Müşfiq Ələsgərli: “Aprel hadisələri ermənilərin 20 illik “qalib ovqatı”nı məhv etdi” AÇIQLAMA

“Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi yönündə çalışmalar Prezident İlham Əliyevin fəaliyyətində əsas xətlərdən birini təşkil edir. Prezident, torpaqlarımızın işğal faktı ilə barışmayacağını, Ermənistanı bu siyasətindən əl çəkməyə məcbur edəcəyini dəfələrlə bəyan edib. 2016-cı ilin aprel olayları göstərdi ki, Cənab Prezidentin bu bəyanatları həm də əməli addımlarla isbat edilən bir fəaliyyət proqramıdır”. Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.Sədr müavininin sözlərinə görə, aprel olayları Azərbaycan ordusunun gücünü, əzmini, məğlubedilməzliyini, Ermənistan ordusunun isə zəif, bacarıqsız, başqalarının hesabına ayaqda duran bir ordu olduğunu təsdiqlədi: “Aprel hadisələri ermənilərin 20 illik “qalib ovqatı”nı məhv etdi, onları rüsvay, rəzil günə saldı. Bütün bunlara nail olmaq üçün isə Azərbaycan ordusu uzun illər ərzində təlimləndirilib, müasir silahlarla təchiz edilib, ideoloji baxımdan tərbiyyələndirilib, Azərbaycanın işğal altındakı ərazilərini azad etmək üçün hazır duruma gətirilib. Sadaladığımız bu hallar məhz Prezident İlham Əliyevin sistemli proqramları üzərində baş tutub. Cənab Prezident ordu quruculuğunu planlı şəkildə davam etdirməklə yanaşı, həm də Qarabağa böyük dönüş yolunda əlavə bir addım da atıb. Qarabağ ətrafı ərazilərin abadlaşdırılması, Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı Sərəncamın imzalaması bu yöndə də Prezidentin sistemli bir fəaliyyət proqramı yürütdüyündən xəbər verir.Bütün bunlarla yanaşı, Cənab prezidentin fəaliyyətində başqa bir xətt də sezilir ki, məncə, bu, Dağlıq Qarabağın işğaldan azad edilməsinə bərabar, və ya ondan daha üstün bir proqramdır. Belə ki, Cənab Prezidentin hədəfində təkcə Ermənistanın işğalçı ordusu yox, həm də erməni təxribatlarını tarix boyu stimullaşdırmış bir cameə-erməni diasporu və erməni lobbisi dayanır. Belə ki, prezident erməni diasporu və lobbisinin fəaliyyətini ifşa etməklə, onlara qarşı sistemli şəkildə mübarizə aparmaqla həm Qarabağ problemini, həm də tarixi İrəvan, Zəngəzur, erməni işğalı altında olan digər tarixi Azərbaycan torpaqları məsələsini qaldırır, bütün bu broblemləri birdəfəlik həll etməyə çalışır. Azərbaycan xalqının öz tarixi ərazilərinə qovuşub firavan yaşaması, bu siyasətin icrasına bağlıdır”.

sia.az