Siyasət

  • 10 756

Güclü ordu güclü dövlət deməkdir

image

İlham Əliyev: “Azərbaycan Ordusu bu gün regionda ən güclü ordudur, ən böyük hərbi potensiala malikdir”
Müasir dünyada hər bir dövlətin qüdrətini bir neçə amil müəyyənləşdirir. Onlar arasında iqtisadi yüksəliş və güclü ordu daha çox diqqəti cəlb edir. Bu gün qürurla deyə bilərik ki, ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə etmişdir. Ona görə də, artıq bütün dünya Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın regionun ən qüdrətli ordusuna sahib olması həqiqətini qəbul edir.
Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində, milli ordumuz davamlı olaraq inkişaf edir. “Bu gün Azərbaycan Ordusu hərbi potensialına, döyüş qabiliyyətinə, təchizatına görə, nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır. Əminəm ki, Azərbaycan gücləndikcə, ordumuz da güclənəcək. Artıq ordumuz istənilən vəzifəni həll etməyə hazırdır”, - deyən ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycanda müasir hərbi-sənaye kompleksi yaradılmış, silahlı qüvvələrin maddi-texniki bazası müasir texnika və silahlarla zənginləşdirilmiş, bu sahədə kadr hazırlığı təkmilləşdirilmişdir.
Azərbaycan dövlətinin yaratdığı güclü və nizami ordusu işğal altındakı torpaqları düşmən tapdağından azad etməyə hazır olduğunu dəfələrlə sübut edib. Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyev aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşü zamanı bildirmişdi ki, aprel döyüşləri göstərdi ki, bu gün bölgədə güclü ordu varsa, o da Azərbaycan Ordusudur: “Ermənistan uzun illər ərzində öz ordusu haqqında miflər yaradırdı ki, onların güclü ordusu var və bu ordu böyük qələbə əldə etmişdir. Halbuki biz hamımız yaxşı bilirik ki, 1990-cı illərin əvvəllərində nələr baş vermişdir”.
Dövlətimizin başçısı bildirib ki, o vaxt Azərbaycanda xaos və anarxiya hökm sürürdü, hakimiyyət uğrunda mübarizə gedirdi: “Ermənistan rəhbərliyi uzun illər miflər yaradırdı. Aprel döyüşləri bu mifləri, bu əfsanələri darmadağın etdi və göstərdi ki, bu gün əgər bölgədə güclü ordu varsa, o da Azərbaycan Ordusudur. Bu döyüşlər göstərdi ki, xarici yardım almadan Ermənistan işğal edilmiş torpaqları işğal altında saxlaya bilmir və bilməz. Onlar özləri də məcbur qalıb bunu etiraf etməyə başlamışlar”.
Ölkə Prezidenti onu da vurğulayıb ki, Azərbaycanda ordu quruculuğu prosesi məqsədyönlü və planlı şəkildə aparılır, görülən işlər də göz qabağındadır: “Bununla paralel olaraq, Azərbaycanda hərbi-sənaye kompleksi yaradılıb və mindən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Bu, həm ordumuzun ehtiyacını ödəyir, eyni zamanda, biz artıq xarici bazarlara da çıxmışıq. Bakıda keçirilmiş müdafiə sənayesi sərgisi, bir daha onu göstərir ki, artıq Azərbaycan bu istiqamətdə də böyük uğurlara imza atıb. Çünki birinci sərgiyə çox böyük maraq var idi. Beləliklə, müxtəlif ölkələrdə keçirilən ənənəvi müdafiə sənayesi sərgiləri ilə yanaşı, bu gün Azərbaycan da bu məsələdə öz imzasını qoyub”.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində son illər mühüm addımlar atılıb. Bu gün Azərbaycanın bölgədə ən yüksək mövqelərə malik ölkə olmasını şərtləndirən əsas amillər sabitlik, dinamik iqtisadi inkişaf və güclü ordudur. Azərbaycanda gedən ordu quruculuğu tədbirləri bir daha təsdiqləyir ki, Ermənistanla müharibə başlayacağı təqdirdə, ölkəmizin qələbəsini şərtləndirən kifayət qədər mühüm amillər var. Təkcə, onu demək kifayətdir ki, Azərbaycanda 2015-ci il üçün nəzərdə tutulmuş hərbi xərclər Ermənistanın, ümumilikdə dövlət büdcəsindən 2 dəfə çoxdur. Daha dəqiqi desək, 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon ABŞ dolları olduğu halda, 2013-ci ildə 3,7 milyard ABŞ dolları təşkil edib. 2014-cü il üçün hərbi büdcəmiz 3 milyard 800 milyon dollar civarındadır. Məhz hərbi büdcəyə dövlətin diqqətinin nəticəsidir ki, Azərbaycan xaricdən güclü hərbi texntka almaqla yanaşı, eyni zamanda, bir sıra silahların ölkədə istehsalına da başlayıb və hazırda Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə 700 adda hərbi məhsul istehsal edilir.
Ancaq Ermənistanın 2013-cu il dövlət büdcəsinin, bütövlükdə gəliri 2,9 mlrd. dollar (Azərbaycanın yalnız hərbi büdcəsindən 900 milyon ABŞ dolları az), xərcləri isə 3,1 mlrd. dollar olub. Həmin il Ermənistan dövlət büdcəsində hərbi xərclər 495,3 mln ABŞ dollarına (149,6 mlrd. dram) çatdırıb.
Sadalanan faktları, Azərbaycan Ordusunun qüdrətini ölkəmizlə yanaşı, dünyanın bir çox nüfuzlu təşkilatları da etiraf etməkdədir. Belə ki, bu dünya ölkələrinin ordularının reytinqi ilə bağlı “Global Firepower” təşkilatının açıqladığı siyahıda 106 ölkə arasında Azərbaycan 50-ci yer alıb.
Xüsusilə son vaxtlar işğalçı Ermənistanın cəbhə bölgəsindəki təxribatlarında məqsəd Azərbaycanın diplomatik uğurlarına kölgə salmaqdır. Ancaq adət halı almış Ermənistan rəhbərliyinin beynəlxalq ictimaiyyətə, siyasi dairələrə etdiyi çağırışları, həmişə olduğu kimi, nəticəsiz qalmaqdadır. Apreldə baş verən hadisələr, bir daha göstərdi ki, Azərbaycan xalqının milli maraqları daim önə çəkən, mürəkkəb geosiyasi məkanda qətiyyətli, düzgün qərarlar qəbul etmək cəsarəti ilə seçilən güclü siyasi lideri və rəhbəri var!
Azərbaycan xalqı xoşbəxtdir ki, əlində silah gecə-gündüz Vətənə keşik çəkən igid əsgər və zabitləri vardır və işğalçı Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkərək, Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməlidir, əks-təqdirdə təcavüzkar Ermənistan qarşısında qüdrətli Azərbaycan Ordusunun gücünü bir daha görəcək.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər