Ali məktəblərdə media təhsilinin hazırkı vəziyyətinə dair müzakirələr aparılır

Dekabrın 7-də “Azərbaycanda ali məktəblərdə media təhsili” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Tədbirdə Avropa Şurası (AŞ) Bakı ofisinin rəhbəri Zoltan Hernyes layihə haqqında konfrans iştirakçılarına məlumat verib. Bildirilib ki, bu layihə AŞ və Avropa İttifaqı (Aİ) tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində reallaşdırılan “Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi”nin “İfadə azadlığı və media azadlığı” layihəsi üzrə həyata keçirilir.Konfransın müvafiq mövzuda geniş fikir mübadiləsi aparmaq üçün əlverişli imkanlar yaradılacağına əminliyi bildirən Z.Herneys diqqətə çatdırıb ki, layihə çərçivəsində Azərbaycanda ali məktəblərdə media təhsilinin hazırkı vəziyyəti araşdırılıb.Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüqar Səlimov və başqaları çıxış edərək layihənin ölkəmizdə medianın inkişafı baxımından əhəmiyyətini vurğulayıb, bu təşəbbüs çərçivəsində çapdan çıxan dərsliklərin təqdirəlayiq olduğunu bildiriblər.Konfrans çərçivəsində “Fotojurnalistika”, “Radio jurnalistikası”, “Televiziya jurnalistikası”, “Yeni media jurnalistikası” dərsliklərinin təqdimatı olub. Bu nəşrlər Norveç Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda jurnalistika tədrisinin inkişafına dəstək” layihəsi çərçivəsində çapdan çıxıb. Yerli və xarici jurnalistlərin iştirakı ilə hazırlanmış “Fotojurnalistika” Azərbaycan dilində nəşr olunan ilk fotojurnalistika dərsliyidir. Nəşrdə AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun beynəlxalq mükafatlara layiq görülmüş dörd fotosu yer alıb.Konfrans işini sessiyalar üzrə davam etdirib.

sia.az