Siyasət

  • 4 190

İlham Əliyev: “Biz ölkəmiz üçün ənənəvi olan kənd təsərrüfatı sahələrini bərpa edirik”

image

Prezident İlham Əliyev Balakən, Zaqatala və Qax rayonlarına səfər edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Balakən rayonuna səfərə gəlib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoydu.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Prezident İlham Əliyevə parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi. Bildirildi ki, bu park həm rayon sakinlərinin, həm də qonaqların asudə vaxtlarını səmərəli keçirmək üçün üz tutduqları gözəl məkanlardan biridir. Burada istirahət üçün hər cür şərait yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Balakən Su Elektrik Stansiyasının açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, son illər ölkə iqtisadiyyatının bütün sahələri kimi elektroenergetika sistemi də ən müasir tələblər səviyyəsində yenidən qurulub, bu istiqamətdə köklü dəyişikliklər aparılıb. İcra edilən layihələr arasında yeni su elektrik stansiyalarının inşası, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması xüsusi əhəmiyyət daşıyır. Balakəndə yeni inşa edilən Su Elektrik Stansiyası da bu baxımdan böyük rol oynayır. Bu cür layihələrin icrası bölgələrin enerji təminatının gücləndirilməsində mühüm rol oynayır, eyni zamanda, regionların inkişafına təkan verməklə, əlavə iş yerlərinin açılmasına səbəb olur.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına stansiya barədə məlumat verdi.
Bildirildi ki, Balakən çayı üzərində tikilmiş və ümumi gücü 1,5 meqavat olan bu stansiyanın təməlini Prezident İlham Əliyev 2010-cu ildə qoyub. Stansiya texniki göstəricilərinə görə olduqca səmərəli və müasirdir. Layihə çərçivəsində burada hündürlüyü 5,6 metr olan bənd tikilib. Bəndin maksimum eni 28, qaşının eni isə 4 metr təşkil edir. Burada saniyədə 63 kubmetr suburaxma qabiliyyəti olan sutullayıcı, saniyədə 23 kubmetr suburaxma qabiliyyəti olan suqəbuledici yaradılıb. Stansiyanın inşası zamanı uzunluğu 2 min metr, diametri isə 1550 millimetr olan boru, 10 və 0,4 kilovoltluq yarımstansiya və elektrik verilişi xətləri çəkilib, hər birinin gücü 0,5 meqavat olan üç hidroturbin və hidrogenerator quraşdırılıb. Bundan başqa, ərazidə turbin zalı və stansiyanın idarəetmə binası da inşa edilib.
Qeyd edildi ki, bu layihə olduqca əhəmiyyətlidir. İldə 10 milyon kilovat-saat elektrik enerjisi istehsalı gücünə malik stansiya rayonun tələbatının 15 faizini, Balakən şəhərinin tələbatının isə 25-30 faizini ödəyəcək. Dövlətimizin başçısı Balakən Su Elektrik Stansiyasını işə saldı.
Avqustun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balakən şəhərində inşa olunan Bayraq Muzeyinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Balakən Bayraq Muzeyinin rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısı muzeylə tanış oldu. Məlumat verildi ki, muzeyin tikintisinə 2017-ci ilin fevralında başlanılıb və bu ilin iyulunda başa çatdırılıb. Balakən Rayon İcra Hakimiyyətinin sifarişi əsasında inşa edilən muzey binasının ümumi sahəsi 510 kvadratmetrdir.
Binada zallar və konfrans otağı yaradılıb. Ekspozisiya zalında maraqlı eksponatlar sərgilənir. Burada müxtəlif dövrlərdə Azərbaycanda atribut kimi qəbul edilmiş bayraqlar, gerblər, o cümlədən Nuxa, Yelizavetpol, Naxçıvan, Quba, Şuşa, Şamaxı, Lənkəran, Zaqatala qəzalarının və Bakı quberniyasının, Azərbaycan SSR-in, Azərbaycan İctimai Şuralar Cəmiyyətinin və müstəqil Azərbaycanın gerbinin fotoları nümayiş etdirilir. Muzeydə Azərbaycanın Səfəvilər, Ağqoyunlular, Qaraqoyunlular və Eldəgizlər dövlətləri dövründəki, həmçinin 1918-1920-ci illərdəki və 1991-ci ildəki xəritələri də var. Güc strukturlarının geyimlərinin, tarixin müxtəlif dövrlərində ölkəmizdə istifadə edilən sikkələrin, pulların nümayiş olunduğu ekspozisiyalar da maraq doğurur. Bu cür layihələrin həyata keçirilməsi, həmçinin milli atributlarımızın tarixi və onların gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi. Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən bu il istifadəyə verilməsi nəzərdə tutulan və kəndlərarası 40 avtomobil yolu layihələrindən biri olan Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun uzunluğu 24,5 kilometr, eni isə 10 metrdir. Avtomobil yolu texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə inşa edilib. Prezident İlham Əliyev yeni yolun rəmzi açılışını bildirən lenti kəsdi. Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Balakəndə “ABAD Mərkəz”in açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev əvvəlcə rayonun Katex kəndində yerləşən “Balxurma” müəssisəsinin 2016-2017-ci illər üzrə fəaliyyəti və gələcək planları ilə bağlı məlumatları əks etdirən stendlərə baxdı. Qeyd edildi ki, “Balxurma” müəssisəsinin işçilərinin sayı 15 nəfərdən 85 nəfərə çatdırılacaq. İlkin 5 milyon manat kapital qoyulan müəssisəyə əlavə olaraq 12 milyon manat investisiya cəlb ediləcək. Məhsul daxili bazardan əlavə MDB, Avropa və ərəb ölkələrinə ixrac olunacaq.
