Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi Cəlilabadda fəaliyyətini genişləndirir

Heydər Əliyev Fondunun və Fondun təsis etdiyi “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) nümayəndələri dekabrın 4-də Cəlilabad rayonunda bir sıra görüşlər keçiriblər. AZƏRTAC xəbər verir ki, Fondun nümayəndələri əvvəlcə Cəlilabad rayonunda əlillər üçün tikilmiş yaşayış binasında olublar. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov əlillər üçün inşa olunmuş yaşayış binasının Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə əsaslı təmirinə başlanıldığını bildirib və binanın qısa bir zamanda istifadəyə veriləcəyini deyib.
Daha sonra Cəlilabad rayon Heydər Əliyev Mərkəzində gənclərlə görüş keçirilib. Anar Ələkbərov Heydər Əliyev Fondunun hər zaman gənclərə müxtəlif layihələr çərçivəsində dəstək verdiyini qeyd edib. O, Fondun “Regional İnkişaf” İctimai Birliyinin fəaliyyəti və qurumun həyata keçirdiyi layihələrdə gənclərin rolu barədə danışıb. Bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan RİİB-in əsas məqsədi ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda daha fəal layihələr həyata keçirmək, aparılan islahatlara, o cümlədən dövlət tərəfindən regionların inkişafı istiqamətində həyata keçirilən tədbirlərə geniş dəstək göstərməkdir. Regionlarda ictimai nəzarəti həyata keçirmək, müraciətlərin baxılmasında şəffaflıq və obyektivliyi təmin etmək, əhalinin müxtəlif sahələrdəki problemlərini araşdırmaq, onların dövlət və bələdiyyə orqanları ilə əməkdaşlıq və dialoq şəraitində həllinə nail olmaq da qarşıya qoyulan vəzifələr sırasındadır.
Görüşdə iştirak edən gənclər Cəlilabadda Muğam Mərkəzinin və gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün Gənclər Mərkəzinin yaradılması təklifi ilə çıxış ediblər. Anar Ələkbərov Heydər Əliyev Fondunun dəstəyi ilə muğam müsabiqələrinin təşkil edildiyini bildirərək istedadlı gəncləri həm bu layihə, həm də rəssamlıq, heykəltəraşlıq və incəsənətin digər növləri üzrə layihələrdə fəal iştirak etməyə, gəncləri maraqlı və region üçün vacib olan ideyalar ətrafında birləşməyə çağırıb.
Qeyd edək ki, əhali ilə daha sıx ünsiyyətdə olmaq məqsədi ilə “Regional İnkişaf” İctimai Birliyinin regional nümayəndəlikləri yaradılıb. Hazırda RİİB-in Dağlıq Şirvan, Quba-Xaçmaz, Lənkəran, Aran 1, Aran 2, Şəki-Zaqatala, Gəncə-Qazax və Yuxarı Qarabağ regionlarında nümayəndəlikləri fəaliyyət göstərir. Cəlilabad rayonu Lənkəran regional nümayəndəliyə daxildir. Nümayəndələr Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində fəaliyyət göstərir.
Anar Ələkbərov RİİB-in fəaliyyətində yaxından iştirak edən könüllü gənclərin rolunu xüsusi qeyd edib. “Könüllülərin idman tədbirlərində, marafonlarda, xeyriyyə aksiyalarında, ekologiya üzrə və digər sahələrdə layihələrdə yaxından iştirakı təqdirəlayiqdir. Könüllülərin bir sıra təşəbbüslərə qoşulması artıq müsbət nəticələr verməkdədir”, - deyə Anar Ələkbərov qeyd edib.
“Regional İnkişaf” İctimai Birliyini Heydər Əliyev Fondunun uğurlu layihələrindən biri olduğunu deyən görüş iştirakçıları gənclərin təşkilat ətrafında könüllü kimi birləşməyə böyük həvəs göstərdiklərini bildiriblər.
Daha sonra Fond nümayəndələri Cəlilabad Heydər Əliyev Mərkəzində fiziki imkanları məhdud və istedadlı uşaqların əl işləri ilə tanış olub. İstedadlı yeniyetmələrin çıxışlarına baxış keçirilib, onlara Fond adından hədiyyələr təqdim edilib. Fondun layihələrinin ayrı-ayrı sahələrdə istedadların üzə çıxarılmasına şərait yaratdığı və onlara daim dəstək göstərilməsinin vacibliyi qeyd olunub.
Heydər Əliyev Fondunun nümayəndələri Cəlilabad Olimpiya İdman Kompleksində də olublar. Qeyd edək ki, Fond tərəfindən rayon Olimpiya İdman Kompleksinə idman qurğuları və avadanlıqlar hədiyyə edilib.
Gənclərin hərtərəfli inkişafına diqqətlə yanaşan Heydər Əliyev Fondu uşaq və yeniyetmələrdə idmana maraq aşılamaq, onların sağlam ruhda tərbiyə edilməsi istiqamətində müxtəlif layihələr həyata keçirir. Anar Ələkbərov qeyd edib ki, iki ildir Fondun təşəbbüsü ilə Bakıda marafon keçirilir. Bununla yanaşı, bu il Gəncədə də marafon təşkil olunub və uğurlu keçib. Marafonlara həm ölkə daxilində, həm də xarici ölkələrdə marağın çox olduğunu qeyd edən Anar Ələkbərov iştirakçıların sayının ilbəil artdığını qeyd edib.
Fondun icraçı direktoru bildirib ki, idmançılara dövlət qayğısı ilə yanaşı, idman komplekslərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də mühüm işlər həyata keçirilir. Fond tərəfindən Cəlilabad İdman Kompleksinə idman qurğuları və avadanlıqlarının hədiyyə edilməsi və zalda quraşdırılması da uşaq və yeniyetmələrdə idmana olan marağın artırılmasına, onların sağlam ruhda böyüməsi və gələcəkdə peşəkar idmançı kimi yetişmələrinə öz töhfəsini verəcək. İdmançılarla görüşdə çıxış edən kiyokuşin karate idman növü üzrə 4 dəfə Avropa və 1 dəfə dünya çempionu Səlahət Həsənov Azərbaycan dövlətinin idmana böyük diqqət və qayğı göstərdiyini, bunun nəticəsində də idmançılarımızın nailiyyətlərinin ildən-ilə artdığını bildirib. “Bizim uğurlarımız bununla bitmir, biz bundan sonra da Azərbaycanın bayrağını müxtəlif idman yarışlarında yüksəklərə dalğalandıracağıq”, - deyə idmançılar bildiriblər.