Siyasət

  • 4 598

Qeyri-neft sektoru dinamik inkişaf edir

image

Müasir dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkə iqtisadiyyatının mühüm sahəsi olan qeyri-neft sektorunun inkişafının təmin edilməsi istiqamətində mühüm işlər görülür. Bu inkişafın təməli Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Onun Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə kənd təsərrüfatına xüsusi əhəmiyyətli sahə kimi diqqət yetirilmişdir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ərzaq təhlükəsizliyi üzrə tam müstəqilliyə nail olunmasını milli hədəflərdən biri kimi müəyyənləşdirib. “Hazırda qarşıda duran ən başlıca məqsəd daxili imkanlar hesabına kənd təsərrüfatı və ərzaq məhsulları ilə özünütəminata və davamlı inkişafa nail olmaqla, Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaqdır”- deyən ölkə başçısı İlham Əliyev iradəsi və göstərişləri ilə ardıcıl tədbirlər həyata keçirilir.
Azərbaycan Prezidentinin sərəncamları ilə ölkənin sosial-mədəni və iqtisadi sahələrində olduğu kimi, aqrar sahəsinin inkişafına dair qəbul olunmuş dövlət proqramları, müvafiq qanunvericilik aktları ölkə ərazisində olan torpaq ehtiyatlarından səmərəli şəkildə istifadə üçün geniş imkanlar açıb. Təbii ki, ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi baxımından kənd təsərrüfatı böyük potensiala malikdir. Aqrar sektora göstərilən güzəştli kreditlərin, vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin və digər dövlət dəstəyi ilə keçirilən tədbirlər nəticəsində bir sıra ərzaq məhsullarının istehsalı artmışdır.

KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ İSTEHSALI VƏ EMALINA XÜSUSİ DİQQƏT YETİRİLİR

Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasında yay və qış otlaqlarından səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı” və s. aqrar sahənin inkişafına yeni yollar açıb. Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyri-neft sektorunun inkişafı istiqamətində və ərzaq təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edən sahələrdən biri kimi kənd təsərrüfatı məhsullarının istehsalı və emalına xüsusi diqqət yetirilməsinin nəzərdə tutulması da aqrar sahəyə göstərilən diqqətin daha bir nümunəsidir. Qeyri-neft sektorunun dinamik inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər, eləcə də, ölkəmizin əlverişli torpaq-iqlim şəraiti, mövcud işçi qüvvəsi, emal sənayesi müəssisələrinin xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsi imkanları və ixrac potensialının olması aqrar sahənin daha da inkişafına əlverişli şərait yaradır. Emal sənayesi müəssisələrinin yaradılması ölkə iqtisadiyyatının, o cümlədən, qeyri-neft sektorunun inkişafına töhfə verməklə yanaşı, Azərbaycanın ixracyönümlü məhsullarının sayının və çeşidinin artırılmasında da rol oynayır. Belə layihələrin icrası həm də əhalinin məşğulluğunun təmin edilməsi baxımından əhəmiyyətlidir.

“BAKU AGROPARK” ÖLKƏMİZİN İQTİSADİ POTENSİALINI ARTIRAN MÜƏSSİSƏDİR”

Son illərdə regionlarda və Bakı şəhərinin qəsəbələrində 312 hektar sahədə ümumi dəyəri 400 milyon manat olan 58 müasir istixana kompleksinin yaradılması da kənd təsərrüfatı sahəsin inkişafında mühüm rol oynayır. Belə ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 200 milyon manat güzəştli kredit verilib. Hazırda ölkədə 3 min hektara yaxın sahədə mövcud və tikilməkdə olan istixana təsərrüfatları var. Bunun 2463 hektarı mövcud, 463 hektarı isə tikilməkdə olan istixana təsərrüfatlarıdır. Fəaliyyətdə olan istixana təsərrüfatlarından bu il avqustun 1-dək 302,3 min ton tərəvəz məhsulları yığılıb. İstehsal olunan məhsullar, əsasən, ixrac edilir. Görülən işlərin nəticəsidir ki, bu ilin 10 ayı ərzində tərəvəz ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 64,5 faiz artıb. Bu artım 259,7 min ton və ya 184,2 milyon dollar təşkil edib. Bu gün istehsal olunan məhsulların bir qismi xaricə ixrac olunur. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” 21 sentyabr 2016-cı ildə imzalanmış Sərəncamı ilə Azərbaycan mənşəli mallar haqqında məlumatları təqdim edilir və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platforma yaradılıb. “Made in Azerbaijan” məhsulları xaricə ixrac edilir. Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən “BAKU AGROPARK” MMC-də istehsal olunan məhsullar “Tomat.az” brendi ilə, əsasən, ixrac edilir. Bu günlərdə buradakı iş şəraiti, eləcə də, istehsal prosesi ilə yaxından tanış olan Cənab Prezident bildirib ki, “BAKU AGROPARK” ölkəmizin iqtisadi potensialını artıran müəssisədir: “Burada ixracyönümlü məhsullar istehsal olunur. Bu da, bizim iqtisadiyyatımızın şaxələndirilməsi üçün çox vacibdir. İndiki şəraitdə biz bu məsələyə xüsusi diqqət göstəririk. Kənd təsərrüfatının inkişafı prioritet məsələdir”.
Cənab Prezident vurğulayıb ki, bu gün ölkəmizdə 400 hektardan çox sahədə yeni istixana kompleksləri salınır və orada yetişdiriləcək məhsulun, demək olar ki, hamısı xaricə ixrac olunacaq.
Müasir standartlara cavab verən “BAKU AGROPARK”ın birinci mərhələsində 10 hektar sahədə illik istehsal gücü 3,3 min ton pomidor məhsulu olan istixana kompleksi yaradılıb. Birinci mərhələdə layihə üzrə infrastrukturun yaradılmasına 21,7 milyon manat investisiya qoyulub. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə bu mərhələ üzrə 10 milyon manat güzəştli kredit ayrılıb. Dördüncü nəslə aid istixana kompleksi Niderland texnologiyasından istifadə olunmaqla qurulub. Burada kompleksin idarə olunmasında və yerli kadrların yetişdirilməsində Avropa mütəxəssislərinin xidmətindən istifadə olunur. Kompleksin texniki zonasında su, gübrə çənləri qoyulub, qazanxana və sutəmizləmə sistemi quraşdırılıb. İstixananın suvarılmasını təmin etmək üçün 21 min kubmetr tutumu olan su hövzəsi yaradılıb. İstixanada yüksək keyfiyyət göstəricilərinə malik olan ekoloji təmiz məhsullar istehsal edilir. Ölkə başçıçı bildirib ki, indi biz özümüzü tərəvəzlə təmin etmişik və ölkəmizə ən çox gəlir gətirən sahə, məhz pomidorla bağlıdır: “Bu ilin 10 ayında pomidor ixracından ölkəyə 130 milyon dollar pul gəlib. İndi təsəvvür edin, əgər biz növbəti mərhələdə 400 hektarda yeni istixana komplekslərini istifadəyə versək, bu da təbii ki, olacaq, - bu, bizim ixrac imkanlarımızı qat-qat artıracaq. Bu, yeni iş yerləri deməkdir, burada təqribən 200-ə yaxın vətəndaş işlə təmin olunub”.
Göründüyü kimi, dövlətin maliyyə dəstəyi ilə müasir istixanaların yaradılması tərəvəz istehsalının və ixracının artırılması imkanlarını daha da genişləndirir.
Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər