Siyasət

  • 3 392

Ermənilər qorxu altındadır və onları bir sual maraqlandırır - böyük müharibə olacaqmı?

image

Düşmən ölkənin politoloq və hərbi ekspertlərinin rəyləri vahimə və təlaşla müşahidə olunur

Bu günlərdə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Brüsseldə keçirdikləri görüşün ardınca, Ermənistan politoloqları və hərbi ekspertlərinin yalnız bir amil üzərində dayandıqlarını müşahidə edirik. Onlar "böyük müharibə olacaqmı?" sualı ətrafında var-gəl edərək, sözügedən danışıqların nəticələrini özlərinə sərf edən şəkildə analiz edirlər. Söz yox ki, daxili auditoriyaya hesablanmış bənzər açıqlamalar və müsahibələr, bir daha təsdiq edir ki, ermənilərin vahimə və təlaşları günü-gündən daha da artır. Xüsusilə, Rusiyanın Azərbaycana ən müasir və dağıdıcı gücə malik hücum və müdafiə silahları satması daha çox müzakirə edilən mövzulardandır.

Politoloq Ruben Mehrabyan: "Rusiyanın danışıqlarda təşəbbüs göstərməsi Ermənistana heç bir səmərə vermir"

"ATƏT-in Minsk Qrupunun təşəbbüsü ilə Ermənistanın və Azərbaycanın XİN rəhbərləri Edvard Nalbandyanın və Elmar Məmmədyarovun Brüsseldə keçirdikləri görüş faktının özü nəyinsə əldə edilməsi istiqamətində atılmış addım kimi qiymətləndirilməlidir". SİA xəbər verir ki, bu barədə erməni politoloqu Ruben Mehrabyan "tert.am" saytına açıqlamasında deyib. "Böyük nəticələrdən danışmağın mənası yoxdur"-deyə qeyd edən Mehrabyan bütün bunlara baxmayaraq, müəyyən aktivliyin hiss olunduğunu bildirib: "Yəni demək olar ki, danışıqlar posesində bəzi fəallıqların nəzərə dəydiyi görünür, yaxud dərk edilməyə başlanılıb ki, proses hansısa təhlükə astanasındadır və belə davam edərsə, xaotik vəziyyət yaşana bilər. Çünki təhlükə riskləri artır. Məhz görüşlər vasitəsi ilə ən azından, mövcud situasiyanı saxlamaq mümkündür".
Ruben Mehrabyana görə, danışıqlar prosesinin davam edəcəyi təqdirdə, bəzi mövcud problemlər var ki, Ermənistan bunları etməməlidir. Politoloq Rusiyanın danışıqlarda təşəbbüs göstərməsini Ermənistan tərəfinə heç bir səmərə vermədiyini deyib və hətta ermənilərin ruslardan imtina etməli olduğunu vurğulayıb. SİTAT: "Onlardan biri budur ki, erməni diplomatiyası ATƏT-in Minsk Qrupu həmsədrləri formatından kənar heç bir danışıqlarda iştirak etməməlidir. Söhbət Rusiya platformasından gedir, çünki bu istiqamətdə göstərilən cəhdlərin çoxu erməni tərəfi üçün uğur qazandırmayıb".
Erməni politoloqu, məhz Azərbaycanın bu proseslərdən uğurla çıxdığını deyərək, buna görə Rusiyanı günahlandırıb: "Yəni Rusiya Federasiyası bu vasitə ilə destruktiv fəaliyyət göstərib və öz diplomatiyası üçün yeni imkanlar yaradıb"-deyə qeyd edən Ruben Mehrabyan anti-Rusiya xarakterli fikirlər irəli sürüb. Daha dəqiqi, o, Ermənistanın Rusiyaya münasibətdə dəyişiklər aparmalı olduğunu deyib və erməni diplomatlarının Rusiyadan Azərbaycana silah satışını dayandırması tələbi irəli sürməli olduqlarını bildirib.

Hərbi ekspert Arkadi Ter-Tadevosyan: "Müharibə təhlükəsi hər zaman qalır"

