Siyasət

  • 3 451

“İslam həmrəyliyi və media”

image

Bu gün Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "İslam həmrəyliyi və media" mövzusunda konfrans keçirilib.SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dini maarifləndirmədə əsas şərtlərdən birinin islamın özünü öyrənmək olduğunu deyib: “Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan Azərbaycan mətbuatı bütün şərq ölkələrinin mətbuatı arasında ən avanqard mətbuatlardan birinə çevrilib. Sovet dövründə də mətbuatımız inkişaf edib. Azərbaycan mətbuatının inkişafına ulu öndər Heydər Əliyev daim diqqət yetirib. Prezidentimiz də bu sahəni diqqətdə saxlayır. Bu günlərdə jurnalistlərə veriləcək mənzillər, yeni binanın tikintisinə başlanması mətbuata diqqət və qayğının bariz nümunəsidir. 2017-ci il İslam həmrəyliyi ili elan edilib, həm ölkə daxilində, həm də xaricdə təbliğində Azərbaycan mətbuatı öz sözünü deməkdədir. Prezidentin tapşırığı ilə bizim komitə və QMİ bir sıra xarici ölkələrdə İslam Həmrəyliyi ili ilə bağlı tədbirlər keçirəcək. İslam dünyasının həmrəyliyə daha çox ehtiyacı var. Bu mövzunun mediada təbliği üçün mətbuatla sıx əməkdaşlıq edirik”.Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Azərbaycan xalqının həyatında mətbuatın çox böyük rol oynadığını deyib: “Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi öz fəaliyyətinin işıqlandırılmasında mediaya əsaslanır. Hətta Komitə mediaya ən açıq qurumlardandır. Azərbaycan istər İslam Əməkdaşlıq Təşkilatında, istərsə də digər qurumlarda islamı dəyərləri daim yüksək qiymətləndirir, buna böyük önəm verir. Bir müddət əvvəl təşkil edilən İslam Həmrəyliyi Oyunları da islam ölkələri arasında əlaqələri möhkəmləndirməyə xidmət edir. Çünki islam sülh, mərhəmət dinidir”.Ə.Amaşov onu da vurğulayıb ki, Azərbaycan mətbuatı hər zaman milli və dini dəyərlərə hörmətlə yanaşıb: ““Əkinçi” qəzeti milli dəyərlərə söykənib, maariflənmənin təbliği də dini və milli dəyərlərə verilən önəmin göstəricisidir. Daha sonra çap olunan qəzetlərdə də bu məsələ daim ön planda olub. Bu gün də Azərbaycan jurnalistləri islam ölkələrinə səfər edir, bu yaxınlarda İranın nümayəndə heyəti də Azərbaycana səfər etdi. Azərbaycan media modelini islam ölkələri üçün bir örnəkdir. Yaxın vaxtlarda İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin toplantısında İslam ölkələri media qurumları arasında bir təşkilatın yaranması ilə bağlı qərar qəbul ediləcək. Yəqin ki, həmin təşkilatın mərkəzi ofisi Bakıda yerləşəcək”.“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov ölkəmizdə dini təriqətlər barədə danışıb. O bildirib ki, bu təriqətlərin nümayəndələri küçədə sadə insanlara daha rahat çatır və bu bizi narahat etməlidir: “Yahova şahidləri bu istiqamətdə daha fəaldır. Əgər bu ölkəmiz üçün faydalıdırsa, onun ofisi niyə Tiflisdə və Sankt -Peterburqda yerləşir?!”Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmər Cavadlı “Əkinçi” qəzetindən bu günə qədər mediada dini dəyərlərə özünəməxsus münasibət bildirildiyini qeyd edib: “Sovet dövründə panislamizmlə mübarizə siyasəti olub. Bizim jurnalistlərimiz İslam dinini yox, onun ətrafındakı mövhünatı, xurafatçılığı tənqid ediblər. İslam dini ilə media arasında qarşılıqlı münasibətlər sistemi var. Son illərdə dini icmaların, qurumların nəzarəti altında olan, həmçinin dövlət mediasında dini dəyərlərə çox həssas münasibət görürük. Bu gün jurnalistlərimizdən Həsən bəy Zərdabi kimi xurafata qarşı mübarizə aparmağa çağırıram. Bu mübarizədə mətbuatın köməyinə ehtiyacımız var”.Tədbirdə SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev, APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və digərləri çıxış edərək, mövzu ətrafında fikirlərini bildiriblər.

sia.az

Digər xəbərlər