“Balxurma” müəssisəsinin gələcək planlarına yeni korpusların tikintisi, gündəlik istehsal sayının 45 min ədəd xurmadan 150 min ədəd xurmaya, iş yerlərinin sayının isə 200 nəfərə çatdırılması daxildir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov “ABAD” layihəsi çərçivəsində görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi. Son illərdə ölkəmizdə kiçik ailə biznesinin və təsərrüfatlarının inkişafını təşviq etmək və regional inkişafa töhfə vermək məqsədilə icra olunan layihələr arasında “ABAD” layihəsinin xüsusi yeri var. “ABAD” Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən və 2016-cı il sentyabrın 23-də yaradılan publik hüquqi şəxsdir. O, Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunmasına dəstək verməyi nəzərdə tutan yeni sosial innovasiya konsepsiyasıdır. Layihənin məqsədi kiçik və orta sahibkarlığın inkişafına, məşğulluq səviyyəsinin artırılmasına, rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına, ölkədə regionların və kənd təsərrüfatının inkişafına dəstək verməkdir. Qeyri-kommersiya və sosialyönümlü qurum olan “ABAD” yeganə ictimai təşkilatdır ki, ailə təsərrüfatının “ideyadan rəflərə” daşınmasına kömək edir. “ABAD” istehsalın planlaşdırılmasından məhsulların satışına qədər olan bütün biznes prosesinin idarə edilməsini həyata keçirir, yığılan gəlirin ailələrə köçürülməsini təmin edir. Ailələr öz bizneslərini qurmaq üçün ictimai və özəl qurumlarla birbaşa qarşılıqlı əlaqə saxlamır. Bu funksiya “ABAD” tərəfindən həyata keçirilir. “ABAD” ailələr üçün bacarıqların inkişaf etdirilməsi təlimləri də təşkil edir, “vahid pəncərə” prinsipindən istifadə edərək ailə məhsullarının sertifikatlaşdırılmasını təmin edir. Layihənin mütəxəssisləri ailələrə bazaryönümlü qablaşdırma həlləri və məhsulların dizaynı ilə bağlı kömək göstərirlər, supermarket şəbəkəsində ailə məhsullarının satışını, habelə onların daşınması və saxlanmasını idarə edirlər. “ABAD” əl işlərinin satışını öz İncəsənət mərkəzlərində təşkil edir. Bu ilin martında İçərişəhərdə “ABAD”ın ilk İncəsənət Mərkəzi açılıb. İyunda isə ikinci İncəsənət Mərkəzi Heydər Əliyev Beynəlxalq Aeroportunda istifadəyə verilib. Balakəndə “ABAD Mərkəz”in yaradılması da olduqca önəmlidir. Prezident İlham Əliyev “ABAD” layihəsi çərçivəsində Balakəndə və digər rayonlarda istehsal edilən məhsullara baxdı.
