşkilatının ərazi ilk təşkilatları ilə əlaqələri möhkəmləndirilmiş və partiya maarifçilik işi gücləndirilmişdir.

Konfransda Nəzarət-Təftiş qrupunun sədri Eldar Muradov təmsil etdiyi qrupun hesabat dövrü ərzindəki fəaliyyəti barədə məlumat verib.Millət vəkili Tahir Süleymanov öz çıxışında qeyd etdi ki, Azərbaycanın müstəqil bir dövlət kimi qazandığı uğurların içərisində YAP-ın da rolu danılmazdır. Bu gün YAP dünya dövlətləri ilə geniş əməkdaşlıq əlaqələri qurur və inkişaf etdirir. Öz sıralarında cəmiyyətin bütün təbəqələrini təmsil edən 700 mindən artıq üzvü birləşdirən partiya Ulu Öndərin parlaq ideyalarının daşıyıcısı kimi gündən-günə möhkəmlənməkdədir.Milli Məclisin deputatı Hikmət Babaoğlu öz çıxışında bildirdi ki, Yeni Azərbaycan Partiyası tarixi və şanlı yol keçib. Ulu Öndərin irsini gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur. Ulu Öndərin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri, əhalinin sosial şəraitinin yaxşılaşdırılması yönümündə qəbul etdiyi qərarlar göz önündədir. Möhtərəm Prezidentimiz İlham Əliyevin hər bir partiya üzvü qarşısında qoyduğu vəzifə, Ümummilli Liderimiz Heydər Əliyevin həyata keçməyən ali ideyalarını, müqəddəs arzularını gerçəkləşdirmək üçün əlindən gələni etməli, dövlətçiliyimizin inkişafına, tərəqqisinə daim xidmət göstərməsidir: “Yeni Azərbaycan Partiyası güclü təşkilatdır və Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malikdir. Heç bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq iqtidarında deyil. Mən də öz siyasi fəaliyyətimi partiyasız təsəvvür etmirəm. Əminəm ki, biz hamımız birlikdə həm partiyamızı daha da gücləndirəcəyik, həm də ölkəmizi daha da inkişaf etdirəcəyik. Azərbaycan müasirləşəcək, güclənəcək, çox zəngin və qüdrətli dövlətə çevriləcək”. Əlbəttə, Prezidentin müəyyən etdiyi bu yolla getmək hər bir YAP üzvünün ən başlıca vəzifəsidir. Çünki biz hamımız Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın daha da güclənməsi, çiçəklənməsi naminə əlimizdən gələni etməliyik.Konfrans nümayəndələrindən Zəfər Əliyev, Azər Babayev, Akif Xıdırov, İxtiyar İsayev, Ramilə Seyidova, Samir Baxşıyev çıxış ediblər.Konfransda daha sonra təşkilati məsələlərə baxılıb. Qətnamə layihəsi oxunub, Etibar Heydərov yekdilliklə yenidən rayon təşkilatının sədri şeçilib. Həmçinin təşkilatın 25 nəfərdən ibarət Şurası və 5 nəfərdən ibarət Nəzarət-Təftiş qrupu seçilib.Tədbirin sonunda Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov çıxış edərək Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Aərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildirib. O, təşkilatın üzvlərinin rayonun ictimai-siyasi tədbirlərində fəal iştirakını qeyd etdi və bütün partiya üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

yap.org.az

Digər xəbərlər