Siyasət

  • 3 888

Azərbaycanın gələcək inkişafı üçün neft sənayesi həmişə həlledici rol oynayacaq

image

Prezident İlham Əliyev: “Bu gün “Əsrin kontraktı”nın nəticələri, sadəcə olaraq, Neft Fonduna gələn gəlirlərlə ölçülmür. Bunun çox geniş və çox böyük təsiri olub və bu gün də var”
Azərbaycanda 2 milyard ton neft hasil olunur. Bunun 700 milyon tonu müstəqillik dövrünün payına düşür. Neft amili “Əsrin müqaviləsi”nin imzalanmasından başlayaraq Azərbaycanın iqtisadi inkişafında olduqca əhəmiyyətli rol oynayıb və bu, indi də davam edir. Bununla Dövlət Neft Fondunda toplanan neft gəlirləri Azərbaycanda böyük infrastruktur, sosial layihələrin reallaşdırılmasına, qeyri-neft sektorunun inkişafına imkan verməklə ölkə iqtisadiyyatının genişləndirilməsinə xidmət edib.
Lakin ölkəmizdə neft hasilatı təkcə neft gəlirləri ilə məhdudlaşmır və bu neftlə bərabər təbii qaz sənayesinin formalaşmasına, bu sahədə geniş tətbiq edilmə imkanına malik təcrübənin əldə olunmasına gətirib çıxarıb. Nəticə etibarilə SOCAR-ın timsalında Azərbaycanın böyük imkan və təcrübəyə malik milli şirkətinin, geniş neft-qaz infrastrukturunun olması məhz neft amilinə əsaslanır. Bütün bunların əsası 23 il bundan əvvəl imzalanan “Əsrin müqaviləsi”ndən başlanır. Buna qədər isə neft sənayesi Sovet dövründən qalmış və istismar müddətini bitirən texnika, eyni zamanda, müasir dövrün tələblərinə cavab verməyən texnologiya ilə səciyyəvi idi. Lakin 1994-cü il Azərbaycanın neft sənayesində dönüş oldu və ilk növbədə, gənc müstəqil dövlətin xarici tərəfdaşlarla etibarlı əməkdaşlıq nümunəsini yaratdı. Nəticədə, Azərbaycana böyük maraq yaranmaqla bərabər, ölkəmizə sərmayə qoyuluşu da artmağa başladı. Həmin vaxtdan etibarən Azərbaycanın neft hasilatı və nəqli infrastrukturunun əsası qoyuldu. Nəticədə, ölkəmizin neft sənayesindəki canlanma təbii qaz hasilatına da maraq yaratmış oldu. Hərçənd ki, bu sahənin daha az gəlirli olmasından irəli gələrək qaz hasilatı o vaxtlar xarici investorları elə də cəlb etmirdi. Həmin dövrdə enerji təhlükəsizliyi məsələsi də indiki qədər aktual deyildi. Bununla belə, 1996-cı ildə imzalanmış “Şahdəniz” müqaviləsi hazırda Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır.
Bu gün Azərbaycan dünyada neft-qaz hasil və ixrac edən ölkə kimi böyük nüfuza malikdir və bunun təməlində Ulu Öndər Heydər Əliyevin enerji strategiyası dayanır. Hazırda Azərbaycanın təbii sərvətlərinin nəqlində 7 neft və təbii qaz kəməri iştirak edir ki, “Cənub Qaz Dəhlizi” sayəsində bu rəqəm 8-ə çatacaq. Eyni zamanda, ölkəmiz dünyanın ən böyük neft-qaz terminalı - Səngəçal terminalına malikdir. Prezident İlham Əliyevin sözlərinə görə, dünyanın ən böyük neft-qaz terminalı - Səngəçal terminalı da bizim böyük sərvətimizdir.
