Elmar Məmmədyarov Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Əbdüllətif bin Raşid Əl-Zəyyəninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Əbdüllətif bin Raşid Əl-Zəyyəninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası və üzv dövlətlərlə əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Azərbaycan ilə Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası arasında imzalanmış Anlaşma Memorandumunun ikitərəfli əlaqələrin institusional əsasda inkişafı üçün mühüm çərçivə rolu oynadığı diqqətə çatdırılıb.
Son dövrlərdə Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası ölkələrindən Azərbaycana gələn turistlərin sayının artması və birbaşa aviareyslərin açılması müsbət inkişaf kimi xüsusi olaraq qeyd olunub və bu istiqamətdə birgə səylərin daha da artırılmasının vacibliyi vurğulanıb.
Oktyabrın 19-20-də Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Körfəz Əməkdaşlıq Şurası biznes forumunun bu əməkdaşlığın iqtisadiyyat, ticarət, sərmayələr və turizm kimi sahələrdə daha da inkişaf etdirilməsi üçün əlverişli imkanlar yaradacağına əminlik ifadə olunub.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

yap.org.az