Balakən rayonundan əl işləri hazırlayan dörd sənətkar “ABAD” layihəsinin iştirakçısıdır. Ümumilikdə Balakənin və qonşu rayonların potensialını, layihəyə olan marağı, bu səbəbdən də artan iş həcmini nəzərə alaraq, Balakəndə regional “ABAD Mərkəz”in təsis edilməsi məqsədəuyğun hesab olunub. Burada layihə çərçivəsində 280 kvadratmetrə yaxın sahəsi olan ikimərtəbəli inzibati bina inşa edilib. Binadakı iş otaqları zəruri avadanlıqla təchiz olunub. Burada, həmçinin təqdimat və görüş zalları, laboratoriya da fəaliyyət göstərəcək. Binada ümumi sahəsi 640 kvadratmetrdən çox olan müxtəlif temperaturlu anbar kompleksi də yaradılıb. “ABAD Mərkəz” ilə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Tədbir iştirakçılarını salamlayan dövlətimizin başçısı çıxış edib. Prezident İlham Əliyev öz çıxışında diqqətə çatdırıb ki, Azərbaycan dövləti Balakən rayonunun inkişafına çox böyük diqqət göstərir. Bu diqqət və qayğı nəticəsində Balakən rayonunda işlər yaxşı gedir, rayon inkişaf edir, bir çox önəmli sosial, iqtisadi layihələr, biznes, infrastruktur layihələri icra edilir. Bir sözlə, Balakəndə hərtərəfli inkişaf təmin olunur və əlbəttə ki, gələcək illərdə bu inkişaf daha da sürətlə gedəcək:
“Bu günə qədər rayonda bir çox önəmli sosial layihələrin icrası təmin edilmişdir. Bölgələrimizdə ən böyük xəstəxanalardan biri Balakəndə bir neçə il bundan əvvəl tikilmişdir, təxminən 200 çarpayılıq gözəl xəstəxanadır. Olimpiya Mərkəzi, Gənclər Evi, digər sosial obyektlər inşa olunmuşdur, məktəb tikintisi sürətlə gedir. Mənə verilən məlumata görə, 26 yeni məktəb tikilib, bir neçə məktəb təmir edilib. Yəni, bu, çox önəmli sosial sahədir və bu sahə çox böyük vəsait tələb edir, Azərbaycan dövləti bu vəsaiti təmin edir.
Balakən rayonunda qazlaşdırma 100 faiz səviyyəsindədir. Biz hələ ki, heç ölkə üzrə bu səviyyəyə çatmamışıq. Ölkə üzrə qazlaşdırmanın səviyyəsi 93 faizdir, Balakəndə isə 100 faiz. Elektrik enerjisi ilə bağlı problemlər həllini tapır, kənd yolları salınır. Biz artıq bu gün növbəti kənd yolu layihəsinin açılışını qeyd etdik. Növbəti illərdə digər kəndlərə də yollar salınacaq.
Siz yaxşı bilirsiniz ki, zəlzələdən sonra Azərbaycan dövləti zərərçəkmiş vətəndaşlara öz maddi yardımını göstərdi, 7 mindən çox fərdi ev ancaq Balakən rayonunda dövlət hesabına tikilmişdir, 2 mindən çox ev əsaslı təmir edilmişdir. Yəni, bu, hesab edirəm ki, bir göstəricidir. Çünki ağır vəziyyətə düşən soydaşlarımızın problemlərinin həlli üçün dövlət öz dəstəyini əsirgəmədi və bu gün Balakən rayonunda sosial-iqtisadi inkişaf yaxşı səviyyədədir. “ABAD Mərkəz”in yaradılması da bunun bariz nümunəsidir. Bu, sayca ikinci “ABAD Mərkəz”dir. Birincisi Masallıda yaradılıb, ikinci isə Balakən rayonunda. Bu mərkəzin fəaliyyəti nəticəsində minlərlə insan işlə təmin olunacaq, özünüməşğulluq proqramı sürətlə icra ediləcək. Mən bu barədə artıq bütün müvafiq tapşırıqları vermişəm ki, növbəti illərdə özünüməşğulluq proqramı Azərbaycanda geniş vüsət almalıdır, dövlət isə, öz növbəsində, bu şəraiti yaradır. Mənə verilən məlumata görə, Balakən rayonunda vətəndaşlara 12 konteyner təqdim edilib və o konteynerlərdə indi artıq məhsul istehsal olunur. Bax, bu mürəbbələr sizin məhsulunuzdur, gözəl qablaşdırılıb və həm daxili bazara çıxarılır, həm də xarici bazarlara çıxarılacaq.
İndi siz yaxşı bilirsiniz ki, biz ölkəmiz üçün ənənəvi olan kənd təsərrüfatı sahələrini bərpa edirik. Bu bölgənin imkanları, iqlim şəraiti və ənənələri nəzərə alınır. Bölgədə çox geniş vüsət alan sahələr fındıqçılıqla, baramaçılıqla, tütünçülüklə bağlıdır. Siz - burada yaşayan insanlar yaxşı görürsünüz ki, son bir-iki il ərzində bu sahədə çox böyük artım var və bu, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına birbaşa müsbət təsir göstərir. Bir il ərzində Balakən rayonunda 2 min 200 hektarda yeni fındıq bağları salınıb və bağların sahəsi 7 min hektara çatıbdır. Ancaq növbəti illərdə əlavə minimum 3 min hektarda fındıq bağları salınacaq və bütün bunlar dövlət hesabına olan məsələlərdir. Yəni, dövlət lazım olan tingləri gətirir, suvarma işlərini təşkil edir, kəndlilərə şərait yaradır ki, onlar bu ağaclara qulluq edərək öz maddi vəziyyətlərini daha da yaxşılaşdırsınlar və xaricə valyuta gətirən məhsullar çıxara bilsinlər.
Buna görə növbəti illərdə bu bölgənin - həm Balakən rayonunun, həm qonşu rayonların ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı üçün daha da ciddi addımlar atılacaqdır. Balakən rayonunda hər dəfə olarkən burada gedən quruculuq, abadlıq işləri məni çox sevindirir. Məni daha çox sevindirən odur ki, Balakən rayonunda yaşayan insanlar Vətənə bağlı insanlardır, vətənpərvər insanlardır. Azərbaycanda əsrlər boyu yaşayan bir çox xalqların nümayəndələri Balakən rayonunda bir ailə kimi, dostluq, qardaşlıq, mehribanlıq şəraitində yaşayır və bu, bizim böyük sərvətimizdir. Azərbaycanda milli və dini zəmində mövcud olan çox gözəl vəziyyət bir çox ölkələr üçün də maraq doğurur və indi bizim təcrübəmiz öyrənilir. Bizim siyasətimiz isə çox aydındır, açıqdır, Azərbaycan ölkəmizdə yaşayan bütün xalqların doğma vətənidir. Bizim həmrəyliyimiz, milli müxtəlifliyimiz böyük sərvətimizdir.” Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Zaqatala rayonuna səfərə gəlib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında dahi şəxsiyyətin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu. Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Prezident İlham Əliyevə abidənin ətrafında və parkda görülən işlər barədə məlumat verdi. Bildirildi ki, parkda geniş abadlıq işləri görülüb, sakinlərin səmərəli istirahəti üçün hərtərəfli şərait yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Zaqatalada “Azərtütün” MMC-nin tütün emalı zavodunun fəaliyyəti ilə tanış oldu. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyası (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və “Azərtütün” MMC-nin idarə heyətinin sədri Fazil Rüstəmov dövlətimizin başçısına zavod barədə ətraflı məlumat verdilər. Bildirildi ki, müəssisənin illik gücü bir növbədə 3300-3600 tondur. “Azərtütün” MMC 2007-ci ildə təsis edilib. Cəmiyyətin bu zavodu isə 2010-cu ildə istifadəyə verilib. Zavod ABŞ, İtaliya və Bolqarıstan istehsalı olan müasir avadanlıqlarla təchiz olunub. Hazırda Zaqatala, Şəki və Qax rayonlarında Bolqarıstandan alınmış hər birinin tutumu 10 ton yaş tütün olan cəmi 180 tütünqurutma kamerasından ibarət 3 tütün qəbulu-qurudulması məntəqəsi fəaliyyət göstərir. Hər məntəqə mövsüm ərzində 10 min ton yaş tütün qəbulu və 1000 tona yaxın quru tütün əldə etmək gücünə malikdir. Məntəqələrdə qurudulmuş tütün emal olunmaq üçün “Azərtütün” MMC-nin tütün emalı zavoduna təhvil verilir. Hər bir məntəqədə 90 nəfər çalışır ki, onların da 25 nəfəri daimi işçidir. Müəssisə ilə tanışlıqdan sonra xatirə şəkli çəkdirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Zaqatalada “AzRose” MMC-nin tikintisi davam edən qızılgül yağı istehsalı müəssisəsi ilə tanış olub. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına müəssisə barədə məlumat verildi. Bildirildi ki, müəssisənin ümumi ərazisi 3 hektardır. Burada istehsalat bölməsi, anbar, ofis və digər infrastruktur obyektləri tikilib. Ərazidə suvarma məqsədləri üçün su tutumu 5 min kubmetr olan süni göl yaradılıb, damcı suvarma sistemi qurulub, kənd təsərrüfatı texnikaları alınıb, Türkiyədən bu sahədə təcrübəli aqronomlar dəvət edilib. Ərazidə 3 artezian quyusu qazılıb, qaz və elektrik xətləri çəkilib, müasir işıqlandırma sistemi qurulub və yaşıllıq zolaqları salınıb.
