Siyasət

  • 3 519

Yaan Reynhold: "Azərbaycan bizim üçün əhəmiyyətli ölkədir"

image

Milli Məclisdə Azərbaycan parlamentinin Avropa qurumlarındakı nümayəndə heyətlərinin rəhbərləri ölkəmizdə səfərdə olan Avropa İttifaqı Şərq Tərəfdaşlığının xüsusi tapşırıqlar üzrə səfirlərindən ibarət nümayəndə heyəti ilə görüşüblər. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, Parlamentin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Şərq Tərəfdaşlığı Sammiti ərəfəsində Azərbaycana gələn qonaqlara ölkəmizdə həyata keçirilən qlobal layihələrdən və islahatlardan söz açıb.Bu günlərdə fəaliyyətə başlayan Bakı-Tbilisi-Qars dəmir yolu xətti, yeni neft-qaz sazişi barədə danışıb. İnsan haqlarının qorunması sahəsində yüksək səviyyəli işlərin görüldüyünü bildirib. Cinayət Məcəlləsinin humanistləşdirilməsi istiqamətində Milli Məclisdə qəbul olunan qanun barədə məlumat verib.Sonra görüşdə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev Avropa ölkələri və qurumları ilə əməkdaşlıq əlaqələrimizdən bəhs edib. Bildirib ki, Azərbaycan öz müstəqilliyini əldə etdiyi gündən Avropa ilə əməkdaşlığa xüsusi önəm verib. Avropa İttifaqı ilə ölkəmiz arasındakı tərəfdaşlıq layihələri tərəfləri bir-birinə daha da yaxınlaşdırır. Qarşılıqlı münasibətlərin inkişafında xalqımızın əsas gözləntisi ədalətli yanaşmadır. Xüsusilə, Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli yanaşma çox vacibdir.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri, Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Fuad Muradov vurğulayıb ki, ölkəmizdə həyata keçirilən islahatlar siyasi iradənin və xalqın istəyinin təcəssümüdür. Azərbaycan çoxşaxəli qarşılıqlı faydalı əməkdaşlığa həmişə hazır olub. Siyasi-iqtisadi əlaqələrin genişlənməsi, əməkdaşlığa dair yeni sənədin imzalanması xüsusilə gənc nəsil üçün vacib məsələdir.Deputatlarımız çıxışlarında qətiyyətlə vurğulayıblar ki, bəzən Avropa qurumlarının əməkdaşlıq əlaqələrindən təzyiq vasitəsi kimi istifadə etmək, “böyük qardaş” rolunu oynamaq cəhdi yolverilməzdir. İkitərəfli əməkdaşlıqda haqq-ədalətin, milli maraqların qorunması vacibdir.Görüşdə nümayəndə heyətinin rəhbəri, Avropa İttifaqı Şərq Tərəfdaşlığında xüsusi səlahiyyətli səfir Yaan Reynhold bildirib ki, Azərbaycan bizim üçün əhəmiyyətli ölkədir. Əlaqələrimiz müsbət məcrada inkişaf edir. Yeni sazişlə bağlı əhəmiyyətli irəliləyiş əldə olunub. Avropa İttifaqı Şərq Tərəfdaşlığına sadiqdir və bu əməkdaşlığı yüksək qiymətləndirir. Biz birlikdə daha güclüyük.Fikir mübadiləsində bildirilib ki, Estoniyanın Avropa İttifaqı Şurasına sədrlik etdiyi hazırki dövrdə qarşılıqlı səfərlərin sayı xeyli artıb. Bu tendensiya əməkdaşlığın genişləndirilməsi istiqamətində mövcud potensialın tam həyata keçirilməsinə münbit zəmin yaradır. Qonaqlar vurğulayıblar ki, Avropa İttifaqı yeni sazişin reallaşdırılması istiqamətində səylərini bundan sonra da əsirgəməyəcək.

sia.az

Digər xəbərlər