“Vaşinqton Post”da qərəzli yazıların dərc edilməsi Azərbaycana qarşı yönəlmiş çirkin kampaniyadır

“Vaşinqton Post” qəzetində qərəzli yazıların dərc edilməsi birmənalı olaraq Azərbaycana qarşı yönəlmiş çirkin kampaniyadır. Bu, Azərbaycanın inkişafını, müstəqil siyasətini, qətiyyətli mövqeyini gözü götürməyən bəzi qüvvələrin qərəzli addımlarından başqa bir şey deyil.

Bu sözləri Milli Məclisin deputatı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev deyib.
Rövşən Rzayev bildirib ki, böhtan xarakterli bu yazıların dərc edilməsi Azərbaycanı təzyiq altında saxlatmaq istəyən ermənipərəst qüvvələrin məkrli niyyətlərini göstərir. Təbii ki, Azərbaycan xalqı bu cür böhtanlara, yalanlara inanmır. Bu gün Prezident İlham Əliyevin Azərbaycanın inkişafı, iqtisadi tərəqqisi, ərazi bütövlüyünün bərpası istiqamətində göstərdiyi səylər göz qabağındadır.
Təbii ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da müəyyən problemlər var və ölkə Prezidenti həmin problemlərin həlli istiqamətində bütün imkanlardan istifadə edir. Azərbaycan gündən-günə inkişaf edir, hər bir vətəndaşın həyat tərzinin daha da yaxşılaşması üçün mühüm işlər görülür və bunlar da bəzi qüvvələrdə ciddi narahatlıq yaradır. Belə çirkin kampaniyalar bizi tutduğumuz qətiyyətli mövqedən çəkindirə bilməz. Azərbaycan xalqı hər zaman öz Prezidentinin ətrafındadır. Biz daim belə kampaniyalara qarşı mübarizə aparmalıyıq ki, həmin qərəzli qüvvələr öz istəklərinə çata bilməsinlər.

yap.org.az