Diqqətə çatdırılıb ki, 2016-cı ilin oktyabr-noyabr aylarında Türkiyədən və Bolqarıstandan dəvət olunmuş mütəxəssislərin tövsiyələri əsasında Zaqatala rayonunun Aşağı Tala kəndində gülçülüyün inkişaf etdirilməsi məqsədilə 107 hektar torpaq sahəsi müəyyənləşdirilib. Bolqarıstandan gətirilmiş tinglərdən 82 hektarda “Dəməşq qızılgülü” və 25 hektarda “Lavanda” gülü növləri üzrə gül plantasiyaları salınıb. Bu plantasiyalarda ilkin mərhələdə təxminən 600 ton gül ləçəyinin toplanması nəzərdə tutulub. “Dəməşq qızılgülü”ndən istehsal olunan yağ həm məhsuldarlığına, həm də keyfiyyətinə görə ən yaxşısı hesab olunur. Bolqarıstandan gətirilmiş “Lavanda” gülü növünün Fransa və Türkiyə “Lavanda” növlərindən yağlılıq dərəcəsi 20 faiz çoxdur. İllik gücü 1250 ton yaş gül, 250 litr qızıl gül və 6 min litr “Lavanda” gül yağı olan müəssisədə istehsal edilən yağlar “AzRose” adı ilə bazarlara çıxarılacaq. Azərbaycan Prezidenti İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşüb. Dövlətimizin başçısı görüşdə çıxış edib:
“Mən sizi ürəkdən salamlayıram. Zaqatala rayonunda yeni kənd təsərrüfatı və emal sənayesi sahəsi yaradılıb. Mən buna çox şadam. Çox yaxşı inkişaf göstəricisidir. Çünki Azərbaycanın hər bir bölgəsi, hər bir sahəsi uğurla inkişaf etməlidir. Ölkəmizdə qızılgül istehsalı, xüsusilə Zaqatala rayonunda qızılgül yağının istehsalı əsrlər boyu inkişaf edib. Sovet dövründə bu sahəyə böyük diqqət göstərilmişdir.
Ondan sonrakı illərdə nədənsə bu sahəyə o qədər də böyük diqqət göstərilmirdi. İndi mənim göstərişimlə bu sahə bərpa edilir. Yeni müasir müəssisə tikilir, yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Yüz hektardan çox sahədə qızılgül əkilibdir. Burada istehsal olunacaq qızılgül yağı həm daxili bazara, həm də xarici bazarlara ixrac ediləcək. Beləliklə, mənə verilən məlumata görə, artıq burada yüzlərlə insan işlə təmin edilib. 500-dən çox daimi və mövsümi iş yeri yaradılıb. Burada işləyənlər yaxşı maaş alacaqlar və ölkəmizə xeyir gətirəcəklər. Çünki indi əsas vəzifəmiz təbii imkanlarımızdan, iqlim şəraitimizdən istifadə edərək maksimum dərəcədə kənd təsərrüfatını inkişaf etdirməkdir.
Zaqatala rayonunda və qonşu rayonlarda hazırda çox sürətli inkişaf gedir. Ənənəvi kənd təsərrüfatı sahələri bərpa edilir, o cümlədən tütünçülük, baramaçılıq, fındıqçılıq geniş vüsət alıb. Biz gələcək illərdə dövlət proqramlarının qəbulu və icrası nəticəsində əkin sahələrini böyük dərəcədə artıracağıq və beləliklə, çox güclü kənd təsərrüfatı potensialı yaradılacaqdır. Qızılgül yağı isə bizim üçün ənənəvi olan sahədir. Mütəxəssislərin rəyinə görə, bu yağı istehsal etmək üçün ən münbit şərait, torpaq, iqlim məhz Zaqatala rayonundadır. Ona görə, bu gözəl yeni müəssisə burada yaradılıb. Görürəm ki, artıq böyük sahədə qızılgül kolları əkilib. Əminəm ki, siz - burada işləyənlər yaxşı çalışacaqsınız, həm özünüz, həm dövlət üçün xeyir gətirəcəksiniz.”
X X X
Rayon ictimaiyyətinin nümayəndələri adından çıxış edən İlhamə Mehdiyeva göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Sonra Prezident İlham Əliyev qızılgül sahələrinə baxdı. Sonda xatirə şəkli çəkdirildi.
Avqustun 3-də Zaqatalada 110/35/10 kV-luq “Bəhmətli” elektrik yarımstansiyasının açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev dövlətimizin başçısına yarımstansiyanın texniki göstəriciləri barədə məlumat verdi. Stansiyanın ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıqlar salınıb.
Stansiyanın binasında ümummilli lider Heydər Əliyevin həm sovet dövrü, həm də müstəqillik illərində Azərbaycanda elektroenergetika sahəsinin inkişafındakı xidmətlərindən bəhs edən fotostend yaradılıb. Binada işçilərin yüksək səviyyədə fəaliyyəti üçün otaqlar bütün zəruri avadanlıqla təchiz edilib.
