Hikmət Babaoğlu: Ermənilərin son təxribatına beynəlxalq hüquq-müdafiə təşkilatları qiymət verməlidir

Ermənilərin son təxribatına beynəlxalq hüquq-müdafiə təşkilatları qiymət verməlidir. Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu avqustun 7-də Tovuz rayonunun Qaralar kəndində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində 13 yaşli kənd sakini Ramil Yusibovun yaralanmasına münasibət bildirərəkən deyib.

H.Babaoğlu qeyd edib ki, bu hadisə Ermənistanın terrorçu dövlət olmasının isbatıdır: “Dinc sakinlərə qarşı erməni vandalizminin həyata keçirilməsi Ermənistanın dövlət siyasəti səviyyəsinə qaldırılıb. Dünya ictimaiyyətinin gözü qarşısında mülki əhalinin hərbçilər tərəfindən atəşə tutulması faşizmin təzahürüdür. Ermənistan təxribatlar törətməklə Azərbaycan əhalisi arasında xof yaratmağa çalışır. Sərhədboyu bölgələrdə dinc əhaliyə qarşı vəhşilik etməklə Ermənistan acizliyini nümayiş etdirir. Dinc əhalini atəşə tutmaq faşistlərin işidir”.
Deputat hesab edir ki, ermənilərin Azərbaycanın Tovuz rayonunda törətdikləri təxribata beynəlxalq hüquq-müdafiə təşkilatları qiymət verməlidir: “Beynəlxalq təşkilatlar bu hadisə ilə bağlı mövqe bildirməlidirlər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və erməni silahlı birləşmələri hələ də dinc azərbaycanlıları atəşə tutmaqdadır. Ermənistanın təxribatları cavabsız qalmayacaq. Azərbaycanın güclü ordusu var. ATƏT-in Minsk qrupunun həmsədrləri fəal addımlar atmalı və status-kvonun dəyişməsi üçün real tədbirlər görməlidirlər. Çünki belə hallar Azərbaycan tərəfini məcbur edir ki, öz torpaqlarını işğaldan azad etsin”.

yap.org.az