Millət vəkili: “Sanksiyalar olmadıqca Ermənistan öz əməlindən əl çəkməyəcək" AÇIQLAMA

"Ermənistan artıq 30 ilə yaxındır ki, cinayət əməlləri törətməklə məşğuldur. 1988-ci ildən başlayaraq Ermənistan ərazisində Azərbaycan əhalisinə qarşı divan tutulması, 1992-ci ildə Xocalıda azərbaycanlı uşaqlarına qarşı divan tutulması, daha sonra bu il Füzulidə azyaşlı Zəhranın qətlə yetirilməsi ilə bağlı Ermənistan rəhbərliyinin birbaşa məsuliyyət və cinayət daşımasını bütün dünyada hər kəs görür. Məsələn, biz ATƏT Parlament Assambleyasının üzvü kimi orada da bu məsələni qabartdıq. Təbii ki, bu dünyada insanlığa qarşı törədilmiş bir cinayətdir". Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.Onun sözlərinə görə, bu sadəcə hər hansı bir torpaq iddiası və separatizmlə bağlı olan bir məsələ deyil: "Bu Ermənistan rəhbərliyinin özünün xislətinin, xasiyyətinin göstəricisidir. Hər zaman cinayətkar rejim uduzduğu, zəiflik göstərdiyi zaman onların əl qaldırdığı kiçik azyaşlı uşaqlar və mülki əhali olub. Rəsmi İrəvan hər zaman uduzduğunu, Azərbaycan ordusunun gücünü gördükcə, diplomatiyada uduzduqca, Azərbaycan Prezidentinin qarşısındakı hər hansı bir arqumentlərə cavab verməkdə çətinlik çəkdikcə o zaman onların bacardığı tək bir şey var ki, o da Azərbaycan kəndlərini atəşə tutmaq və mülki əhalini qətlə yetirməkdir. Təbii ki, biz də hər zaman bu məsələni qaldırdığımız zaman qeyd edirik ki, cinayətkar rejim nə qədər cəzasız qaldıqca bu cinayətlərin sayı daim artmaqda davam edir. Təcrübə göstərir ki, Ermənistanın bu cinayətkar rejimdən əl çəkməsi üçün bəlli bir təzyiqə, sanksiyalara böyük ehtiyacı var. Çünki bu sanksiyalar olmadıqca Ermənistan öz əməlindən əl çəkməyəcək".

sia.az