Bu yarımstansiya Zaqatala rayonunun elektrik təchizatının yaxşılaşdırılması, rayonun elektrik enerjisi verilişində yaranan fasilələrin qarşısının alınması məqsədi ilə tikilib. Əvvəllər 110 kV-luq 2-ci Zaqatala hava xəttindən budaqlanma vasitəsilə qidalanan 1x6,3 MVA gücündə olan “Bəhmətli” yarımstansiyası Bəhmətli və digər kəndləri elektrik enerjisi ilə təmin edərkən ciddi problemlər yaşanırdı. Yarımstansiyanın bir transformatorla qidalanması elektrik enerjisinin verilişində fasilələrin yaranmasına səbəb olurdu. Bunu nəzərə alaraq, 110 kV-luq 2-ci Zaqatala hava xəttindən qidalanan 1 kilometr uzunluğunda birdövrəli “Bəhmətli” budaqlanması ikidövrəli budaqlanma xəttinə çevrilərək yenidən qurulub. Yarımstansiyada 2x10 MVA gücündə yeni transformatorlar quraşdırılıb. Eyni zamanda, yarımstansiyada 110 və 35 kV-luq açıq paylayıcı şəbəkə inşa edilib. Həmçinin yarımstansiyadan 35/10 kV-luq “Muğanlı” və 35/6 kV-luq “Qaraçay” yarımstansiyalarını qidalandıran 35 kV-luq Muğanlı hava xəttinin çıxışı kabellə əvəzlənib. Tam yenidən qurulan yarımstansiyadakı qurğularda müasir standartlara cavab verən elektrik avadanlıqları, elektron tipli rele mühafizə və avtomat sistemlər, yarımstansiyanın məsafədən idarə olunması üçün SCADA dispetçer sisteminə qoşulmasını təmin edən avadanlıqlar quraşdırılıb. Dövlətimizin başçısının müəyyənləşdirdiyi “İşıqlı Azərbaycan” layihəsinə uyğun olaraq “Azərişıq” ASC ölkənin bütün regionlarında olduğu kimi, şimal-qərb bölgəsində də istehlakçıların dayanıqlı, fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində genişmiqyaslı tikinti, yenidənqurma və bərpa işləri həyata keçirir. Zaqatalada inşa edilən 110/35/10 kV-luq “Bəhmətli” yarımstansiyası da bu istiqamətdə icra edilən layihələrdəndir. Sonra Prezident İlham Əliyev yarımstansiyanı işə saldı. Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Qax rayonuna səfərə gəlib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Qax şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev rayonda görülən işlər, həyata keçirilən layihələr barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, son illər rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb. Rayonda bir çox sosial infrastruktur obyektləri tikilib, kənd təsərrüfatı sahəsində istehsal müəssisələri yaradılıb.
Avqustun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qax rayonuna səfəri çərçivəsində Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı yolun texniki göstəricilərini əks etdirən stendlərə baxdı. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə məlumat verdi ki, rayonun Fıstıqlı, Marsan və Cüdüllü kəndlərinə gedən 7 kilometrlik giriş yolları ilə bərabər avtomobil yolunun ümumi uzunluğu 23,5 kilometrdir. Əvvəllər torpaq-çınqıl örtüklü olan iki hərəkət zolaqlı avtomobil yolu hazırda asfalt-beton örtüklüdür.
Layihəyə uyğun olaraq, yol genişləndirilərək 10 metr enində yeni yol yatağı inşa edilib. Yenidənqurma işləri zamanı Fıstıqlı, Marsan və Cüdüllü kəndlərinə gedən yolların üzərində yeni körpülər də inşa olunub. Körpülərin uzunluğu 9,5 və 24 metr təşkil edir. Hər iki körpünün eni isə 11 metrdir. Bundan başqa, yolboyu 102 metr uzunluğunda müxtəlif diametrli 9 suötürücü dəmir-beton borular quraşdırılıb. Layihə çərçivəsində yol boyunca 468 təhlükəsizlik dirəyi, 166 müxtəlif yol nişanı və 16 məlumatverici lövhə quraşdırılıb, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.
Prezident İlham Əliyevin 2016-cı il 22 avqust tarixli Sərəncamına əsasən inşa edilən Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolu 7 mindən çox əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir. Dövlətimizin başçısı yeni yolun rəmzi açılışını bildirən lenti kəsdi. Sonda xatirə şəkli çəkdirildi.
Avqustun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qax rayonuna səfəri çərçivəsində Lələpaşa kəndinin sakini Allahverdi Şirinovun fındıqçılıq təsərrüfatında yaradılan şəraitlə tanış olub. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına təsərrüfat barədə ətraflı məlumat verildi. Bildirildi ki, 3,4 hektar sahədə salınan bağda 130 fındıq ağacı var. Böyük məhsuldarlığın gözlənildiyi təsərrüfatda bu il 2 tondan çox məhsulun yığılması planlaşdırılır. Qeyd olundu ki, Qax rayonunda fındıqçılığın tarixi ənənələri var. Əhalinin böyük hissəsi bu təsərrüfatlarda çalışır. Son illər təkcə Tasmalı inzibati ərazi dairəsində 800 hektara yaxın sahədə fındıq bağları salınıb. Lələpaşa kəndində isə 150 hektar sahədə fındıq yetişdirilir.