Birinci Qarabağ müharibəsində təcavüzkar Ermənistan və DQ separatçılarının işğalçılıq siyasətində əsas iştirakçılardan olmuş "Komandos" ləqəbli istefada olan general-mayor, hazırda hərbi ekspert kimi tanınan Arkadi Ter-Tadevosyan isə Brüssel danışıqlarının nəticələri barədə "lragir.am"a fikirlərini açıqlayarkən deyib ki, o, bənzər görüşlərlə maraqlanmasa da, ATƏT-in Minsk Qrupunun görüş haqqında bəyanatı olduğunu xatırladıb. İşğalçı general buna baxmayaraq, ümid etdiyini deyib ki, baş tutan hər bir görüş ən azından irəliyə doğru atılan addım kimi simvolizə olunmalıdır. "Ancaq görüşlər keçirilsə də, heç nə baş vermir, atəşkəs necə pozulursa, elə də davam edir. İndiki məqamda əsas məsələ budur ki, ən azından atəşkəs əldə edilsin"-deyə qeyd edən Ter-Tadevosyan Rusiyanın Azərbaycana satdığı "TOS 1" silahı və uzaq mənzilli raketlərlə bağlı verilən "Ermənistan buna necə reaksiya göstərməlidir" sualına cavab olaraq, demək olar ki, fikirdən qəsdən yayınıb və nədənsə KTMT-nin baş katibi Yuri Xaçaturovun Rusiya Dumasında necə çıxış edəcəyi barədə danışıb. SİTAT: "Yuri Xaçaturov Rusiyanın Dövlət Dumasında çxış edəcək, görək nə danışacaq? Hökumət adından bəyanat da ola bilər...".
Ter-Tadevosyan erməni tərəfində "TOS 1" komplekslərinin olub-olmaması ilə bağlı suala isə onlarda bəzi modifikasiyaların olduğunu deyib, eləcə də, Ermənistanın pilotsuz uçan aparatlar istehsal etdiyini də deyib.
Lakin maraqlıdır ki, digər erməni politoloqları və ekspertlərinin mövcud vəziyyətin yaranmasında Azərbaycan tərəfini ittiham etmələri ilə bağlı fikirlərini rədd etdiyini və bununla razılaşmadığını deyən erməni hərbi ekspertin dediyinə görə, hər şeyin, məhz bu ayda bəlli olacağını bildirib: "Mən, onların fikirləri ilə razı deyiləm. Hər şey bu ayda aydınlaşacaq. Bu ayda cərəyan edən hadisələr regionda inkişaf vektorunun nəticələrini bəlli edəcək. Hiss edirəm ki, müharibə olmayacaq, ancaq təhlükə hər zaman qalır".
Göründüyü kimi, işğalçı general da hər vəchlə müharibənin olmayacağı ətrafında fikir bildirərək, "çulunu sudan quru çıxarmağa" cəhd edir.
Arkadi Ter-Tadevosyan erməniləri düşdükləri təlaşlardan və xoflardan qurtarmaq üçün Azərbaycanın öz torpaqlarını azad etməsi üçün böyük müharibəyə başlaya biləcəyi ilə bağlı reallaşan fikirlərini öz təbirincə doğru olmadığını göstərmək istəyib. O, iddia edib ki, Azərbaycan öz ərazisində mövcud olan strateji obyektlərə zərərin toxunmaması üçün müharibə etməyə risk göstərmir. Ancaq buna baxmayaraq, Azərbaycan Ordusunun son vaxtlar bir sıra hərbi əməliyyatlar apardığını deyir. Həmçinin, Ter-Tadevosyan digər ermənin politoloqlarından fərqli olaraq, anti-Rusiya siyasəti çərçivəsindən çıxış etməyərək, Rusiyanın bu məsələdə Azərbaycanı dəstəkləmədiyini bildirib. Hətta bir müddət öncə, rəsmi Moskvanın "Qarabağ Azərbaycanın daxli işi deyil" bəyanatını da xatırladıb. O cümlədən, Türkiyə faktorunu da unutmayan erməni general Azərbaycanla Türkiyənin bütün siyasi kuluarlarda eyni mövqedən çxış etdiklərini də xatırladıb. "Lakin bu da Rusiya-Türkiyə münasibətlərinə təsir edir"-deyə qeyd edən Ter-Tadevosyan hadisələrin nəticəsini öytənməkdən ötrü bir daha ayın sonuna qədər gözləməli olduqlarını bildirib.

"DQR"in "müdafiə naziri" Levon Mnasakanyan bir tərfdən hürür, digər tərəfdən quyruq bulayır

Erməni tərəfinin təlaşı bu günlərdə Ermənistan parlamentinin deputat qrupunun "DQR"ə səfər edərək, bu qondarma qurumun "müdafiə naziri" Levon Mnasakanyanla görüş keçirməsindən də açıq-aydın hiss edilir. Əlbəttə, burada köhnə Azərbaycan atalar sözü yada düşür - "İtdən soruşanda niyə hürürsən, deyir ki, qorxuduram, soruşanda ki, bəs niyə quyruğunu bulayırsan, deyir ki, qorxuram". Daha dəqiq desək, Ermənistan deputatlarının "DQR"in "müdafiə naziri" ilə görüşündə ikincinin həmin atalar sözünə uyğun açıqlamalar verdiyini görə bilərik. Məsələn, "panorama.am" saytı görüş barədə yazıb və bəlli olub ki, sərsəm "nazir" sözügedən görüşdə ötən ilin aprelində Azərbaycan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərimizin 2000 hektar ərazisini azad etməsini "artsaxa hücum" kimi qiymətləndirib və bu rüsvayçılığı boğazdan yuxarı, hətta kifayət qədər gülüş doğuran bəyanatla gizlətməyə çalışıb. Hətta iddia edib ki, "Artsax"ın müdafiə gücləri adekvat cavab verməyə belə hazırdır (?!-R.N.).
Bu zaman, belə bir sual yaranır ki, əgər "DQR"in sərsəm "müdafiə naziri" özündən bu qədər razı tonda bəyanatlar səsləndirirsə, nəyə görə ötən ilin aprelində işğal olunmuş ərazilərimizin 2000 hekrar ərazisinə nəzarətini itirib və onu bərpa edə bilmir? Çox yəqin ki, bənzər bəyanatların verilməsi, sadəcə, düşməndə get-gedə qorxu hissinin artmasından irəli gəlir və söz yox ki, işğalçılar torpaqlarımızı azad etməyincə, Azərbaycanın haqlı tələbi və təziyqləri davam edəcək. Onlar buna əmin olmalıdırlar.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər