Siyasət

  • 3 748

“Növbəti illərdə Azərbaycan ancaq və ancaq yüksək sürətlə, böyük uğurlarla irəliyə gedəcək”

image

Prezident İlham Əliyev Abşeron rayonuna səfər edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Abşeron rayonuna gəlib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Xırdalan şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Prezident İlham Əliyevə Heydər Əliyev parkında aparılan yenidənqurma tədbirləri, rayonda görülən abadlıq-quruculuq işləri və həyata keçirilən layihələr barədə ətraflı məlumat verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Abşeron Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. Abşeron Olimpiya İdman Kompleksi Prezident İlham Əliyevin “Abşeron və Ağcabədi rayonlarında Olimpiya İdman komplekslərinin tikintisi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 27 may tarixli Sərəncamı əsasında inşa edilib. Bu, ölkəmizdə sayca 42-ci Olimpiya İdman Kompleksidir. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi. Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi.
Bildirildi ki, kompleksdə inşaat işləri ən yüksək səviyyədə aparılıb və bu ilin oktyabrında başa çatdırılıb. Buradakı üzgüçülük hovuzu ən müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25 metr, eni isə 12,5 metrdir. İdmanın bu növünə də ölkəmizdə yeniyetmə və gənclərin marağı ilbəil artır. Bu zalda üzgüçülük yarışlarını 150 nəfər izləyə biləcək. Güləş zalı Beynəlxalq Güləş Federasiyasının standartlarına uyğun tikilib. Bu zalda 150 tamaşaçı yeri var. Güləşçilərin məşqlərinin yüksək səviyyədə keçirilməsi üçün ən xırda incəliklər belə nəzərə alınıb. Ağır atletika və trenajor salonunda idmançılar üçün hərtərəfli şərait yaradılıb. Məşqçilərin otaqları da məhsuldar fəaliyyət üçün hər cür imkana malikdir. Qeyd edildi ki, Abşeron Olimpiya İdman Kompleksinə daxil olan restoran və mətbəxdə də xidmətin müasir səviyyədə təşkili üçün hər cür şərait yaradılıb. Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev Abşeron rayon ictimaiyyətinin nümayəndələri və ölkəmizin tanınmış idmançıları ilə görüşdü. Dövlətimizin başçısı görüşdə çıxış edib.
Prezident İlham Əliyev çıxışında qeyd edib ki, bu, bölgələrdə inşa edilmiş sayca 42-ci Olimpiya İdman Kompleksidir. Eyni zamanda bu idman obyekti Abşeron rayonu üçün çox böyük əhəmiyyət kəsb edir:
“Burada 1000 nəfərlik gözəl idman zalı, 1600 nəfərlik stadion, məşq zalları, boks, şahmat bölmələri, açıq idman meydançaları, kort var. Bir sözlə, burada idmanın əksər növləri ilə məşğul olmaq mümkündür. Bu, Abşeron rayonu üçün, idmançılar üçün gözəl bir hədiyyədir. Əminəm ki, həm rayon sakinləri, uşaqlar, yeniyetmələr, eyni zamanda, idmançılar da bu kompleksin imkanlarından istifadə edəcəklər. Beləliklə, bütün bölgələrdə müasir idman infrastrukturunun yaradılması istiqamətində növbəti önəmli addım atılır.

