Siyasət

  • 4 976

Tarixdə elə adlar var ki, onların mövcudluğu elə o xalqın başucalığıdır AÇIQLAMA

image

“Dünyada riyaziyyat elminin gəlmiş-keçmiş nəhənglərindən olan ABŞ-ın Berkli Universitetinin professoru, məşhur azərbaycanlı Lütfizadə vəsiyyət edib ki, onu Azərbaycanda dəfn etsinlər. Normal bir istəkdir. Heç Lütfizadə olmasın, sadə bir vətəndaş belə xaricdə yaşayarkən bu cür vəsiyyət edərsə, imkan daxilində bu cür vəsiyyəti yerinə yetirmək yaxınlarının, sevənlərinin borcu kimi anlaşılır”. Bu sözləri SİA – ya açıqlamasında millət vəkili Fazil Mustafa deyib. Onun sözlərinə görə, qəribədir ki, sosial şəbəkədə buna da irad bildiriblər: "İradın motivi isə ənənəvi vətənşivənlik terminologiyası ilə bəzədilib: "Axı o Azərbaycan üçün nə edib? Haçan Qarabağdan danışdı?"Bizim məmləkətdə insanın çəkisi tərəzi ilə ölçülür, ona görə də ömrümüz rəqəmlərin sıradan dəyişimi kimi qiymətləndirilir. Harada ki, insanın çəkisi əməli ilə ölçülür, o zaman nə tərəziyə, nə də tərəzi daşına ehtiyac qalmır, bəşər insanının yaddaşında çəkisiz bir ruh kimi qalırsan. İndi Lütfizadənin Azərbaycan üçün etdiklərinin tərəzidə çəkisi nə ola bilər, bunu rəqəmlərlə izah etmək istəyənlər yəqin ki, tapılacaq. Ancaq səlis bir məntiq onu deyir ki, elə bəşəriyyət üçün edilən hər bir dəyərli əməl, həm də Azərbaycan üçün edilən dəyərli əməldir. O, müasir elmdə dəyər yaradan bir şəxsiyyətdir, çəkisi 60, 70 kilo ilə müəyyənləşdirilməz!!!Elə adlar var ki, onların mövcudluğu elə o xalqın başucalığıdır. Bu mövcudluğa həm də bir inam məsələsi kimi baxmaq lazımdır. 1921-ci ildə Bakıda doğulan həmyerlimiz dünya elmində qeyri-səlis məntiqin yaradıcısı kimi öz adını yazdırdısa, 2001-ci ildə, 2021-ci ildə doğulan bir azərbaycanlı da belə bir zirvəyə qalxmağın mümkünlüyünə Lütfizadə obrazında hər zaman inam daşıyacaq!Bir də Azərbaycanda dəfn olunmağı bir müqəddəslik ritualına çevirməyək, bu gözəlim məmləkətdə minlərlə dəyərli Vətən övladı ilə yanaşı on minlərlə Vətənə faydası dəyməyən insan dəfn olunub. Bu məmləkətin torpağına Rəsulzadə, Topçubaşov, Fətəli xan Xoyskii və minlərlə bu dəyərdə olan insanlar hələ də qovuşmayıblar. Onlar heç vəsiyyət də etməyə imkan tapmayıblar. Lütfizadənin bu vəsiyyətinə sıradan bir istək kimi baxmaq doğru deyil, bu addımın özü də son mənzilə yol almazdan öncə Vətənə, yəni Azərbaycana dəyər verməkdir".

sia.az

Digər xəbərlər