Siyasət

  • 10 022

Ərzaq təhlükəsizliyi: yerli istehsalat və uğurlu nəticələr

image

İlham Əliyev: “Ərzaq təhlükəsizliyi ilə bağlı əldə edilmiş nailiyyətlər çox sevindiricidir”
Məlum olduğu kimi, bu gün Azərbaycanın qarşısında duran ən vacib vəzifələrdən biri də əhalinin təhlükəsiz ərzaq məhsulları ilə etibarlı təminatıdır. Etibarlı ərzaq təminatı iqtisadi sabitliyin və sosial dayanıqlılığın əsas şərtidir. Məhz buna görə də, Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkənin ərzaq təhlükəsizliyi məsələsini daim diqqət mərkəzində saxlayıb və bu məsələnin gələcək nəsillər üçün olduqca vacib və aktual olduğunu nəzərə alaraq, ərzaq təhlükəsizliyi məsələsini özünün dövlətçilik strategiyasının əsas elementləri sırasına daxil edib.
Bu gün bu siyasəti uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatı məsələsini özünün iqtisadi strategiyasının əsas komponenti kimi, daim diqqət mərkəzində saxlamaqla, bu istiqamətdə xüsusi dövlət tədbirləri həyata keçirir.
Bu, da real faktordur ki, bu gün ölkəmizdə aparılan uğurlu iqtisadi siyasət dövlət başçısının imzaladığı fərman və sərəncamlar əsasında təsdiqlənmiş dövlət proqramları və tədbirlər proqramları nəticəsində əldə olunub. Ölkəmizdə əhalini təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin etmək, qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyini daha da artırmaq qarşıdakı dövr üçün də əsas vəzifələrdən biri kimi müəyyənləşdirilib. Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 10 fevral tarixli Fərmanı, bu baxımdan, müstəsna əhəmiyyətə malikdir.

Ərzaq təhlükəsizliyi ilə bağlı əldə edilmiş nailiyyətlər və böyük nəticələr

Dövlət başçısı bütün çıxışlarında ərzaq təhlükəsizliyinin prioritet olduğunu bildirir və bu sahənin daima diqqət mərkəzində olduğunu vurğulayır. Elə Prezident İlham Əliyevin Sədrliyi ilə Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişaf məsələlərinə dair respublika müşavirəsində də qarşıda duran əsas vəzifələrdən birinin ərzaq təhlükəsizliyi olduğunu diqqətə çatdırıb: “Ərzaq təhlükəsizliyi prioritet məsələlərdəndir və bu sahədə əldə edilmiş nailiyyətlər çox sevindiricidir. Növbəti illərdə isə, daha böyük nəticələr gözlənilir”. Dövlət başçısı, müşavirədə sovet vaxtında Azərbaycanın ərzaq məhsulları ilə təmin edə bilmədiyinə də toxunub: “Yaşlı nəslin nümayəndələri yaxşı bilirlər ki, sovet vaxtında Azərbaycan özünü ətlə, yağla, südlə, toyuq əti ilə təmin edə bilmirdi, bu məhsullar başqa respublikalardan gəlirdi. Biz isə, öz növbəmizdə, pambıq, üzüm, meyvə, tərəvəz, tütün, fındıq istehsal edib, başqa respublikalara göndərirdik. Ancaq müstəqillik dövründə ərzaq təhlükəsizliyi məsələləri ön plana çıxdı. Ona görə, biz əsas diqqəti bu sahəyə yönəltdik. Bunun nəticəsində, bu gün taxılçılıqda böyük inkişaf var. Düzdür, bu, hələ ki, bizi tam qane edə bilməz, biz özümüzü hələ tam təmin etmirik, ancaq inkişaf var. Ət istehsalı Azərbaycanın tələbatını, demək olar ki, ödəyir. Növbəti illərdə görüləcək tədbirlər nəticəsində, biz, hətta böyük ixrac potensialına da malik olacağıq. Biz özümüzü toyuq əti ilə 100 faiz, süd və süd məmulatları ilə təqribən 80 faiz səviyyəsində təmin edirik. Azərbaycandan böyük həcmdə meyvə-tərəvəz ixrac edilir. Yəni ərzaq təhlükəsizliyi məsələləri prioritetdir. Deyə bilərəm ki, bu sahədə əldə edilmiş nailiyyətlər çox sevindiricidir. Növbəti illərdə daha da böyük nəticələr olacaq”.
Göründüyü kimi, ölkə başçısının xüsusi diqqəti və qayğısı sayəsində aparılan aqrar islahatlar nəticəsində, son illər kənd təsərrüfatı sürətlə inkişaf etmiş və müvafiq olaraq, adambaşına düşən ərzaq məhsullarının istehsalı xeyli artıb və artmaqdadır. Artıq Azərbaycan bir sıra kənd təsərrüfatı məhsullarının ixracatçısı kimi çıxış edir. İstehsal olunmuş məhsulların emalı, saxlanılması və satışının təşkili mühüm məsələlərdəndir və bu istiqamətdə, Prezidentin qeyd etdiyi kimi, dövlət tərəfindən mühüm addımlar atılır. Hər zaman müdrik və uzaqgörən qərarların yerində və zamanında verilməsi ilə Azərbaycanı daim intibah və tərəqqi magistralına çıxaran ölkə başçısı İlham Əliyev respublika əhalisinin artım dinamikasına uyğun bir şəkildə Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində, daha da böyük işlərin həyata keçirilməsini, gələcək perspektivlərin mütləq şəkildə nəzərə almaq zəruriliyini də, xüsusilə, qeyd edir: “...Biz hamımız yaxşı bilirik ki, Azərbaycanda demoqrafik vəziyyət çox müsbətdir. Bu göstəriciyə görə biz Avropada birinci yerdəyik və getdikcə Azərbaycan əhalisi daha da artacaqdır. Əhalinin artımı birbaşa iqtisadi inkişafla bağlıdır. Əgər biz iqtisadi inkişafın dinamikasına nəzər salsaq, görərik ki, bunun əhalinin artımı ilə birbaşa bağlılığı vardır. Ona görə, ərzaq təhlükəsizliyimizlə bağlı məsələlər indiki əhaliyə hesablanmamalıdır, gələcəyə hesablanmalıdır”.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər