Hadi Rəcəbli: Dövlətimiz özünün dərinməzmunlu sosial siyasətinə sadiqlik nümayiş etdirir

«Sosial sfera son 13 ildə ölkəmizdə həyata keçirilən siyasətin prioritet istiqamətini təşkil edib. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, respublikamızda həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır». Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
H.Rəcəbli bildirib ki, ölkəmiz bir sıra çətinliklərlə müşayiət olunan yeni şəraitdə də özünün dərinməzmunlu sosial siyasətinə sadiqlik nümayiş etdirir. Onun sözlərinə görə, respublikamızda əhalinin həyat səviyyəsinin yüksəlməsinə yönələn yeni sosial təşəbbüslər irəli sürülür, bu istiqamətdə bütün proqramlar uğurla yerinə yetirilir.
«Reallaşdırılan dərinməzmunlu sosial siyasətin mühüm əlaməti kimi, ölkəmizdə yeni iş yerlərinin yaradılması diqqət mərkəzində saxlanılır. Məlumdur ki, son illərdə dünyada müşahidə edilən mənfi proseslərin fonunda meydana çıxan əsas çağırışlardan biri işsizlik və yoxsulluqla bağlıdır. Mal və xidmətlərə qlobal istehlakın azalmasının nəticəsi olaraq iqtisadi aktivliyin aşağı düşməsi, eləcə də müxtəlif regionlarda yaşanan münaqişələr və müharibələr səbəbindən ayrı-ayrı ölkələrdə iş yerləri kəskin şəkildə azalıb, yeniləri isə yaradılmır. Belə vəziyyətdə, təbii ki, insanların həyat səviyyəsi aşağı düşür, yoxsulluq artır, digər sosial problemlər meydana çıxır. Sosial dövlət olan Azərbaycanda isə vəziyyət tamam fərqlidir. Bütün respublika boyu iqtisadi aktivliyin davamlı şəkildə artması fonunda insanlar layiqli iş yerləri ilə təmin olunurlar və buna paralel şəkildə də onların həyat səviyyəsi yüksəlir. Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində respublika üzrə işsizliyin səviyyəsini 5 faizədək aşağı salmaq mümkün olub ki, bu da dünyada ən yaxşı göstəricilərdən hesab olunur»- deyə, komitə sədri vurğulayıb.

yap.org.az