Azərbaycanla Afrika İttifaqı arasında əməkdaşlıq üçün geniş imkanlar var

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Efiopiyaya səfəri çərçivəsində Afrika İttifaqının Sülh və Təhlükəsizlik məsələləri üzrə komissarı Smail Şərqi ilə görüşüb.Xarici İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycanın Afrika İttifaqı yanında müşahidəçi statusu qismində təşkilatla əlaqələrinin genişlənməsi və yüksək səviyyəli qarşılıqlı səfərlərin mübadiləsi ilə əlaqədar məmnunluq ifadə olunub.

E.Məmmədyarov Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan zaman Afrika qitəsində sülh və təhlükəsizlik problemlərinə xüsusi diqqət yetirdiyini nəzərə çatdırıb. O həmçinin, Azərbaycanın regional və beynəlxalq səviyyədə sülh və təhlükəsizliyin təmin olunmasına verdiyi töhfələrindən danışıb.
Azərbaycanın ikitərəfli və çoxtərəfli əsasda Afrika dövlətləri ilə əlaqələrin inkişafına əhəmiyyət verdiyini deyən E.Məmmədyarov qitə dövlətləri ilə Azərbaycan arasında Cənub-Cənub əməkdaşlığı kontekstində siyasi, iqtisadi, humanitar, elm-təhsil və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.
Afrika İttifaqının Sülh və Təhlükəsizlik məsələləri üzrə komissarı S.Şərqi səfərin Afrika İttifaqı ilə Azərbaycan arasında dialoqun və əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini bildirib.
Görüş əsnasında Afrika İttifaqı ilə Azərbaycan arasında dialoq və məsləhətləşmələrin davam etdirilməsi, nümayəndə heyətlərinin səfərlərinin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti vurğulanıb.

sia.az