Bu kompleksin açılışında bizim Olimpiya, dünya çempionlarımız iştirak edirlər. Mən sizi xüsusilə salamlayıram. Əminəm ki, sizin gələcək fəaliyyətiniz də Azərbaycan idmanına xidmət edəcək. Bu gün Azərbaycan dünya miqyasında idman dövləti kimi tanınır. Bizim uğurlarımız indi bütün dünya idman ictimaiyyəti tərəfindən qəbul edilir. Bizim idmançılar Azərbaycanı bütün beynəlxalq yarışlarda ləyaqətlə təmsil edirlər, bir çox Olimpiya, dünya, Avropa çempionlarımız var. Bu il bizim iki idmançımız - burada iştirak edən Hacı Əliyev və Məhəmmədrəsul Məcidov üçqat dünya çempionu olublar. Bu, doğrudan da böyük idman nailiyyətidir. Yəni, onlar artıq üçüncü dəfə təsdiqlədilər ki, dünyada birincidirlər. Əlbəttə ki, bizim olimpiyaçılarımızın, üçqat dünya çempionlarımızın qələbələri uşaqları da idman bölmələrinə cəlb edir. Əminəm ki, uşaqlar, yeniyetmələr bu idman kompleksindəki bölmələrdə məşq edəcəklər və gələcəkdə sizin yerinizi tutacaqlar. Çünki idmanın dayanıqlı inkişafı gənc nəslin yetişməsindən başlayır. Gənc nəslin yetişdirilməsi, hazırlıq prosesinin düzgün qurulması üçün şərait olmalıdır. Eyni zamanda, onların qarşısında gözəl nümunələr olmalıdır. Onlar da sizin kimi Olimpiya, dünya çempionları olmaq istəyirlər. Beləliklə, bu gün Azərbaycanda idmanın kütləviliyi də təmin edilir. Biz əlbəttə ki, idmançılarımızın uğurları ilə fəxr edirik. Bu, ölkəmizin şöhrətini daha da yüksəklərə qaldırır. Ancaq bununla bərabər, bundan az əhəmiyyət daşımayan məsələ idmanın kütləviliyidir, vətəndaşlarımızın sağlamlığıdır. İdman insan sağlamlığı üçün bəlkə də əsas vasitədir.”
Prezident İlham Əliyev bildirib ki, Abşeron rayonunda son illər ərzində böyük quruculuq, abadlıq işləri görülüb, infrastruktur layihələri icra edilir. Rayonda əsas infrastrukturla bağlı problemlər öz həllini tapıb:
“Rayonda 16 yaşayış məntəqəsini əhatə edən 7 yol layihəsi icra edilibdir, qazlaşdırma 100 faizdir, elektrik təchizatı ilə heç bir problem yoxdur. İçməli su problemi də tədricən həll olunur.
Mənə verilən məlumata görə, Xırdalan şəhərinin su problemi həll olunubdur. Digər qəsəbələrdə də məsələ öz həllini tapacaq. İş yerləri yaradılır. Abşeron rayonunda 100-dən çox sənaye müəssisəsi fəaliyyət göstərir ki, o müəssisələrdə minlərlə insan işləyir. Sosial infrastruktur yaradılır, bu gözəl Olimpiya Kompleksi, 10-dan çox məktəb tikilib və təmir olunub. Bir sözlə, rayonun hərtərəfli inkişafı üçün çox böyük işlər görülür, yeni parklar, ictimai yerlər yaradılır, binalar təmir olunur. Növbəti sərəncamda təmirə ehtiyacı olan binaların da bərpası nəzərdə tutulur. Bir sözlə, Abşeron rayonu hərtərəfli inkişaf edir, gözəlləşir, abadlaşır. Növbəti illərdə rayonun sosial-iqtisadi inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək.
Biz 2017-ci ili bütövlükdə iqtisadi, sosial, beynəlxalq siyasət sahələrində yaxşı nəticələrlə, uğurlarla başa vururuq. Bir daha göstəririk ki, Azərbaycanda inkişaf dayanıqlıdır və uğurludur. Növbəti illərdə Azərbaycan ancaq və ancaq yüksək sürətlə, böyük uğurlarla irəliyə gedəcək. Qarşıda duran vəzifələr hələ çoxdur. Biz bütün problemləri, insanları narahat edən məsələləri həll etməliyik. Həm Bakının, həm böyük şəhərlərin, ən xırda kəndin də problemi diqqət mərkəzində olmalıdır. Mən sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm və idmançılara yeni uğurlar arzulayıram. Rayon sakinlərinə isə yeni nailiyyətlər, cansağlığı, əmin-amanlıq diləyirəm. Əminəm ki, Abşeron rayonunda belə gözəl hadisələr çox olacaq.”
X X X
Sərbəst güləş üzrə üçqat dünya çempionu, Rio Olimpiadasının mükafatçısı Hacı Əliyev çıxış edərək bildirib ki, bu gün idmançılarımız dünya və Avropa çempionatlarında, beynəlxalq yarışlarda uğurlu nəticələr qazanır və Vətənimizi layiqincə təmsil edirlər. Azərbaycan dünyada artıq idman ölkəsi kimi tanınır. Ölkəmizdə keçirilən birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları da bir daha bunu sübut etdi ki, Azərbaycanda idmana və idmançılara yüksək diqqət və qayğı vardır, hər bir şərait yaradılmışdır.
Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Abşeron rayonunda “Zəhmət-Ruzi” MMC-nin fəaliyyəti ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Abşeron rayonu üzrə maliyyələşdirilmiş investisiya layihələri, o cümlədən müasir texnologiyalara əsaslanan investisiya layihələrinə ayrılan güzəştli kreditlər, istifadəyə verilən, tikilməkdə olan və inşası nəzərdə tutulan istehsal və emal müəssisələri barədə dövlətimizin başçısına məlumat verdi.
Qeyd olundu ki, son illərdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xəttilə Abşeron rayonu üzrə ümumi dəyəri 360 milyon manat olan 602 investisiya layihəsinin maliyyələşdirilməsinə 200 milyon manat güzəştli kredit verilib. Maliyyələşdirilmiş layihələr hesabına 8700 yeni iş yeri açılıb. Müasir texnologiyalara əsaslanan, ümumi dəyəri 261 milyon manat olan 39 investisiya layihəsinə isə 140,5 milyon manat güzəştli kredit ayrılıb. Nəticədə 3 logistik mərkəz, 7 quşçuluq təsərrüfatı, 14 istixana kompleksi, iki süd emalı zavodu, bir çörək zavodu, bir ət emalı, iki ət kəsimi müəssisəsi, bir mebel fabriki, bir kərpic zavodu və müasir texnologiyalara əsaslanan digər müəssisələr yaradılıb. Prezident İlham Əliyevə müəssisədə istehsal edilən və “SAB” -”Made in Azerbaijan” brendi altında bazara çıxarılan 60 çeşiddə ət və 40 çeşiddə süd məhsullarının nümunələri təqdim olundu. Diqqətə çatdırıldı ki, “Zəhmət-Ruzi” MMC-nin ət və süd məhsulları AZS - keyfiyyət idarəetmə standartlarının sertifikatına və keyfiyyətə nəzarət sisteminin ISO 9001:2000 sertifikatına layiq görülən “SAB” brendi altında bazara çıxarılır.
Dövlətimizin başçısı müəssisədə ət məhsullarının istehsalı prosesi ilə tanış oldu. Bildirildi ki, 7 min tonluq logistika mərkəzi ən müasir avadanlıqla təchiz edilib. Burada illik kəsim gücü 1,8 min ton olan fabrik də fəaliyyət göstərəcək.
Azərbaycan Prezidentinə məlumat verildi ki, illik istehsal gücü 7 min ton olan süd emalı sahəsində 40 çeşiddə süd məhsulları, o cümlədən pasterizə edilmiş süd, pendir, xama, kəsmik, qatıq, dovğa, ayran və digər məhsullar hazırlanır. Tezliklə bu aqrar-sənaye kompleksində dondurma da istehsal olunacaq. Kompleksin xammala olan tələbatı Abşeron və digər rayonlarda fəaliyyət göstərən fermerlərin təsərrüfatlarında tədarük edilmiş məhsul hesabına təmin ediləcək. Azərbaycan Prezidentinə kompleksdəki süd məhsullarının satışadək saxlanma anbarları da təqdim olundu. Komplekslə tanışlıqdan sonra xatirə şəkli çəkdirildi.
Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunun Masazır qəsəbəsində yeni inşa olunan 5 nömrəli tam orta məktəbin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.
Məlumat verildi ki, məktəbin tikintisinə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2015-ci ildə başlanılıb. Yüksək keyfiyyətlə aparılan inşaat işləri bu ilin oktyabrında başa çatdırılıb. Məktəbin üçmərtəbəli binasının ümumi sahəsi 4600 kvadratmetrdən çoxdur. Bu təhsil ocağının bir hektarlıq həyətyanı ərazisində idman qurğuları quraşdırılıb. Binanın istilik təchizatı üçün qazanxana, transformator yarımstansiyası, nasosxana və su hovuzu inşa olunub. Yeni məktəb 1200 şagird yerlikdir, burada 41 sinif otağı var. Dövlətimizin başçısına məlumat verildi ki, indiyədək Masazır qəsəbəsində fəaliyyət göstərən dörd məktəbdə şagird sıxlığına görə tədris iki və ya üçnövbəli idi. Bu məktəb fəaliyyətə başladıqdan sonra qəsəbədəki digər məktəblərdə şagird sıxlığı aradan qaldırılacaq.
Ən müasir avadanlıqla təchiz edilən məktəbdə fizika, kimya və biologiya laboratoriyaları, kitabxana, 163 yerlik akt zalı, həmçinin hər cür şəraiti olan yeməkxana yaradılıb. Burada iki emalatxanada da tədrisin yüksək səviyyədə təşkili üçün hərtərəfli şərait var. İdman zalı zəruri avadanlıqla təchiz edilib.

Digər xəbərlər