Binəqədidə növbəti məlumat saatı keçirilib

Bu gün Binəqədi Rayon İcra Hakimiyyətində “Strateji Yol Xəritəsi: Azərbaycan iqtisadiyyatında makroiqtisadi sabitliyin təmin edilməsi. Davamlı iqtisadi inkişafa keçid” mövzusunda “Məlumat saatı” keçirilib.Binəqədi RİH-dən SİA-ya verilən məlumata görə, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru Rasim Nəbiyev, RİH başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, rayon bələdiyyələri, rayon icra nümayəndəlikləri, rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov və əməkdaşları, ASAN Könüllülər və YAP Binəqədi rayon təşkilatının gənc fəalları iştirak ediblər.Tədbirdə giriş sözü ilə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov məlumat saatının proqramı haqqında məlumat verib. Sonra Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev çıxış edərək Bilik Fondunun fəaliyyəti haqqında geniş məlumat verib. Natiq qeyd edib ki, Bilik Fondu ölkə rəhbərinin apardığı uğurlu siyasəti yerlərdə təbliğ etmək və maarifləndirmə işləri aparmaq missiyasını qarşıya əsas hədəf qoyub.Sonra Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru Rasim Nəbiyev “Strateji Yol Xəritəsi: Azərbaycan iqtisadiyyatında makroiqtisadi sabitliyin təmin edilməsi. Davamlı iqtisadi inkişafa keçid” mövzusunda məruzə ilə çıxış edib. Natiq vurğulayıb ki, Əsası Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş, uzunmüddətli dövr üçün düşünülmüş iqtisadi siyasət ölkədə makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf üçün əsaslı zəmin yaradıb. Nəticədə geniş sahibkarlar təbəqəsi formalaşıb, ölkənin sosial-iqtisadi inkişafında özəl sektorun rolu daha da artmış və ümumdünya iqtisadi sisteminə inteqrasiya sahəsində mühüm nailiyyətlər əldə olunub.Davamlı iqtisadi islahatlar çərçivəsində bu siyasət qlobal iqtisadi çağırışlara uyğun müasir konseptual yanaşmalarla daha da təkmilləşdirilmiş, strateji məqsədlərə uyğun sərbəst bazar münasibətlərinin və özünüinkişaf qabiliyyətinə malik sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması təmin edilib. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanılıb, qeyri-neft sahələrinin və bütövlükdə regionların tarazlı inkişafı sürətlənib, strateji valyuta ehtiyatlarından səmərəli istifadə təmin olunub, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əlverişli biznes və investisiya mühiti formalaşıb, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşıb. Məhz bu səbəbdən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutularaq, ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların gerçəkləşdirilməsini təmin etmək məqsədilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli 1897 nömrəli sərəncamı imzalanıb.Mühazirədən sonra məlumat saatı mövzu əsasında müzakirələrlə yekunlaşıb. Bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə əməkdaşlıq çərçivəsində bu cür müxtəlif mövzularda mühazirələr davamlı keçiriləcək.

sia.az