Siyasət

  • 5 161

"Mediada kriminal hadisələrin işiqlandırılması: İctimai maraqlar və peşəkarlıq” YENİLƏNİB

image

Bu gün Mətbuat Şurasının (MŞ) təşkilatçılığı ilə “Mediada kriminal hadisələrin işiqlandırılması: İctimai maraqlar və peşəkarlıq” mövzusunda dəyirmi masa keçirilib.SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan mediasının bugünkü vəziyyəti haqqında danışıb: “Bəzi media vasitələri kriminal xəbərlər üzərində cəmləşir və xəbəri şişirdirlər. Biz “google”da “Dağlıq Qarabağ”, “Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu”, “Fədayə Laçın” və “Qoca” ləqəbli kriminal avtoritet” sözlərini axtarışa verdik. Birinci yerdə “Fədayə Laçın”, ikinci yerdə “Dağlıq Qarabağ”, üçüncü yerdə “Qoca”, dördüncü yerdə “Bakı-Tbilis-Qars dəmir yolu” ifadələri qərarlaşmışdı. Bax bu, Azərbaycan mətbuatının mənzərəsini göstərən vəziyyətdir”.Ə.Amaşov əlavə edib ki, cəmiyyətdə kriminal xəbərlərə maraq var, lakin kriminal xəbərlər cəmiyyətə öz mənfi təsirini göstərir: “Əgər hər hansı ölkədə kriminal xəbərlər geniş yer alırsa, həmin ölkədə cinayətkarlıq artır, cinayətlərin xarakteri artır, cəmiyyətdə sosial gərginlik artmış olur, tolerantlıq azalır, cəmiyyətdə qorxu atmosferi artır. Bəzən cinayətkarlar qəhrəman kimi təbliğ olunur ki, bu da öz növbəsində cəmiyyətdə mənfi ornək olur. Gənc bilmir ki, kim kimi ola bilər, qəhrəman kimi ola bilər və ya hansısa cinayətkar kimi ola bilər. Ən qorxulusu isə odur ki, kriminal xəbərlər fonunda hüquq-mühafizə orqanlarının düşmən obrazı yaradılır və bu da çox mənf haldır”.Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev bildirib ki, Azərbaycanda söz və məlumat azadlığının təmin edilməsi, KİV-lərin sərbəst fəaliyyətinə zəruri şərait yaradılması, onların maddi-texniki bazasının gücləndirilməsi Azərbaycan dövlətinin, ictimaiyyətinin mövqeyini ifadə edən və onun haqq səsini dünyaya çatdıran medianın formalaşdırılması və inkişafına hərtərəfli dəstək göstərilməsi əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətin media siyasətinin başlıca istiqamətləridir.V.Əliyev deyib ki, hazıda Azərbaycanda onlarla televiziya, radio, informasiya agentlikləri, yüzlərlə qəzet və jurnal, internet informasiya resursu fəaliyyət göstərir, böyük jurnalist ordusu tam sərbəst şəkildə, heç bir kənar təsir olmadan cəmiyyətimizdə və dünyada baş verən məsələlər barədə məlumat, şərh və təhlillər hazırlayır və vətəndaşların diqqətinə təqdim edirlər: "Ancaq bəzi hallarda KİV-lər, konkret desək, əsasən internet media mövcud rəqabət mühitində dövlət və ictimai maraqları unudur, nəticələri nəzərə almayaraq vətəndaşlarımıza yanlış, hətta zərərli mesajlar verir. Biz zaman-zaman belə hallarla rastlaşırıq. Məsələn, 2014-cü ildə cəbhə bölgəsində atəşkəs rejiminin pozulması ilə əlaqədar medianın həddən artıq sərbəst davranışı KİV və dövlət orqanları mətbuat xidmətləri rəhbərlərinin məlum müşavirəsini keçirməyə və Azərbaycan Prezidenti tərəfindən dövlətin informasiya təhlükəsizliyinin daha etibarlı təmin olunması