Siyasət

  • 3 709

Hikmət Babaoğlu: "Reket” jurnalistikasına qarşı bir neçə mübarizə metodları var" AÇIQLAMA

image

"Jurnalistika daim inkişafda olan, cilalanan sahədir. Çünki, intellektin, yaradıcılığın sonu yoxdur və bu proses hansı cəmiyyətdə sürətlə gedirsə, o cəmiyyətdə inkişaf müşahidə olunur”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.O bildirib ki, jurnalistika, mətbuat hər bir dövlətin intellektual brendlərindən biri hesab olunur: “Jurnalistika cəmiyyəti fikir istehsalı ilə təmin edir. Jurnalistika cəmiyyətdə ictimai münasibətləri yaratmaqla yanaşı, kütləvi maarifləndirmənin keyfiyyətini müəyyənləşdirir. Çünki mətbuatın cəmiyyətə təqdim etdiyi intellektual məhsullar cəmiyyət tərəfindən mənimsənilir, ayrı-ayrı fərdlərin düşüncələrində, davranışlarında dünya görüşlərində yeni keyfiyyət dəyişikliyi yarada bilir. Biz arzu edirik ki, jurnalistika sözü ilə “reket” sözü bir arada işlənilməsin və ən qısa müddətdə Azərbaycan jurnalistikasının keçmişi hesab olunsun. Bu istiqamətdə işlər aparılır”.Baş redaktorun sözlərinə görə, “reket” jurnalistikasına qarşı bir neçə mübarizə metodları var və hazırkı mərhələdə Azərbaycan ən effektiv metod olan onların ictimai qınaq və ictimai institutlar vasitəsilə cəzalandırılmasından istifadə edir: “Əslində Azərbaycanda “reket” jurnalistikasının sıradan çıxarılması üçün çox böyük yol qət edilib. Belə jurnalistika 1990-cı illərin əvvəllərində Azərbaycanda xaos mühiti yaradılan zaman meydana çıxıb. Çox təəssüf ki, hələ də o dövrün fəsadlarından əziyyət çəkirik. Amma hər halda görünür belə bir məsələ bütövlükdə jurnalistikanın xarakterində var. Bəzən bizim transmilli media kimi səciyyələndirdiyimiz jurnalistikanın davranışlarında da buna bənzər elementlər hiss edirik. Hətta ən nüfuzlu media orqanları tərəfindən buna bənzər addımlar atılır. Misal üçün dövlət başçıları şantaj edilir, liderlər və ya ayrı-ayrı dövlətlər haqqında böhtan xarakterli yazılar yazırlar. Düzdür, buradakı münasibətlərdən əldə olunan dividentlər maliyyə olmasa, hər halda bu cür yazılar böyük dividentlərin əldə olunmasına hesablanıb. Belə olan halda, görünür biz bundan tam şəkildə xilas ola bilməyəcəyik ”.“Reket” jurnalistlərə qarşı cəzaların sərtləşdirilməsi məsələsinə gəlincə, Milli Məclisin deputatı bildirib ki, əgər hüquq pozuntusu varsa, orada cəza mexanizmi tətbiq olunmalıdır və bu, hər bir dövlətin başlıca funksiyasından biridir: “Azərbaycanda da insan hüquqlarının müdafiəsi istiqamətində bir sıra qanunlar qəbul edilib. Onların təmin olunması ilə əlaqədar hüquq sistemi işlək mexanizmə sahibdir. Lakin bütün hallarda, insanları islah etmək, bir qədər doğru deyil. Çünki Azərbaycan prezidentinin hüquq sistemi ilə bağlı müəyyənləşdirdiyi siyasət cəza hüququnun humanistləşdirilməsinə söykənib. Bildiyiniz kimi bu yaxınlarda bununla bağlı xüsusi addımlar atıldı. Bu baxımdan düşünürəm ki, islah etmək sonuncu cəza olaraq nəzərdən keçirilə bilər. Amma hər halda cəmiyyət özü elə insanlar yetişdirməlidir ki, onların özü belə münasibətləri könüllü sürətdə rədd etsin. Bu, bir qədər uzunmüddətli olsa da, lakin ən effektiv prosesdir”.

sia.az

Digər xəbərlər