Siyasət

  • 3 722

Azərbaycanda baramaçılıq kütləvi xarakter alacaq

image

Prezident İlham Əliyev: “Əgər bütün planlarımız həyatda öz əksini tapsa, biz 2025-ci ildə 6 min ton barama istehsal edə bilərik”
Dövlət səviyyəsində həyata keçirilən tədbirlər nəticəsində baramaçılıq sahəsinin də inkişaf edərək, əvvəlki şöhrətinə çatacağı gözlənilir. Nəzərə almaq lazımdır ki, baramaçılıq olduqca qədim tarixə malik gəlirli məşğulluq növlərindən biridir. Tarixi mənbələrə görə, tut ipəkqurdundan ipəyin alınması, hələ eramızdan əvvəl XXVII əsrlərdə məlum olub. Arxeoloji qazıntılar bu sənətin, hətta eramızdan 5 min il əvvəl mövcud olduğunu da göstərir. Baramaqurdu əsasında ipəkçilik qədim zamanlardan Çin, Yaponiya, Cənubi Koreya, Hindistan, İran, Türkiyə, Orta Asiya və Cənubi Qafqaz ölkələrində, həmçinin, digər ərazilərdə inkişaf edib. VII əsrdən ipəkçilik Azərbaycanda inkişaf etməyə başlayıb. Bunun üçün Azərbaycan ərazisinin səth quruluşu, əlverişli iqlim şəraiti, xüsusən, bol günəş işığı, tarixi əmək vərdişləri, tut ağaclarının yetişdirilməsi üçün əlverişli şərait imkan verirdi. XI-XII əsrlərdə Bərdə, Şamaxı, Gəncə, Şəki və digər şəhərlərdə fəaliyyət göstərən ipək istehsalı müəssisələri kəmiyyət və keyfiyyətlərinə görə bütün dünyada şöhrət qazanıb.
1970-ci ildə Azərbaycanda barama istehsalı 3700 ton səviyyəsində olub. Cəmi 10 il ərzində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında bu rəqəm 5 min tona çatmışdı. Əfsuslar olsun ki, 1991-ci ildən sonra barama istehsalı kəskin şəkildə aşağı düşmüşdü. 2015-ci ildə cəmi 200 kiloqramdan bir qədər çox barama tədarük edilmişdi. Operativ tədbirlər nəticəsində, 2 il ərzində, bu rəqəm 244 tona çatdırılıb.
Hal-hazırda Azərbaycanda 30 rayonda barama istehsal olunur. Barama istehsalına görə birinci yerdə Zərdab rayonudur - 27 ton. Ondan sonra Füzuli 24, Zaqa- tala 21, Şəki 18, Ağcabədi təxminən 17, Ağdam 13, Bərdə 12,5, Qax 12,5, Kürdəmir 11,5, Balakən 11 ton.
Göründüyü kimi, ilk 10 rayonda yüksək məhsuldarlıq əldə olunub və əlbəttə ki, potensial da böyükdür. Hazırda isə 3 min kümçü ailəsi baramaçılıqla məşğuldur. Bu baxımdan, dövlət hər şeyi öz üzərinə götürüb, kümçülərə materiallar və subsidiyalar verilir, “Şəki İpək” bütün baramanı qəbul edir.
Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi tapşırıqlara əsasən, gələn il 500 ton barama tədarük edilə bilər: “Əkilən və əkiləcək ağacları nəzərə alsaq, biz 2019-cu ildə ən azı 1000 ton səviyyəsinə qalxa bilərik. Əgər bütün planlarımız həyatda öz əksini tapsa, biz 2025-ci ildə 6 min ton barama istehsal edə bilərik. Beləliklə, sovet vaxtının ən yüksək səviyyəsinə qalxıb, hətta onu keçə də bilərik. Real imkanlar var. Kütləvi şəkildə ağaclar əkilir. Bizdə iki il bundan əvvəl, təqribən 300 mindən bir qədər çox tut ağacı var idi. Son 1-2 il ərzində isə onların sayı 2 milyon 200 minə çatdı. Bütün tinglər dövlət tərəfindən alınır, özü də xaricdən, valyuta ödənilir, baramaqurdu toxumları da gətirilir və ağacəkmə prosesi kütləvi xarakter alıbdır. Dövlət yenə də əsas yükü öz üzərinə götürür və tapşırıq verilmişdir ki, gələn dörd il ərzində əlavə 8 milyon tut tingi əkilsin. İndi bizim 2 milyon 200 min ağacımız var, 8 milyon əlavə əkiləcək”.