məqsədilə müvafiq qanunvericilik aktının imzalanmasına səbəb oldu”.PA rəsmisi bildirib ki, son iki həftə həm Azərbaycan, həm də regionumuz və dünya miqyasında olduqca əlamətdar və tarixi hadisələr ilə yadda qaldı: “Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, milli maraqlara uyğun siyasət nəticəsində dövlətimiz baş verən hadisələrin mərkəzi fiquru kimi növbəti dəfə öz potensialını nümayiş etdirdi. Bakı-Tbilisi-Qars dərmir yolunun istifadəyə verilməsi təkcə Azərbaycan və region dövlətləri üçün deyil, qlobal əhəmiyyəti hadisə kimi tarixə düşdü. Azərbaycan, İran və Rusiya prezidentlərinin Tehranda görüşü və əldə olunmuş nəticələr bir daha göstərdi ki, qlobal transmilli layihələrin təşəbbüskarı və onların reallaşmasında lider mövqeyə malik Azərbaycan həm də regionda ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının da əsas təşəbbüskarı və aparıcı fiqurudur”.V.Əliyev nitqində söyləyib ki, bu hadisələr Azərbaycan KİV-ləri tərəfindən geniş işıqlandırıldı, təhlil edildi, onların əhəmiyyəti xüsusi vurğulandı: “Ancaq eyni zamanda, internet media və çox təəssüf ki, bəzi qəzetlər paralel olaraq diqqəti həm də kriminal mövzu üzərində fokuslaşdıraraq ciddi ictimai maraq kəsb etməyən məsələni qabarıq şəkildə vətəndaşlarımıza təqdim etdi. Üstəlik, kriminal elementlər haqqında təqdim olunan bir sıra materialları istər cəmiyyətimiz, xüsusilə gənc nəsil üçün zərərli hesab etmək olar. Soruşula bilər ki, cinayətkarı az qala qəhrəman obrazında təqdim etmək, onun həyatını nümunə kimi göstərmək nə dərəcədə düzgündür?! Gənclərimiz bundan hansı yaxşı nümunəni əxs edə bilər?! Ümumiyyətlə, krimianl elementlərlə bağlı hər hansı hadisəni olmazın dərəcədə qabardıb əsas mövzulardan birinə çevirmək kimin maraqlarına xidmət edir?! Təəssüf ki, bəzi informasiya resurslarımız bir gün ərzində mövzu ilə bağlı 10-a yaxın material təqdim edərkən bu suallar haqqında düşünmürlər”.PA rəsmisi vurğulayıb ki, KİV-lərin fəaliyyəti sahəsində rəqabət mühiti mövcuddur: “Öz reytinqini yüksəltmək hər bir media orqanının haqqıdır. Ancaq cinayətkarın həyat tərzini populyarlaşdırmaqla bu reytinqi qazanmaq olarmı? Bu yanlış və zərərli mesajların cəmiyyət üçün hansı fəsadlar törədəcəyi məsələsi medianı düşündürməməlidirmi?! Bəzi vaxtlarda telekanallarda da xəbər buraxılışları bu və ya digər şəkildə cinayət hadisələri və bu tipli mənfi yüklü məlumatlarla zəngin olur, xəbərin təqdimatında balans pozulur və tamaşaçıya bədbin əhval-ruhiyyə aşılanır. Düşünürəm ki, bu məsələdə də balans gözlənilməli, xəbər rəngarəngliyi təmin olunmalı, daha çox insanları pozitiv əhvala kökləyən materiallar və məlumatlara üstünlük verilməlidir. Məgər cəmiyyətimizdə yaxşı nümunələr yoxdur?! İnsanlara Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş, sərhədlərimizi etibarlı şəkildə qoruyan qəhrəman hərbçilərimiz, cəmiyyətimizin inkişafına layiqli töhfə verən ziyalılarımızı təbliğ etmək olmazmı?”V.