Siyasət

  • 3 785

“İslam həmrəyliyi və media” mövzusunda konfrans keçirilib

image

Dünən 22 İyul - Milli Mətbuat Günü münasibəti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi və media” mövzusunda konfrans keçirilib.
Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının rəhbərliyi, Milli Məclisin deputatları, din xadimləri və media nümayəndələri iştirak ediblər. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransı açaraq bildirib ki, Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan Azərbaycan kütləvi informasiya vasitələri bütün Şərq ölkələrinin mediası arasında qabaqcıl yerlərdən birini tutub. Azərbaycan mətbuatı çox böyük tarixi yol keçib. Sovet dövründə də mətbuatımız inkişaf edib. Mətbuatımızın inkişafına Ulu Öndər Heydər Əliyev daim diqqət yetirib. Prezident İlham Əliyev də bu sahəni diqqətdə saxlayır. Bu günlərdə jurnalistlərə veriləcək mənzillər, yeni binanın tikintisinə başlanması mətbuata diqqət və qayğının bariz nümunəsidir.
Çıxış edən Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan xalqının həyatında mətbuatın çox böyük rol oynadığını deyib. O bildirib ki, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi mediaya ən açıq qurumlardan biridir. Azərbaycan istər İslam Əməkdaşlıq Təşkilatında, istərsə də digər qurumlarda islami dəyərləri daim yüksək qiymətləndirir, buna böyük önəm verir. Bir müddət əvvəl, Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının təşkili də islam ölkələri arasında əlaqələri möhkəmləndirməyə xidmət edib. Çünki islam sülh və mərhəmət dinidir.
Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov ölkəmizdəki zərərli dini təriqətlərdən bəhs edib. Bildirib ki, bu təriqətlərin nümayəndələri sadə insanlar arasında təbliğat aparır və bu, bizi narahat etməlidir. Hər kəs, o cümlədən, media dini radikalizmə və ekstremizmə qarşı mübarizə aparmalıdır.
Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin mətbuata çox böyük önəm verib. Onu da, qeyd edib ki, Prezident İlham Əliyevin son illərdə mətbuata göstərdiyi diqqət və qayğı da bunun bariz nümunəsi və davamıdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi media ilə sıx əməkdaşlıq şəraitində işləyir. Dini maarifləndirmə ilə bağlı tədbirlərin keçirilməsi və onun KİV-də əks olunması müsbət haldır. Azərbaycan bu istiqamətdə son illərdə xeyli işlər görüb. Ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması, Bakıda “IV İslam Həmrəyliyi Oyunları”nın keçirilməsi çox mühüm hadisədir.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmər Cavadlı “Əkinçi” qəzetindən bu günə qədər mediada dini dəyərlərə özünəməxsus münasibət bildirildiyini qeyd edib. Diqqətə çatdırıb ki, sovet dövründə panislamizmlə mübarizə siyasəti yeridilib. Bizim jurnalistlərimiz islam dinini yox, onun ətrafındakı mövhumatı və xurafatçılığı tənqid ediblər. İslam dini ilə media arasında qarşılıqlı münasibətlər sistemi formalaşıb. Son illərdə dini icmaların və qurumların nəzarəti altında olan KİV-lərdə, həmçinin, dövlət mediasında dini dəyərlərə çox həssas münasibət görünür. Jurnalistləri Həsən bəy Zərdabi kimi xurafata qarşı mübarizə aparmağa çağıran Qəmər Cavadlı bu mübarizədə mətbuatın köməyinə ehtiyac olduğunu bildirib.
Konfransda digər çıxış edənlər milli-mənəvi, o cümlədən, dini dəyərlərin, multikultural və tolerant ənənələrin qorunması və təbliği istiqamətində KİV-lərin üzərinə düşən vəzifələr barədə müzakirələr aparıblar.
Sonda mətbuat günü ilə əlaqədar bir qrup jurnalistə mükafatlar təqdim olunub.
Rövşən

Digər xəbərlər