Siyasət

  • 3 543

Sona Əliyeva: YAP-ın yaranması ölkəmizin müasir siyasi tarixində ən mühüm hadisələrdən biri kimi səciyyələnir

image

«Xalqımız müstəqil Azərbaycan dövlətinin qurulmasında və respublikamızın inkişafında əvəzsiz xidmətləri olan Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü ərəfəsindədir. Partiyamızın keçdiyi 25 illik şərəfli yol yüz minlərlə insanı ətrafında birləşdirən, üzvlərinin sayı 700 min nəfəri ötən partiyanın fəaliyyətində müstəsna yer tutur. YAP-ın yaranması həmçinin ölkəmizin müasir siyasi tarixində ən mühüm hadisələrdən biri kimi səciyyələnir». Bu fikirləri Milli Məclisin deputatı Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, Yeni Azərbaycan Partiyası tariximizin son dərəcə ağır və kəşməkəşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranıb. Onun sözlərinə görə, ötən əsrin 80-ci illərinin sonlarından etibarən Azərbaycanın üzləşdiyi böhran və təhlükələr xalqın sabaha olan ümidlərini demək olar ki, qırmışdı. Ermənistanın Dağlıq Qarabağdan başladıqları işğalçılıq siyasəti, keçmiş sovetlər ittifaqı rəhbərliyinin antiazərbaycan mövqeyi, yerli rəhbərliyinin xəyanətkarlığı vəziyyəti daha da mürəkkəbləşdirirdi.
«Belə bir şəraitdə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan tarixində öz üzərinə böyük missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. Partiyanın yaranması, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin partiyaya Sədr seçilməsi zəruri tarixi hadisə idi. Azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi həyatina yeni nəfəs verdi, Azərbaycanın siyasi həyatında ümid çırağı yandırdı. Yeni Azərbaycan Partiyasının yaranmasından cəmi 6 ay sonra Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə dönüşünün kökündə dayanan əsas həqiqət Azərbaycan xalqının fəlakətlərdən xilas olmaq ümidlərini və gələcəklə bağlı arzularını Heydər Əliyevlə və Yeni Azərbaycan Partiyası ilə bağlamaq arzusu idi. Bu arzular da reallığı çevrildi. Ulu öndər və onun yaratdığı partiya xalqın inam yerinə çevrildi. Məhz bu inamın nəticəsidir ki, 1993-cü ildən ötən müddətdə ölkəmizdə keçirilən bütün prezident, parlament və bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası parlamq qələbələr qazanıb. Çox sevindirici haldır ki, Heydər Əliyev ideyaları bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Yeni Azərbaycan Partiyası öz sıralarında 700 mindən çox insanı birləşdirir. Bu çox böyük bir ordudur. Partiyamız öz ətrafında cəmiyyətin intellektual təbəqəsini birləşdirir ki, bu da çox mühüm bir göstəricidir. Partiyanın Gənclər Birliyi və Qadınlar Şurası da təşkilatın aparıcı qolları olaraq ölkənin ictimai-siyasi həyatında çox aktiv iştirak edirlər. Qazanılan uğurlarla yanaşı Yeni Azərbaycan Partiyasının qarşısında yeni vəzifələr də dayanır. Bu vəzifələrin ən başlıcası Ümummilli liderimiz Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanı daha da inkişaf etdirmək, onun regionun və dünyanın qüdrətli dövlətləri sırasında liderliyini qorumaqdadır. Yeni Azərbaycan Partiyası bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə Ümummilli lider Heydər Əliyevin ideyalarını, məqsəd və məramlarını rəhbər tutaraq Azərbaycanın çiçəklənməsinə və dövlətçiliyimizin qüdrətlənməsinə böyük töhfələr verəcək. Mən 25 illik yubiley münasibətilə YAP rəhbərliyi başda olmaqla partiyanın bütün üzvlərini ürəkdən təbrik edirəm, partiyamıza gələcəkdə daha möhtəşəm qələbələr, nailiyyətlər arzulayıram»- deyə, millət vəkili vurğulayıb.

yap.org.az.

Digər xəbərlər