Siyasət

  • 7 739

Azərbaycanın beynəlxalq aləmdə nüfuzu get-gedə artır

image

Prezident İlham Əliyevin xüsusi qonaq kimi İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) IX Zirvə görüşündə iştirak etməsi bunu bir daha sübut edir
Azərbaycanın beynəlxalq aləmdə nüfuzu get-gedə artır. Bunu dövlətimizin əhəmiyyətli beynəlxalq tədbirlərdə iştirakı bir daha sübut edir. Elə Azərbaycanın Türkiyənin İstanbul şəhərində səkkiz ölkənin (Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya) İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında keçirilmiş IX Zirvə görüşündə təmsil olunması da ölkəmizin müsəlman dünyasında nüfuzundan irəli gəlir. Azərbaycan Prezidenti İlham Əliyev xüsusi qonaq kimi toplantıya dəvət olunmuşdu. Bu, Azərbaycan-Türkiyə dostluq və qardaşlığına nümunə olmaqla yanaşı, dövlətimizin müsəlman dünyasında rolunun artdığını göstərir.
Məlumat üçün qeyd edək ki, D-8-in yaradılması ideyası İslam Əməkdaşlıq Təşkilatının 1996-cı il oktyabrın 22-də İstanbulda keçirilmiş toplantısında irəli sürülüb. Bir il sonra 1997-ci il iyunun 15-də İƏT-in dövlət və hökumət başçılarının İstanbulda keçirilmiş sammitində D-8 rəsmən təsis edilib. Məqsəd üzv-ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək, iqtisadi və sosial sahələrdə əlaqələri genişləndirməkdir.
Budəfəki Zirvə görüşünün gedişində D-8-in 20 illik fəaliyyəti müzakirə olundu, qarşıdakı mərhələ üçün məqsədlər müəyyənləşdirildi. Qurumun IX Zirvə görüşündə onun gələcək inkişafının istiqamətləri müzakirə mövzusu oldu. Qeyd edildi ki, qarşıda duran vəzifələrdən biri gənc və dinamik artan əhaliyə, zəngin təbii sərvətlərə, sürətli inkişafa malik D-8 ölkələrinin potensialından səmərəli istifadə olunması nəticəsində qarşılıqlı ticarət dövriyyəsini hazırkı 100 milyard dollardan 500 milyard dollara çatdırmaqdır. Təbii ki, bu məqsədə çatmaq üçün, ilk növbədə, D-8 üzvlərinin sayının artırılması vacibdir. Odur ki, Azərbaycan dövlətinin başçısının IX Zirvə görüşünə dəvət olunması təsadüfi deyil.
Əlbəttə ki, Azərbaycan D-8 çərçivəsində beynəlxalq əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verə bilər. Çünki Azərbaycan dünyada ən ciddi təhlükələrdən biri olan islamofobiyaya qarşı fəal mübarizə aparan və islam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində konkret addımlar atan ölkə kimi tanınır. Digər tərəfdən, milli müstəqilliyini cəmi 26 il əvvəl bərpa etmiş Azərbaycan qısa müddət ərzində uğurlu inkişaf yolu keçib. Prezident İlham Əliyevin D-8-in Zirvə görüşündə qeyd etdiyi kimi, 2004-cü ildən bəri milli iqtisadiyyatımız üç dəfədən çox artıb, 2 milyona yaxın iş yeri açılıb. Yoxsulluq 5 faizə düşüb. Savadlılıq 100 faizə yaxındır. Valyuta ehtiyatlarımız ölkənin ümumi daxili məhsuluna bərabərdir. Xarici dövlət borcu ümumi daxili məhsulun 20 faizindən azdır. Azərbaycanın bu uğurları beynəlxalq təşkilatlar tərəfindən də qeyd olunur. Davos İqtisadi Forumunun iqtisadiyyatın rəqabətqabiliyyətliliyi üzrə builki hesabatında Azərbaycan 35-ci yeri tutub: “İki gün əvvəl Azərbaycan müstəqilliyinin bərpasının 26-cı ildönümünü qeyd edib. Qısa müddət ərzində ölkəmiz uğurlu inkişaf yolu keçmişdir. 2004-cü ildən başlayaraq, iqtisadiyyatımız 3 dəfədən çox artmış, 2 milyona yaxın iş yeri açılmışdır. Yoxsulluq 5 faizə düşmüşdür. Savadlılıq 100 faizə yaxındır. Valyuta ehtiyatlarımız ölkənin ümumi daxili məhsuluna bərabərdir. Xarici dövlət borcu ümumi daxili məhsulun 20 faizindən azdır. Azərbaycanın bu uğurları beynəlxalq təşkilatlar tərəfindən də qeyd olunur. Davos İqtisadi Forumunun iqtisadiyyatın rəqabətqabiliyyətliliyi üzrə builki hesabatında Azərbaycan 35-ci yeri tutub. Azərbaycan beynəlxalq miqyaslı layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Bu gün biz tərəfdaşlarımızla birlikdə “Cənub Qaz