Prezident İlham Əliyevin fındıqçılığın inkişafı ilə bağlı tapşırıqlarına əsasən həyata keçirilən tədbirlər nəticəsində bu sahədə böyük irəliləyişə nail olunub. Əhalidə ölkəyə ən çox valyuta gətirən strateji məhsullar arasında olan fındığın becərilməsinə maraq daha da artıb. Mövcud imkanlarla kifayətlənməyən şəxsi təsərrüfat sahibləri yeni fındıq bağlarının salınmasına, fındıq pöhrələrinin alınıb becərilməsinə xüsusi maraq göstərirlər. Bunun nəticəsidir ki, indi ərazidə 1,4 və 1,5 hektar sahədə yeni fındıq bağları salınıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Qax-Qorağan-Zaqatala avtomobil yolunun Qax-Qorağan hissəsinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı yolun texniki göstəricilərini əks etdirən stendlərə baxdı. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov məlumat verdi ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində inşa olunan Qax-Qorağan-Zaqatala avtomobil yolunun Qax-Qorağan hissəsinin əsaslı şəkildə yenidən qurulması uğurla və yüksək keyfiyyətlə aparılıb. Layihənin başlanğıcı Qorağan-Qax-Zaqatala avtomobil yolunun 14-cü kilometri, yəni, Qax şəhərinin girişi, sonu isə Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 125-ci kilometridir. Uzunluğu 29,8 kilometr olan yolun 8,6 kilometrlik hissəsində tikinti işləri tam yekunlaşdırılıb.
Diqqətə çatdırıldı ki, iki hərəkət zolaqlı yolda qazma və dolğu işləri, yeni yol yatağının və yol əsasının tikintisi yekunlaşdırılaraq asfalt döşənməsi işləri görülüb. Yol üzərində suötürücü borular tikilib, beton kanal və drenaj işləri görülüb, rabitə və su xətlərinin yerinin dəyişdirilməsi də yekunlaşdırılıb. Yol mühüm turizm marşrutuna daxil olmaqla yanaşı, əhatə dairəsinə, xüsusilə Qax və Zaqatala rayonlarının 37 min nəfərdən çox əhalisi olan 22 yaşayış məntəqəsinə nəqliyyat xidmətini yaxşılaşdırmağa imkan verəcək, həmçinin Qax və Zaqatala rayonları arasında hazırda mövcud olan yol məsafəsi xeyli qısalacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Qax rayonunda Bayraq Muzeyinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Bayraq Muzeyinin rəmzi açılışını bildirən lenti kəsdi.
Bildirildi ki, inşasına 2016-cı ildə başlanılan Bayraq Meydanı kompleksi istifadəyə tam hazırdır. Ərazisi üç hektar olan kompleksin inşası rayonun daxili imkanları hesabına həyata keçirilib. Azərbaycan Respublikasının dövlət bayrağı hündürlüyü 62 metr olan bayraq dirəyində dalğalanır. Geniş yaşıllaşdırma işlərinin görüldüyü kompleksdə müasir işıqlandırma sistemi quraşdırılıb. Bundan əlavə, bayraq meydanının ərazisində ümumi sahəsi 730 kvadratmetr olan muzey binası inşa edilib. Muzeydə milli bayrağımızın təbliği ilə bağlı xüsusi eksponatlar və dövlət atributları sərgilənir. Ekspozisiya zalında Azərbaycanda mövcud olmuş dövlətlərin bayraqlarına və bayraqla bağlı atributlara geniş yer verilib. Bu eksponatlar Azərbaycan dövlətçiliyinin keçdiyi tarixi yolu əks etdirməklə yanaşı, həm də gənc nəsil üçün xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə bağlı irəli sürdüyü təşəbbüslərə dəstək baxımından regionlarda həyata keçirilən bu cür layihələr bir daha əminlik yaradır ki, Azərbaycan dövlətçiliyi etibarlı əllərdədir və onun gələcəyi parlaqdır.
Avqustun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qax rayonuna səfəri çərçivəsində tütün qəbulu məntəqəsində yaradılan şəraitlə tanış olub. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, ölkəmizdə ixracyönümlü və ənənəvi sahələrin dirçəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində tütünçülüyün inkişaf etdirilməsi də qarşıya məqsəd qoyulub. Qax rayonu bu baxımdan böyük potensiala malik bölgələrimizdən biridir. Bu sahənin inkişafında Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” Sərəncamı böyük əhəmiyyət kəsb edir. Sərəncam ölkəmizdə tütünçülüyün inkişafına dövlət dəstəyini gücləndirmək, bu sahənin potensial imkanlarından səmərəli istifadə etmək, rəqabət qabiliyyətini yüksəltmək və tütün istehsalı ilə məşğul olan əhalinin sosial rifahını daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Bu da Azərbaycanda aqrar sektorun ən perspektivli sahələrindən olan tütünçülüyün inkişafı üçün atılan addımların təqdirəlayiq olduğunu göstərir. Təsadüfi deyil ki, dünyada gün ərzində satış dəyəri təxminən 4 milyard dollar olan tütün ticarətindən illik qazanc bir trilyon dollara çatır. Tütün dünya üzrə istifadə olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bir faizini təşkil etsə də, ən gəlirli sahələr arasında yer alır. Azərbaycanda da tütünçülüyün inkişafı üçün lazım olan bütün şərtlər mövcuddur. Bu sektorda həm böyük ənənə və təcrübə, həm keçmiş strukturdan qalma mütəxəssis bazası, emal fabrikləri, ucuz və yerli xammal əldə etmək və nəhayət, daxili və xarici bazara çıxış imkanları var.