Əliyev bildirib ki, Azərbaycan mediası öz ənənələrinə, prinsiplərinə sadiq qalaraq təkcə reytinq, populyarlıq haqqında düşünməli deyil və öz faliyyətində dövlətin və cəmiyyətin maraqlarının müdafiəsi prinsipini daha çox nəzərə almalıdır: “Media da cəmiyyətimiz, vətəndaşlarımız, gənclərimiz qarşısında məsuliyyət daşıyır və öz üzərində düşən məsuliyyəti unutmamalıdır. Bu hallar pozulanda informasiyaların ziyanlı şəkildə təqdim olunması KİV rəhbərlərinin iştirakı ilə müşavirənin keçirilməsinə, Azərbaycanın informasiya mühitinin daha etibarlı qorunması haqqında sənədin imzalanmasına gətirib çıxardı”.Millət vəkili Aqil Abbas deyib ki, içərisindəki materiallar səbəbindən evimizə aparmağa utandığımız qəzeti çap etməməliyik. O, hər bir medianın də məsələyə məhz bu cür yanaşmasının daha vacib olduğunu bildirib: “Sovet dövründə respublikanın ən kriminal zonaları Bakı, Gəncə, Lənkəran və Ağdam idi. İndi isə hər bölgədən belə xəbərləri eşidirik. Bunun səbəblərindən danışmaq lazımdır. “Filankəs ailəsinin başını kəsdi” kimi xəbərlər elə formada təqdim edilir ki, sanki adi bir məsələdir. Hesab edirəm ki, sadəcə müzakirə etmək yetərli deyil, bu mövzuda cəza tədbirləri tətbiq edilməlidir”.SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev bu gün mətbuatın iki qrupa bölündüyü deyib: “Bir qrup informasiya istehsal edir, digəri “copy-past”la məşğuldur. Belə problemlər yaşamağımızın və bu gün bura toplaşmağımızın da əsas səbəbi məhz ikinci qrup media orqanlarıdır. Kriminal, şiddət üstündə reytinq qazanmağın əleyhinəyəm”.“APA Holding”in prezidenti Vüsalə Mahirqızı qeyd edib ki, media hər şeydən yazmalıdır: “Mənim bu məsələdə mövqeyim fərqlidir. Əgər kriminal hadisə baş veribsə, media bunu yazmalıdır. Söhbət kriminal hadisələrə yanaşmadan gedir. Kriminal xəbərlərdə ictimai əhəmiyyəti olan hadisələr var. Media məsələni elə təqdim edə bilər ki, insanlar ondan nəticə çıxara bilərlər”.“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə vurğulayıb ki, hər bir media qurumu yaydığı məlumatlarda dövlətin marağını əsas götürməlidir: “Son vaxtlar kriminal xəbərlərin mediada yayılması aktuallaşıb. Cinayət aləmində “nüfuz”lu şəxslərin təbliği, gənclərin milli ruhda tərbiyəsinə mənfi təsir göstərir”.“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, medianın böyük bir hissəsi ictimai maraqları əsas götürür: “Kriminal xəbərlərə geniş yer verməkdə məqsəd təkcə reytinq toplamaq deyil. Müğənninin cinayətkarın həbsdən qaçması cəmiyyətdə bir saat aktual olacaq. Kriminal xəbərlərin medianın aparıcı gündəmində bomba kimi partlamasına çalışanlar elə həmin oyunun içərisinə düşürlər. Həmin media qurumlarını diqqətli olmağa çağırıram”.“Teleqraf Media Qrupu”nun rəhbəri Aynur Camalqızı müzakirə edilən mövzunun kifayət qədər narahatlıq doğurduğunu bildirib: “Bu tədbirə daha çox ciddi media qurumları dəvət edilib. Hesab edirəm ki, bu problemlər daha çox qeyri-ciddi mediadan qaynaqlanır. Azərbaycanda heç kimin oxumadığı media orqanları nə dövlətə, nə də oxucuya lazımdır”.Tədbir digər çıxışçıların fikirləri ilə başa çatıb.

sia.az

Digər xəbərlər