Siyasət

  • 3 485

Dünyanın musiqi xəritəsində Qəbələnin yeri var

image

Heydər Əliyev Fondunun möhtəşəm beynəlxalq layihəsi olan IX Qəbələ Beynəlxalq Musiqi Festivalına start veriləcək
Müasir dövrümüzdə Azərbaycanın iqtisadi inkişafını, ölkədə hökm sürən siyasi sabitliyin məntiqi nəticəsi olaraq, bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması və dünyada təbliği ilə bağlı möhtəşəm layihələr həyata keçirilir. Bu layihələrə dövlət dəstəyinin olması milli mədəniyyətimizin daha geniş bir şəkildə təbliğinə imkan verir. Ölkə rəhbərinin bir-birinin ardınca imzaladığı sərəncamlar mədəniyyət və incəsənətimizin inkişaf etdirilməsində önəmli rol oynayır.
Son illər Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə Azərbaycanda milli musiqimizin, muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində gerçəkləşən irimiqyaslı layihələr öz nəticəsini verir. Azərbaycan muğamının YUNESKO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması, Muğam Mərkəzinin inşa edilməsi, “Muğam aləmi” Festivalının təşkili, “Azərbaycan muğamları” layihəsi çərçivəsində “Qarabağ xanəndələri” Musiqi Albomunun nəfis şəkildə nəşri və s. Azərbaycan muğam sənətinin inkişafına təkan olmaqla yanaşı, Azərbaycan və muğam sənəti ilə bağlı geniş təsəvvürün yaranmasına də səbəbdir.
Qeyd edək ki, Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi altında həyata keçirilən digər mədəniyyət layihələri kimi, Qəbələ Festivalı da beynəlxalq sənət aləmində geniş rezonans doğurur. Bu festival sayəsində Qədim Qəbələ dünyanın musiqi xəritəsində özünəməxsus yer qazanıb. 2013-cü ildə MDB-nin mədəniyyət paytaxtı elan olunan Qəbələdə indiyədək bir neçə mədəni-humanitar tədbir keçirilib.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər il Qəbələdə keçirilən Beynəlxalq Festival artıq Azərbaycanın hüdudlarından kənarda geniş şöhrət qazanıb, dünyanın mədəni həyatında əlamətdar hadisəyə çevrilib. Bu ecazkar diyarda Şərq mədəniyyəti ilə bağlı olan məqamlar iştirakçılara cənnəti xatırladır. Açıq havada kamera və simfonik musiqini dinləmək, muğamın sehrinə düşmək elə cənnəti yaşamaqdır. Real mənzərə Azərbaycanın dünyada nüfuzunun gündən-günə artmasına dəlalət edir. Qədim tarixə və gözəl təbiətə malik Qəbələdə belə bir festivalın keçirilməsinin böyük əhəmiyyəti vardır. Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın himayəsi ilə keçirilən bu festivalda çox görkəmli ifaçıların iştirak etməsi mötəbər tədbirin əks-sədasının bütün dünyada çox geniş yayıldığına şübhə oyatmır. Artıq bir neçə gündən sonra Heydər Əliyev Fondunun möhtəşəm beynəlxalq layihəsi olan IX Qəbələ Beynəlxalq Musiqi Festivalına start veriləcək. Festivalın konsertləri bu il Qəbələ ilə yanaşı, Şəki və İsmayıllı şəhərlərində də təşkil olunacaq. İyulun 29-da Qəbələ Kamera Musiqi Zalında festivalın ilk konserti olacaq. Axşam açıq səhnədə isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestri çıxış edəcək. İyulun 30-da Qəbələdə açıq səhnədə festivalın açılış mərasimi olacaq və tamaşaçılara Ü.Hacıbəylinin “Leyli və Məcnun” operası təqdim ediləcək.
Festivalın sonuncu günü - avqustun 3-də Qəbələ kamera zalında “Dörd əl axşamı” adlı konsert proqramında Murad Adıgözəlzadə (piano), Oksana Yablonskaya (Rusiya, piano), Stefan Deltz (piano, ABŞ), Anna Serova (skripka, İtaliya) iştirak edəcəklər. Festivalın bağlanış mərasiminin keçiriləcəyi açıq səhnədə Üzeyir Hacıbəbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinə Roberto Molinelli (İtaliya) dirijorluq edəcək. Konsertdə Nomeda Kazlaus (soprano, Litva), Azər Rzazadə (tenor), Məhərrəm Hüseynov (bariton) çıxış edəcəklər.
Zəngin proqram əsasında hazırlanmış festival çərçivəsində Azərbaycan və dünya klassiklərinin, müasir bəstəkarların əsərləri səsləndiriləcək. Qəbələ daha bir festivala ev sahibliyi edərək, xarici qonaqlara Azərbaycan mədəniyyətini tanıtmaqla yanaşı, çoxsaylı yerli musiqisevərləri dünya bəstəkarlarının klassik əsərləri və məşhur musiqiçilərlə də yaxından tanış edəcək.

ZÜMRÜD

Digər xəbərlər