Dövlətimizin başçısına məlumat verildi ki, sovet dövründə respublika üzrə tütün tədarükünün xeyli hissəsi Qax rayonunun payına düşürdü. Respublikada ən çox tütün tədarükü də həmin dövrə - 1986-cı ilə təsadüf edirdi. Hazırda yeni tütün təsərrüfatlarının salınması, tütünçülüyə dövlət qayğısının getdikcə artması bu sahədə çalışanlara stimul olub. Fermerlərlə bağlanan müqavilələrin sayı da bunu təsdiqləyir. Əgər ötən il fermerlər tərəfindən məntəqəyə 30 müraciət daxil olmuşdusa, indi bu göstərici 60-ı keçib. Bu il rayonda 6500-7000 ton yaşıl tütün tədarükü gözlənilir. Artıq məntəqədə tütün qəbuluna başlanıb.
Avqustun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qax rayonunda 110/35/10 kV-luq yeni elektrik yarımstansiyasının istifadəyə verilməsi mərasimində iştirak edib. Yarımstansiya barədə dövlətimizin başçısına məlumat verən “Azərışıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev bildirdi ki, “Azərışıq” tərəfindən regionlarda yeni elektrik stansiyalarının tikilib istifadəyə verilməsi əhalinin elektrik enerjisinə tələbatının ödənilməsində mühüm nailiyyətlərin əldə olunmasına geniş imkanlar açıb. Bu işlər Qax Elektrik Şəbəkəsinin xidməti ərazindəki yarımstansiyaları da əhatə edib və bütövlükdə rayonda genişmiqyaslı tədbirlər həyata keçirilib. İstehlakçıların elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq üçün şəhərin Qaxbaş adlanan hissəsində və İlisu kəndində yenidənqurma işləri aparılır. Bu istiqamətdə yeni müasir tipli komplekt transformator məntəqələri quraşdırılıb, 10 və 0,4 kV-luq şəbəkə yenidən qurulur. Həmçinin Qax şəhərinin Qaxbaşla yanaşı, Beynəlmiləl adlanan ərazisində 15 ədəd 10/0,4 kV-luq transformator məntəqəsinin 10-0,4 kV-luq şəbəkəsinin yenidənqurma işləri tamamlanmaq üzrədir. Həmin ərazidə 10 kV-luq İlisu, Qaxbaş, Beynəlmiləl hava xətlərində dayaqlar basdırılıb, naqillər və kabellər çəkilib. Rayonun İlisu, Güllük, Qorağan, I və II Şəhər, Qıpcaq, Qaxbaş, Qaşqaçay, Asfaltzavod, Tasmalı hava xətləri yenidən qurulub, müasir komplekt transformator məntəqələri quraşdırılıb, 0,4 kV-luq şəbəkə yenilənərək müasir kabellərlə əvəzlənib. Ümumilikdə son iki ildə Qax Elektrik Şəbəkəsinin xidməti ərazisində bir çox hava xətləri dəyişdirilib, köhnə tipli transformator məntəqələri 26 yeni komplekt transformator məntəqələri ilə əvəzlənib. Qax Elektrik Şəbəkəsində 2500-dən çox istismara yararsız sayğac dəyişdirilib, 926 yeni sayğac quraşdırılıb. Prezident İlham Əliyev yarımstansiyanı işə saldı. Qax, Zaqatala, Balakən, İsmayıllı, Qəbələ, Şəki, Sonda xatirə şəkli çəkdirildi.
Avqustun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaxda inşa olunmuş 180 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu. Məlumat verildi ki, uşaq bağçasının inşasına 2014-cü ilin iyulunda başlanılıb. Tikinti işləri ötən ay başa çatdırılıb. Ərazisi 2124 kvadratmetr olan bina üçmərtəbəlidir. Müxtəlif yaş qruplarının fəaliyyət göstərəcəyi bağçada uşaqların təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb. Dərs otaqlarının hamısı zəruri avadanlıq və əyani vasitələrlə təchiz olunub. Yataq otaqları uşaqların zövqünə uyğun qurulub. Bundan əlavə, idman zalı və yeməkxanada da yüksək şərait var.

Digər xəbərlər