Daşkəsəndə Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibətilə tədbir keçirildi

Noyabrın 10-da Daşkəsəndə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü münasibəti ilə tədbir keçirildi.

Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, , YAP Daşkəsən rayon ərazi ilk partiya təşkilatının sədrləri və partiya fəalları, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və KİV mənsubları iştirak etdi.
Tədbir iştirakçıları öncə müstəqil Azərbaycanın memarı, YAP-ın yaradıcısı Ümummilli liderimiz Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzdülər.
Tədbir öz işinə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Təntənəli mərasimdə çıxış edən YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev qeyd etmişdir ki, ölkəmizin ictimai-siyasi həyatında müstəsna xidmətləri olmuş, yarandığı ilk gündən müasirliyi, yeniliyi fəaliyyətinin əsas məqsədi kimi qarşıya qoyan, demokratik dəyərlərə söykənən, saf əqidəli insanları ətrafına toplayan Yeni Azərbaycan Partiyasının milyonların partiyası olduğunu tarix özü artıq sübut etmişdir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev yubiley tədbirində çıxış edərək bildirdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qətiyyətli iradəsi və müdrik rəhbərliyi ilə həyata keçirilən siyasi kurs Azərbaycanın gerçək müstəqilliyini təmin etdi: “Bu gün bütün regionda lider partiya olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi respublikamızda təntənəli şəkildə qeyd edilir. Yeni Azərbaycan Partiyası ölkə vətəndaşlarının arzusunu reallaşdırmaq kimi bir missiyanı yerinə yetirir və partiya cəmiyyətimizə siyasi, sosial, iqtisadi həyatına yeni dəyərlər gətirib.
Heç kəsə sirr deyil ki, müasir Azərbaycan müstəqil dövlətinin memarı və Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan möhtərəm Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Yeni Azərbaycan Partiyası ümumxalq partiyası olaraq Azərbaycanın inkişafı naminə çalışır.”
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibətilə Daşkəsən rayonunda bir sıra silsilə tədbirlər, o cümlədən gənclər və yeniyetmələr arasında müxtəlif idman növləri üzrə rayon birinciliyi keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilmiş idman yarışlarının qaliblərinə qiymətli hədiyyələr verildi, partiya sıralarına qəbul olunmuş yeni çoxsaylı gənc üzvlərə vəsiqələr təqdim olundu, rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə fərqlənənlər fəxri fərman ilə təltif edildilər.

yap.org.az