Eldar İbrahimov: Bu müşavirədən sonra çayçılığın, sitrus bitkilərinin və çəltikçiliyin inkişafında böyük dönüş yaranacaq

“Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən hər zaman regionların sosial-iqtisadi inkişafı ilə bağlı məsələlərə xüsusi diqqət göstərir. 2004-cü ildən indiyədək həyata keçirilən dövlət proqramları buna əyani sübutdur”. Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, son vaxtlar bu sahəyə diqqət daha da artıb. Onun sözlərinə görə, hazırda dövlət başçısı pambıqçılığın, tütünçülüyün, üzümçülüyün, baramaçılığın, fındıqçılığın, bir sözlə, ölkəmizə valyuta gətirə biləcək məhsulların artımına çox böyük diqqət göstərir. “Ölkə başçısının son dövrlərdə regionlara səfəri və orada keçirilən müşavirələr, imzalanan sərəncamlar bunu deməyə əsas verir. Bildiyiniz kimi son günlərdə Azərbaycan Prezidenti Cənub bölgəsinə səfər etdi və Lənkəranda çayçılıq, sitrus bitkilərinin və çəltikçiliyin inkişafı ilə bağlı müşavirə keçirdi. Müşavirə zamanı dövlət başçısı sözügedən sahələrin gələcək inkişafı, qarşıda duran vəzifələr haqqında konkret fikirlərini söylədi. Bütün bunlar əlbəttə ki, dövlət başçısının kənd təsərrüfatına göstərdiyinin diqqətin göstəricisidir”-deyə, E.İbrahimov vurğulayıb.
Komitə sədri qeyd edib ki, ümumiyyətlə, çayçılıq, sitrus bitkiləri və çəltikçilik ölkəyə gəlir gətirən önəmli sahələrdir: “Dövlət başçısı Lənkəranda keçirilən müşavirədə də qeyd etdi ki, hazırda ölkəmizə çay idxalı ixracdan çoxdur. Lakin biz ixracı artırmalı, idxalı azaltmalıyıq. Prezident İlham Əliyev Lənkəranda keçirilən müşavirədə bununla da bağlı öz tapşırıq və tövsiyələrini verdi. Hesab edirəm ki, bu müşavirədən sonra sözügedən sahələrin inkişafında böyük dönüş yaranacaq. Bildiyiniz kimi bir zamanlar ölkəmizin cənub zonası Rusiyanı tez yetişən tərəvəzlərlə təmin edirdi və bu sahədən gəlir əldə olunurdu. Çayçılıqla bağlı Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə böyük yüksəliş olub və daha sonra bu sahələr məhv edilib. Çox sevindiricidir ki, bu siyasətin layiqli davamçısı olan Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən işlər nəticəsində kənd təsərrüfatı yenidən canlanır”.
E.İbrahimov bildirib ki, kənd təsərrüfatı sahəsi dövlət dəstəyi olmadan inkişaf edə bilməz: “Bu baxımdan da Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət nəticəsində dövlət tərəfindən bu sahəyə diqqət göstərilir və nəticədə də artıq Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracında böyük artım var. Bunun özü çox müsbət haldır. Çünki, ölkəmiz öz məhsullarını ilə nəinki özünü təmin etmək, eləcə də xarici bazarlara çıxaraq valyuta əldə etmək imkanı qazanacaq. Təbii ki, görülən işlər bununla kifayətlənmir. Ölkəmizdə təkcə kənd təsərrüfatı deyil, digər məhsulların istehsalının inkişafı ilə bağlı mühüm işlər görülür ki, neftdən asılılığına son qoyulsun. Yəni, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı nəticəsində neft amilindən asılılıq aradan qalxır. Bu, çox düzgün və vacib siyasətdir”.