Millət vəkili: “Azərbaycan həmişə öz müstəqilliyini qoruyacaq” AÇIQLAMA

“Hesab edirəm ki, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısı ötən danışıqların əsas məzmunu barəsində çox konkret bir açıqlama verdi”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.Deputatın sözlərinə görə, cəmiyyət bir daha gördü ki, dövlət rəhbəri Azərbaycanın ərazi bütövlüyü məsələsini danışıqlarda qətiyyətli bir prinsip kimi müdafiə edir: “Azərbaycanın ərazi bütövlüyü heç bir zaman Ermənistan tərəfi ilə müzakirə edilməyib və ölkəmizin bir qarış torpağı da işğalçıya verilə bilməz. Eyni zamanda məsələnin həllinin ancaq Azərbaycanın ərazi bütövlüyü daxilində və həmin əraziyə yüksək muxtariyyət verilmə həllini bir daha Ermənistan tərəfinin diqqətinə çatdırdı. Nəzərə alsaq ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir və rəsmi İrəvan artıq danışıqlara gələndə Azərbaycanın hansı prinsiplərə söykənəcəyini yaxşı bilməlidir. Məhz bu mövqe Azərbaycan dövlətçiliyinin qırmızı xəttidir. Azərbaycan həmişə öz müstəqilliyini, suverən hüquqlarını qoruyacaq. Eləcə də bütün ərazisi üzərində suverenliyini bərpa etmək üçün daima bütün istiqamətlərdə iş aparacaq”.

sia.az