Baramaçılığın inkişafı üçün bu il əlavə tədbirlər görülüb. Vaxtilə Qax rayonunda damazlıq stansiyası fəaliyyət göstərirdi. Prezidentin Ehtiyat Fondundan 4,5 milyon manat ayrıldı ki, tezliklə Qax Damazlıq İpəkçilik Stansiyası yenidən qurulsun, ən yüksək avadanlıqla təchiz edilsin və artıq xarici bazarlardan asılılıq aradan götürülsün. “Bizə lazım olan bütün materiallar artıq Azərbaycanda yetişdiriləcək və bu sahəni müstəqil şəkildə inkişaf etdirmək üçün bizdə yaxşı imkanlar olacaqdır” - deyən Prezident İlham Əliyev qeyd edib ki, baramaçılıqda bütün qəbul məntəqələri tezliklə yaradılmalıdır: “Qoy təkliflər versinlər, dövlət bunu öz üzərinə götürməyə hazırdır, hesablasınlar nə qədər vəsait, investisiya lazımdır, başqa hansı işlər görülməlidir. Hesab edirəm ki, bu il və gələn il bütün bölgələrdə qəbul məntəqələri yaradılmalıdır. “Şəki İpəy”in fəaliyyəti daha da genişləndirilməlidir. Məndə olan məlumat ondan ibarətdir ki, hazırda “Şəki İpəy”in istehsal gücü ildə 135 ton xam ipəkdir. Əgər biz öz hədəfimizə çatsaq və 6 min ton barama tədarük olunsa, 6 min ton yaş baramadan 600 tondan çox xam ipək alınacaqdır. İndi isə istehsal gücü 135 tondur. Bu, onu deməyə əsas verir ki, ilk addım olaraq “Şəki İpəy”in imkanları genişləndirilməlidir. Baxmaq lazımdır, əgər dövlət vəsaiti lazımdırsa, biz bunu ayırmağa hazırıq ki, tezliklə kombinatın istehsal gücü artsın və təqribən 3 min ton yaş baramanı emal edə bilsin. Çünki bizdə olan məlumata görə, bu rəqəmə sürətlə çatacağıq. Hazırda “Şəki İpək”də üçnövbəli iş rejimində 1300 ton yaş barama emal oluna bilər. Beləliklə, “Şəki İpəy”in fəaliyyəti bərpa edildi, tam bərpa edilməlidir, genişləndirilməlidir və 3 min ton yaş barama emal olunmalıdır.
Söz yox ki, ipəkçilik, öz növbəsində, xalçaçılığa da güclü təkan verəcək. Azərbaycanda xalçaçılığın inkişafı dövlətin diqqət və qayğısı ilə reallaşdırılır. Belə ki, “Azərxalça” 13 rayonda öz fabriklərini yaradır, onlardan birincisi keçən il Horadiz şəhərində Prezident İlham Əliyevin iştirakı ilə açılıb. Bu il və gələn il daha 12 rayonda yeni xalça fabrikləri açılacaq və o cümlədən, Azərbaycan ipək xalçaların istehsalı üçün bu işləri yerli xammal əsasında qurmalıdır. Ona görə, baramaçılığın inkişafı bir çox istehsalat sahələrinə ciddi təkan verəcək. Ona görə də, bu sahəni sürətlə inkişaf etdirmək üçün Dövlət Proqramı qəbul ediləcək.
“Səs” Analitik Qrupu

Digər xəbərlər