"News Blaze" nəşri Azərbaycandakı yəhudi icmasından yazıb

ABŞ-ın "News Blaze" nəşrində jurnalist və publisist Nurit Qrinqerin "Azərbaycanın Ali Məhkəməsi: yəhudi qadın müsəlman ölkəsində" sərlövhəli məqaləsi dərc edilib.AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Tatyana Aleksandrovna Qoldmandan və Azərbaycanın inkişafda olan yəhudi icmasından danışılır.Xanım jurnalist yazır: "Onun adı Tatyana Aleksandrovna Qoldmandır. O, yəhudidir və müsəlman əhalisinin üstünlük təşkil etdiyi Azərbaycanda Ali Məhkəmənin 39 hakimi arasında yeddi qadın hakimindən biridir". Qadın hüquqlarından danışan N.Qrinqer T.Qoldmandan sitat gətirərək deyir ki, Azərbaycanın Ali Məhkəməsində işləyən qadınlar da kişi hakimlər kimi eyni hüquqi məsələləri həll edirlər. Qadınlardan biri məhkəmənin cinayət işləri şöbəsində, dörd qadın, o cümlədən Tatyana Qoldman mülki işlər şöbəsində, iki qadın isə iqtisadi işlər şöbəsində işləyir.Məqalədə, həmçinin Azərbaycandakı tolerantlıqdan, ölkənin xristian və yəhudi icmalarından söhbət açılır. Müəllif qeyd edir ki, Azərbaycanda 500 min xristian, 30 min yəhudi və bir neçə kifayət qədər kiçik etnik qrup var. Ölkədə müsəlmanlar üstünlük təşkil etsə də, cəmiyyət dünyəvidir. Hökumət milliyyətindən və dinindən asılı olmayaraq cəmiyyətin bütün üzvlərinin daha sıx birləşməsi üçün səy göstərir.Müəllif məqaləni bu fikirlərlə tamamlayır: “İsrail və Azərbaycan bir çox cəhətlərə görə nümunəvi cəmiyyətlərdir. Bütün dünya onlardan dinc yanaşı yaşamaq və əməkdaşlıq etmək nümunəsini götürə bilər”.

sia.az.