Siyasət

  • 4 056

Azərbaycan milli mətbuatının yaranmasının 142-ci ildönümü qeyd olunub

image

İyulun 22-də Azərbaycan milli mətbuatının yaranmasının 142-ci ildönümü və fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə əlaqədar mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli milli mətbuatın yaranmasının 142-ci ildönümünün geniş qeyd olunduğunu bildirib. İyulun 20-də Azərbaycan Prezidentinin iştirakı ilə jurnalistlər üçün tikilən binada 255 jurnalistə mənzillərin verildiyini diqqətə çatdıran V.Səfərli bu humanist addımın ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandığını deyib. Qeyd edib ki, bu, dövlətimizin başçısının mətbuata yüksək diqqət və qayğısının göstəricisidir. 2009-cu ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə yaradılan Fond ölkəmizdə mətbuatın inkişafı istiqamətində bir sıra layihələr, yazı müsabiqələri keçirir. Təsadüfi deyil ki, indiyədək çap mediasının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə dövlət büdcəsindən ümumilikdə 31 milyon manatdan çox vəsait ayrılıb.
Milli mətbuatın 142-ci ildönümü münasibətilə keçirilən yazı müsabiqəsinə 147 yazının təqdim olunduğunu vurğulayan V.Səfərli məlumat verib ki, müsabiqədə 69 KİV iştirak edib, ümumilikdə, 19 istiqamətin hər biri üzrə 6 qalib müəyyənləşdirilib. İcraçı direktor müsabiqənin qaliblərini, eləcə də Azərbaycan mətbuatının bütün təmsilçilərini təbrik edib.
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov tədbirdə çıxış edərək bildirib ki, builki bayram jurnalistlər üçün ikiqat əlamətdardır. İki gün əvvəl mətbuatın dostu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin jurnalistlərlə görüşünün uzun müddət xatırlanacağını vurğulayan Əli Həsənov deyib ki, dövlətimizin başçısının proqram xarakterli çıxışı həm Azərbaycan Mətbuat Şurasının, həm jurnalistlərin, həm də redaksiyaların, ümumilikdə, Azərbaycan jurnalistikasının gələcək fəaliyyətinin təməl prinsiplərini təşkil edir.
Qeyd olunub ki, dövlətimizin başçısı həmin görüşdə milli jurnalistikamızın inkişafının əsas istiqamətləri, milli maraqların qorunması ilə bağlı dövlətin yürütdüyü siyasətə dəstək verilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və digər mühüm məsələlərlə bağlı dəyərli tövsiyələr verib. Azərbaycan mediasındakı bütün sağlam jurnalistlər Prezident İlham Əliyevin bu tövsiyələrini birmənalı şəkildə qəbul edib və onları əsas prinsip kimi öz fəaliyyətlərində nəzərə alırlar.
Milli mətbuatın 142-ci ildönümü ərəfəsində 255 jurnalistin yeni mənzillərlə təmin olunduğunu vurğulayan Əli Həsənov bildirib ki, bu hadisənin sevincini onlardan daha çox bu nəcib təşəbbüsün müəllifi Azərbaycan Prezidenti İlham Əliyev yaşayıb.
Jurnalistlərin mənzillərlə təmin olunması ilə bağlı yaradılan komissiyanın bu istiqamətdə son dərəcə gərgin rejimdə fəaliyyət göstərdiyini qeyd edən Prezidentin köməkçisi cəmiyyətdə komissiyanın işinə, bu nəcib aksiyanın üzərinə kölgə salmağa cəhd edən bəzi qüvvələrin və şəxslərin olmasını təəssüf hissi ilə qeyd edərək deyib: “Əlbəttə, fəal jurnalistlər onların cavablarını verirlər. Əminəm ki, hətta bu işdə passiv olanlar da gec-tez öz haqqını müdafiə etməyin gərəkliliyini dərk edib, o siyahıya təsadüfi olaraq düşmədiklərini həmin insanların diqqətinə çatdıracaqlar. Sizin haqqınızı danmaq istəyən insanlar dövləti, komissiyanı aldatmağa cəhdlər ediblər. Mənzillə təmin olunanlar barəsində haqsız danışanların arasında ev almaq üçün öz mənzilini başqalarının adına keçirənlər, jurnalist stajlarını saxta şəkildə artıranlar, hətta 12-13 yaşlarından peşəkar jurnalist fəaliyyəti ilə məşğul olduqları barədə əmək kitabçasına staj yazdıranlar da var. Bu nəcib aksiyanın üzərinə kölgə salmağa çalışanlar, bax, belə insanlardır”.
Mənzillərin bölgüsü zamanı Azərbaycan jurnalistikasında əməyi olan veteran jurnalistlərin də diqqətə alındığını xatırladan Prezidentin köməkçisi deyib: “Təəssüf ki, bir sıra veteran jurnalistlərə, bu gün fəaliyyət göstərən və ehtiyacı olanlara mənzil ayıra bilmədik. Onlar növbəti binada mənzillə təmin olunacaqlar”.
Azərbaycan mətbuatının yaranmasının 142-ci ildönümünün əlamətdar hadisələrlə müşayiət olunduğunu qeyd edən Əli Həsənov deyib: “Prezident İlham Əliyev jurnalistlər üçün üçüncü binanın təməlini qoydu. Həmin binanın inşasının başa çatdırılması üçün dövlətimizin başçısı maksimum üç il vaxt verdi. Çalışacağıq ki, həmin bina iki ilə hazır olsun. Əgər bu, mümkün olmasa, bina 2020-ci ildə istifadəyə veriləcək”.
Azərbaycanda əsaslı iqtisadi islahatların aparılması, qeyri-neft sektorunun inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, yoxsulluğun, işsizliyin tamamilə aradan qaldırılması istiqamətlərində Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı fəaliyyətin həyata keçirildiyini bildirən Əli Həsənov deyib: “Azərbaycan dövlətinin sosial sahədə nəzərdə tutduğu proqramların, layihələrin heç biri təxirə salınmayıb. Son dövrdə qaçqınların və məcburi köçkünlərin problemlərinin həllində Birinci vitse-prezident xanım Mehriban Əliyeva başda olmaqla ciddi fəaliyyət həyata keçirilir. Ümumiyyətlə, son dövrdə ölkəmizdə həyata keçirilən təşəbbüslər Azərbaycan mediası tərəfindən birmənalı şəkildə müsbət qarşılanır, dəstəklənir. Azərbaycan Prezidentinin siyasətinin təməlində Azərbaycan xalqı dayanır. Azərbaycan dövləti xalqın iradəsinə söykənərək bütün sahələr üzrə uğurlu fəaliyyət həyata keçirir. Əminik ki, bunun nəticəsində xalqımız daim əmin-amanlıq şəraitində yaşayacaq”.
Çıxışlardan sonra fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib.
Tədbirdə, həmçinin müxtəlif KİV-lərin təmsilçilərinə və dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərlərinə “Bakcell” şirkətinin, eləcə də ölkəmizdə mətbuatın inkişafında və Azərbaycanın təbliğində xidmətlərinə görə bir qrup şəxsə “PaşaBank”ın adından hədiyyələr təqdim olunub.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Azərbaycan mətbuatına göstərdiyi yüksək diqqət və qayğıya, jurnalistlərin fəaliyyətinə verilən qiymətə görə Prezident İlham Əliyevə KİV nümayəndələri adından minnətdarlığını bildirib. Mərasim konsert proqramı ilə davam edib.

Digər xəbərlər