Siyasət

  • 4 491

Azərbaycanda tütünçülüyün inkişafına dövlət dəstəyi gücləndirilir

image

Prezident İlham Əliyev imzaladığı Sərəncamla “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı” qəbul edilib
Azərbaycanda tütünçülüyün elmi əsaslarla inkişafı və bu sahə üzrə yüksək sənaye potensialının yaradılması XX əsrin 70-ci illərinin başlanğıcına təsadüf edir. Həmin illərdə həyata keçirilən uğurlu aqrar siyasət nəticəsində, Azərbaycanda tütünçülüyün çox sürətlə inkişaf etməsi, bu sahənin böyük sənaye potensialının yaradılması, tütünçülüyün elmi bazasının gücləndirilməsi hesabına 1970-1980-ci illərdə tütünün əkin sahəsi 17 min hektar, istehsalının həcmi isə 60 min tondan çox olmuşdur.
Lakin son 10 ildə bəzi ənənəvi kənd təsərrüfatı sahələrində, o cümlədən, tütünçülükdə də tənəzzül müşahidə olunub. Belə ki, 2016-cı ildə tütünün əkin sahəsi 2,4 min hektar, istehsal həcmi isə 3,6 min ton təşkil etmişdir ki, bu da sahənin potensial imkanlarından xeyli aşağıdır. Ölkənin dağlıq və dağətəyi rayonlarının torpaq-iqlim şəraiti tütün sənayesinin tələbatına uyğun, beynəlxalq standartlara cavab verən keyfiyyətli tütün yetişdirilməsinə və ildə 50-60 min ton tütün istehsal olunmasına imkan verir.
Tütünçülüyün hüquqi, təşkilati və iqtisadi əsaslarının müəyyən edilməsi, tütün və tütün məhsullarının dövriyyəsi ilə əlaqədar münasibətlərin tənzimlənməsi məqsədilə “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının 2001-ci il 8 iyun tarixli 138-IIQ nömrəli Qanunu qəbul edilib. Son illər kənd təsərrüfatı məhsulları istehsalçılarına verilmiş güzəştlər və subsidiyalar, həmçinin, bu sahədə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin 2019-cu ilədək torpaq vergisi istisna olmaqla, bütün növ vergilərdən azad edilməsi ölkədə tütünçülüyün inkişafına təkan verib.
Bununla yanaşı, ölkədə tütünçülüyün inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi və tütün istehsalı ilə məşğul olan əhalinin sosial rifahının daha da yaxşılaşdırılması məqsədilə “Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 2366 nömrəli Sərəncamına əsasən, tütün emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş quru tütünün hər 1 kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə tütün istehsalçılarına 0,05 manat məbləğində subsidiya müəyyən edilib.
Eyni zamanda, Prezident İlham Əliyev tütünçülüyün inkişaf etdirilməsi, tütün emalı sahəsinin dərinləşdirilməsi, bu sahədə fəaliyyət göstərən emal müəssisələrinin xammala olan tələbatının yerli məhsul istehsalı hesabına təmin olunması, gəlirliliyin və ixrac potensialının artırılması, kənd əhalisinin məşğulluğunun yüksəldilməsi məqsədi ilə imzaladığı Sərəncamla “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı” da qəbul edilib.
Qeyd edək ki, Dövlət Proqramı ölkədə bu istiqamətdə aparılan işlərin daha da sürətləndirilməsinə təkan verəcək. Çünki Dövlət Proqramının məqsədi tütün və tütün məmulatına olan tələbatın ödənilməsi, tütün emalı müəssisələrinin fəaliyyətinin genişləndirilməsi və müasir texnologiyalar əsasında yeni müəssisələrin yaradılması, xammal təminatının yaxşılaşdırılması, tütünçülük məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün ölkədə tütünçülüyün inkişafını stimullaşdırmaqdan ibarətdir. Məhz bu məqsədə nail olmaq üçün tütünün istehsalı, ilkin emalı və son məhsulun ölkədə istehsalının genişləndirilməsi, tütün əkini sahələrinin genişləndirilməsi və məhsuldarlığın artırılması, yeni məhsuldar, keyfiyyətli və xəstəliyə davamlı tütün sortlarının yaradılması, tütün toxumçuluğu təsərrüfatlarının yaradılmasının dəstəklənməsi, tütünçülüyün infrastruktur təminatının yaxşılaşdırılması, tütünçülüyün elmi təminatının və kadr potensialının daha da gücləndirilməsi, tütün istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi, tütün istehsalı və emalı sahələrinə yerli və xarici investisiyaların cəlb edilməsinin təşviqi, tütünçülük məhsullarının ixracının təşviqi, idxaldan asılılığın minimum səviyyəyə endirilməsi, tütünçülük məhsulları istehsalı ilə əlaqəli sahələrin inkişafının dəstəklənməsi, 2021-ci ilədək orta məhsuldarlıq 20 sentner/hektar olmaqla, əkin sahələrinin 6000 hektara, tütün istehsalının 12 min tona çatdırılmasına nail olunması kimi mühüm vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur.
Bir sözlə, Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda tütünçülük ənənələrinin bərpa olunmasına, tütün emalı müəssisələrinin xammala olan tələbatının daxili istehsal hesabına ödənilməsinə, bölgələrin aqrar-sənaye potensialının artırılmasına, xüsusilə, regionlarda yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, tütün və tütün məmulatı üzrə idxaldan asılılığın azaldılmasına, tütün və tütün məmulatı məhsullarının ixracının və tütünçülüklə bağlı digər sahələrin inkişafına mühüm töhfə verəcək.

“Səs” Analitik Qrupu

Digər xəbərlər