Siyasət

  • 3 230

Misirli jurnalist: Azərbaycanın dini tolerantlıq nümunəsi yayılmalıdır

image

Beynəlxalq Avrasiya Mətbuat Fondu və İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının dəvəti ilə ölkəmizdə səfərdə olan Misirin aparıcı media nümayəndələrindən biri, “Əl-Şuruq” qəzetinin baş redaktoru, yazıçı-publisist İmadəddin Hüseyn Azərbaycandakı dini tolerantlıq, xüsusilə sünnilərin və şiələrin birlikdə vəhdət namazı qılmaları barədə məqalə yazıb. AZƏRTAC xəbər verir ki, “Əl-Şuruq” qəzetində dərc olunan məqalədə müəllif Azərbaycanın nümunəsinin yayılmasının önəmini vurğulayır.
İmadəddin Hüseyn yazır ki, Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən Heydər məscidi Cənubi Qafqazın ən böyük məscididir. Məsciddə 95 metr hündürlüyündə 4 minarənin inşa edildiyi, 55 metr hündürlüyündə baş günbəzin, o cümlədən hündürlüyü 35 metr olan ikinci günbəzin olduğu diqqətə çatdırılır. Bildirilir ki, 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin açılışını etdiyi bu məsciddə eyni vaxtda yeddi min insan namaz qıla bilər.
Müəllif yazır: “Keçən cümə axşamı yeddi jurnalistdən ibarət Misir nümayəndə heyəti Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydinin müşayiəti ilə bu məsciddə oldu. Mənim diqqətimi yalnız məscidin möhtəşəmliyi, müasir memarlıq üslubu deyil, burada sünnilərin və şiələrin birgə vəhdət namaz qılmaları oldu.
Mən həmin gün cümə namazını Bakıdakı Göy məsciddə qılmışdım. Bu məscid sünnilər üçün nəzərdə tutulsa da, orada şiələrin də ibadətinə mane olmurlar. Məscidin imamı cümə xütbəsini Azərbaycan dilində, Quran ayələrini isə ərəb dilində oxuyurdu. Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Ümid Mirzəyevin dediyinə görə, buradakı xütbələrdə bir çox mövzulara toxunulur, məsələn sosial şəbəkələrin faydaları və mənfi cəhətləri.
Mən Azərbaycanda olduğu kimi, şiələrlə sünnilərin birgə namaz qıldıqları başqa bir ölkə tanımıram. Ümumilikdə, Azərbaycanda ölkə əhalisinin 90 faizindən çoxunu müsəlmanlar təşkil edir. Ölkədə xristianlar, yəhudilər və başqa dinlərin nümayəndələri də yaşayırlar. Sünnilərin və şiələrin bir məsciddə, bir imamın arxasında namaz qılmaları həqiqətən də diqqətəlayiqdir. Bir çox yerlərdə təəssüf ki, insanlar məzhəb mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalırlar. Məni çox maraqlandıran və çoxlarına da verdiyim sual bu oldu ki, Azərbaycanın bu nümunəsi necə uğur qazana bildi?
Əvvəla, bu insanlar çox həssas bir bölgədə, ölkə ərazisinin 20 faizini işğal edən Ermənistanla yanaşı yaşayırlar. Deməli, onların daha artıq problemlərə ehtiyacları yoxdur.
Ərəb ölkələrində uzun müddət işləmiş və ərəb dilində səlis danışan bir azərbaycanlı diplomatdan soruşdum: Siz mürəkkəb məzhəb qarşıdurmalarının baş verdiyi bölgələrin yaxınlığında yerləşməklə məzhəblər arasında bu cür qarşılıqlı anlaşmanı necə həyata keçirə bilmisiniz? O, mənə belə cavab verdi ki, xalqımız insanları məzhəb mənsubiyyətinə görə bölmür. Mən şəxsən bir neçə il bundan qabaq atamdan sünni və ya şiə olduğumuzu soruşmuşam. O, mənə dedi ki, baban sünni, nənən isə şiə idi. Amma əsas odur ki, biz hamımız azərbaycanlıyıq. Həmçinin Azərbaycandakı ictimai, iqtisadi inkişaf və iş imkanlarının mövcudluğu məzhəb qarşıdurmalarının baş qarışdırmasını lüzumsuz edir.
Azərbaycanda sünnilər və şiələr tolerantlıq və həmrəyliklə bir-birinə bağlıdırlar”. Sonda müəllif Azərbaycanın bu nümunəsinin yayılmasının zəruriliyini vurğulayır.

Digər xəbərlər