Bu gün Azərbaycan enerji təhlükəsizliyi məsələlərini tam şəkildə təmin edib. Vaxtilə ölkəmiz elektrik enerjisi və təbii qaz idxal edirdisə, hazırda neftlə bərabər bu məhsulların da ixracatçısıdır. Eyni zamanda, Azərbaycan investisiya qoyulan ölkə olmaqla yanaşı, həm də investordur. Bununla belə, neft amili uğurun mənbəyi yox, bu yolda bir vasitədir. Əsas olan isə bu vasitədən düzgün istifadə edilməsidir. Söhbət ondan gedir ki, dünyada zəngin neft yataqlarına malik bir çox ölkələr var ki, orada daim qeyri-sabitlik hökm sürür və əhalisi yoxsulluq şəraitində yaşayır. Bir sözlə, neft bütün mənalarda o ölkələrə fəlakət gətirir. Lakin bu gün ölkəmizdən danışdıqda, böyük fəxr hissi ilə qeyd edə bilərik ki, Azərbaycan “qara qızıl”ı insan kapitalına çevirə bilib. Bunun əsasında isə neft gəlirlərindən olduqca səmərəli şəkildə istifadə edilməsi dayanır. Hazırda Azərbaycanın müstəqil ölkə olmasında, iqtisadi potensialın formalaşmasında neft-qaz amilindən səmərəli istifadənin olduqca böyük əhəmiyyəti var və bu, hələ uzun müddət davam edəcək.
Burada, xüsusilə də, xarici sərmayədarlarla qurulan münasibətləri vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin Azərbaycanda iki milyardıncı ton neft hasil olunması münasibətilə təntənəli mərasimdəki nitqində bu, daha aydın ifadə olunub: “Azərbaycanın timsalında, eyni zamanda, göstərilir ki, dövlət və xarici sərmayədarlar birlikdə necə iş qurmalıdırlar? Bu iş hansı prinsiplər əsasında qurulmalıdır? Burada da Azərbaycan bir nümunədir. Çünki biz tərəfdaşlarımızla, xüsusilə, əsas strateji investor olan BP şirkəti ilə çox sağlam zəmində, qarşılıqlı dəstək, qarşılıqlı inam, qarşılıqlı maraqlar əsasında əməkdaşlıq qurmuşuq. Həm investorlar, Azərbaycana milyard dollarlarla vəsait qoyan konsorsiumlar, həm də Azərbaycan dövləti böyük gəlir əldə edir. Burada hər iki tərəf fayda götürür və uğurlu əməkdaşlığın təməlində məhz bu, dayanır.”
Dövlətimizin başçısı, eyni zamanda, neft amilinin ölkəmiz üçün əhəmiyyətinə də aydınlıq gətirib: “Bir sözlə, bu gün “Əsrin kontraktı”nın nəticələri, sadəcə olaraq, Neft Fonduna gələn gəlirlərlə ölçülmür. Bunun çox geniş və çox böyük təsiri olub və bu gün də var.”
Bütün bunların fonunda isə Azərbaycan iqtisadi müstəqilliyini təmin edib. İqtisadi müstəqillik isə həm də siyasi müstəqilliyin əsasıdır. Noyabrın 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasimdə çıxış edən Prezident İlham Əliyev deyib ki, bu gün Azərbaycan çiçəklənən bir dövlətdir. Hara baxsan göz oxşayır. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir: “Bizim bütün şəhərlərimiz abadlaşır. Əsrlər boyu insanları incidən bütün problemlər həll olunur. Qazlaşdırma, içməli su, elektrik, yollar - biz bunu nəyin hesabına edirik? Gəlirlər hesabına. Gəlirlərin əsas mənbəyi haradır? Azərbaycan neftçilərinin zəhməti hesabına çıxarılan neftdir. Azərbaycan vətəndaşları bunu həmişə bilməlidirlər. Biz bu gün haqlı olaraq, qeyri-neft sektorundan danışırıq və bu sahədə böyük işlər görülür. Dayanıqlı inkişaf üçün qeyri-neft sektoru inkişaf etməlidir. Çünki bu, ölkə iqtisadiyyatının şaxələndirilməsinə xidmət göstərir və bu sahədə çox böyük nailiyyətlər var. Mən dəfələrlə demişəm ki, prioritet istiqamət qeyri-neft sektorudur. Nə üçün? Çünki mən hesab edirəm ki, neft-qaz sektorunda əldə edilmiş bütün nəticələr proqram üzrə gedir və nəyi əldə etmək istəmişiksə, onu da əldə etmişik. Bir dənə də olsun icra edilməmiş və qrafikdən çıxmış layihə yoxdur. Ona görə, təbii ki, qeyri-neft sektoru prioritetdir. Ancaq ölkə iqtisadiyyatı, ölkəmizin gələcək inkişafı üçün neft sənayesi və neft-qaz sektoru həmişə həlledici rol oynayacaq”. “Səs” Analitik Qrupu

Digər xəbərlər