Siyasət

  • 3 296

Mübariz Əhmədoğlu: “Ermənistan xalqların bərabərhüquqluğunu inkar edir” MÜNASİBƏT

image

“Ermənistan parlamentinin beynəlxalq əlaqələr komissiyasının sədri Armen Aşotyan millətlərin öz müqəddəratını təyin olunması prinsipinin tətbiqini Dağlıq Qarabağ münaqişəsini digər münaqişələrdən fərqləndirən cəhət olduğunu bildirib. Avronestin iclası zamanı qəbul olunmuş tezisi də ermənipərəst hesab edir. Pis və ya yaxşılığından asılı olmayaraq öz əməyinin məhsulunu yüksək dəyərləndirmək hər kəsə xas olan xüsusiyyətdir”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.Mərkəz sədrinin sözlərinə görə, A.Aşotyanın Dağlıq Qarabağ münaqişəsini digər münaqişələrdən fərqləndirən cəhəti düzgün müəyyənləşdirilməyib: “Çünki həqiqət A.Aşotyan və onun kimilərə zərərlidir. Dağlıq Qarabağ münaqişəsini digər münaqişələrdən fərqləndirən yeganə cəhət bu münaqişə ilə məşğul olan təşkilatın mövcudluğudur. Söhbət ATƏT MQ-dən gedir. Digər münaqişələrdə belə təşkilat yoxdur. A.Aşotyan bilməmiş deyil ki, təşkilat varsa onun nizamnaməsi və fəaliyyət prinsipləri olmalıdır. ATƏT MQ-nin nizamnaməsi var. Eləcə də Helsinki Yekun Aktının 3 məlum prinsipi ATƏT MQ-nin Dağlıq Qarabağ münaqişəsini tənzimləmək üçün rəhbər götürdüyü prinsiplərdir. “Xalqların bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipi” Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün nəzərdə tutulan III, Helsinki Yekun Aktında isə VIII prinsipdir. Aşotyan və onun tərəfdarları Helsinki Yekun Aktını oxusaydılar niyə məhz bu 3 prinsipin seçildiyini başa düşərdilər. Həm də başa düşərdilər ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün nəzərdə tutulan prinsiplərdən hər birisi ayrılıqda ədalətli şəkildə reallaşacağı təqdirdə münaqişəni Azərbaycanın xeyrinə tənzimlənməsinə aparıb çıxarır.“Xalqların bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipi” ilk növbədə Dağlıq Qarabağın statusunun müəyyən olunmasında Dağlıq Qarabağ azərbaycanlıları və Dağlıq Qarabağ ermənilərinin bərabər hüquqa malik olduğunu təsbit edir. A.Aşotyan və onun kimiləri heç vaxt bu həqiqəti dilinə gətirə bilməzlər. Dağlıq Qarabağ azərbaycanlıları və ermənilərinin bərabərliyi isə Yenilənmiş Madrid Prinsiplərində sonradan onun modifikasiya olunmuş formaları olan Lavrov və Uorlik-Hoqland variantlarında da təsbit olunub. Amerikalı yeni həmsədr E.Şeferin təqdim etdiyi variantda isə bu tamamilə özünü göstərir.A.Aşotyanı yalançı intellektual hesab etmirik. O öz intellektini zorlamaqla məşğuldur. Belə saxta nəticələri başqa cür əldə etmək mümkün deyil.Onun son dövrlərdəki aktivliyi diqqəti çəkir. Avronestin Bakı iclasına gəlməzdən öncə xeyli antiAzərbaycan planlar hazırladı, tərəfdarlar toplamağa cəhd etdi. Nəticəsi sıfır oldu. Bakıda olarkən erməni irsinin hər yerdə, o cümlədən Bakıda geniş yayıldığını bildirdi. Amma sonradan o bunu inkar etməli oldu. Çünki erməni təbliğat maşınına görə Bakıda erməniyə məxsus heç bir şey mövcud ola bilməz. Fakt budur ki, Bakıda hətta erməni kilsəsi mövcuddur.Avronest vacib strukturdur. Amma “Şərq Tərəfdaşlığı” Aİ-nin daha vacib strukturudur. “Şərq Tərəfdaşlığı”nın Riqa sammitində üzv dövlətlərin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına dəstək bəyan edildi. “Şərq Tərəfdaşlığı”nın Aİ-nin Brüssel sammitində də üzv dövlətlərinin ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına dəstək yenidən bəyan ediləcək. Çox böyük ehtimalla demək olar ki, Aİ-nin bütün, o cümlədən Ermənistana aid sənədlərində də bundan sonra Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü, dövlət suverenliyi və sərhəd toxunulmazlığı prinsipləri əsasında tənzimlənməsinin zəruriliyi göstəriləcəkdir. A.Aşotyan və onun kimiləri Dağlıq Qarabağ uğrunda mübarizədə Ermənistanı xırda qara pul kimi xərcləyirlər. Ermənistanın 1988-ci ildəki vəziyyəti ilə indiki vəziyyətini müqayisə etsinlər, o cümlədən Azərbaycanı da. Azərbaycan Cənubi Qafqaz çapından çıxaraq Avrasiya materikinin strateji təhlükəsizliyində vacib rol oynayan dövlətə çevrilib. Reallaşdırdığı iri beynəlxalq layihələrin sayı 10-u keçib. Nəqliyyat-kommunikasiya prizmasından Avrasiya materikinin qovşaq və ya xab dövlətlərindən birinə çevrilib. Azərbaycanlıların sayı günü-gündən artır. Qızıl valyuta ehtiyatı yenidən 50 milyard dollar hüdudlarındadır. Ermənistan Cənubi Qafqazın küncünə sıxılıb. Heç bir müttəfiqi yoxdur, xarici borcu 10 milyard dollara yaxınlaşır, dünya erməniliyini assimilyasiya, başqa sözlə “ağ ölüm” sıradan çıxarır. Ermənistandan isə erməniləri S.Sərkisyanın siyasəti qovub çıxarır. A.Aşotyanın intellekti bunları dərk etsə, ermənilərin xeyrinə olar.Dağlıq Qarabağ tənzimlənməsi ilə hal-hazırda S.Sərkisyan kimi antiintellekt və A.Aşotyan kimi intellektual məşğuldurlar. Onlar hətta ittifaq yaradıblar. Amma bu ittifaqın fəaliyyəti ermənilərin nəinki bu gününü, hətta keçmişini ifşa edir”.

sia.az

Digər xəbərlər