Dəhlizi” layihəsini icra edirik. Bu, dünyanın ən böyük infrastruktur layihələrindən biridir. “Cənub Qaz Dəhlizi”nin əsas hissəsi olan TANAP qaz kəməri üzrə saziş 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında İstanbul şəhərində imzalanmışdır və bu kəmər gələn il istifadəyə veriləcəkdir. Tezliklə rəsmi açılışı olacaq Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında ən qısa yol olacaqdır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub Nəqliyyat Dəhlizlərinin yaradılmasına böyük sərmayələr qoyur. Bu nəqliyyat dəhlizləri Avrasiyanın iqtisadi inkişafı üçün yeni imkanlar açacaqdır”.
Bir faktı nəzərə almaq lazımdır ki, Azərbaycan beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Bu gün ölkəmiz tərəfdaşları ilə birlikdə dünyanın ən böyük infrastruktur layihələrindən birini - “Cənub Qaz Dəhlizi”ni reallaşdırır. Tezliklə istifadəyə veriləcək başqa bir layihə - Bakı-Tbilisi-Qars dəmir yolu iki qitə - Avropa və Asiya arasında ən qısa yol olacaq. Həmçinin, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasında fəal iştirak edir. Bu nəqliyyat dəhlizləri Avrasiyanın iqtisadi inkişafı üçün yeni imkanlar açacaq.
Bir sözlə, Azərbaycanın D-8 kimi böyük perspektivlər vəd edən yeni iqtisadi əməkdaşlıq təşkilatına qoşulmaq imkanı kifayət qədər realdır. Ona görə də şübhə etməmək olar ki, ölkəmizin gələcəkdə bu qurumun sıralarına daxil olması islam dünyasında əməkdaşlığın genişlənməsinə yalnız fayda verəcək. Lakin bu qədər təşkilatın inkişafına bu qədər fayda verəcək Azərbaycanın da öz şərtləri vardır. Bu, əlbəttə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlıdır. Azərbaycan Prezidenti çıxışında bu məsələyə ətraflı şəkildə toxundu: “Ermənistan 25 ildən artıqdır ki, Azərbaycanın tarixi torpaqlarını - Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu işğal edib. Həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. 1992-ci ildə Ermənistan Xocalı soyqırımını törədib. Bu hərbi cinayət nəticəsində 613 dinc azərbaycanlı qətlə yetirilib, onlardan 106-sı qadın və 63-ü uşaqdır. Minlərlə insan itkin düşüb və yaralanıb. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir. Eyni zamanda, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT və digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul etmişlər. Lakin işğalçı Ermənistan bu qərarlara məhəl qoymur və azərbaycanlı mülki əhaliyə qarşı hərbi cinayətlərini davam etdirir. Ötən ilin aprelində təmas xəttində Ermənistanın silahlı hücumu nəticəsində mülki şəxslər və hərbçilər həlak olublar. Yüzlərlə yaşayış evi dağıdılıb. Azərbaycan Ermənistanın bu təxribatının qarşısını qətiyyətlə aldı, ordumuz torpaqlarımızın bir hissəsini erməni işğalçılarından azad etdi. Bundan sonra Ermənistan tərəfindən tamamilə dağıdılmış Cocuq Mərcanlı qəsəbəsi yenidən quruldu. 150 evdən ibarət bu qəsəbədə məktəb, tibb məntəqəsi və məscid tikildi. Bu məscid ermənilər tərəfindən dağıdılmış Şuşa məscidinin bənzəridir.
Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək ki, onun əzəli torpağında ikinci qondarma erməni dövləti yaradılsın. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və olmayacaq.
Hörmətli görüş iştirakçıları, Azərbaycan islam həmrəyliyinə xüsusi əhəmiyyət verir və öz töhfəsini verir. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. Eyni zamanda, bu il Azərbaycanda 54 müsəlman ölkəsindən gələn 3 minə yaxın idmançının iştirak etdiyi IV İslam Həmrəyliyi Oyunları keçirilib. Biz bu gün dünyada ən ciddi təhlükələrdən biri olan islamofobiyaya qarşı fəal mübarizə aparırıq. Özünü müsəlman ölkələrinin dostu kimi qələmə verməyə çalışan Ermənistan Dağlıq Qarabağ və ətraf bölgələrdə məscidləri və dini abidələri dağıdıb. Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz”.

“Səs” Analitik Qrupu

Digər xəbərlər