Nərgiz Paşayeva Böyük Britaniyanın Lordlar Palatasında İngiltərə-Azərbaycan Cəmiyyətinin ənənəvi Milad xeyriyyə yığıncağı və Cəmiyyətin 20 illik yubileyində iştirak edib

Böyük Britaniya Lordlar Palatasının məşhur “The Peers” zalında İngiltərə-Azərbaycan Cəmiyyətinin (www.anglo-azerbaijani-society.com) ənənəvi illik Milad xeyriyyə yığıncağı, həmçinin Cəmiyyətin fəaliyyətə başlamasının 20 illik yubileyi qeyd edilib.

Tədbirdə Cəmiyyətin Böyük Britaniya tərəfindən həmsədri, Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord German, İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfindən həmsədri, akademik Nərgiz Paşayeva, qurumun İcraiyyə Komitəsinin üzvləri, Böyük Britaniya Parlamentinin üzvləri, Londonda akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, yerli və xarici iş adamları, Britaniyada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Lord German Cəmiyyətin Azərbaycan tərəfindən həmsədri akademik Nərgiz Paşayevaya təşkilatın fəaliyyətindəki böyük xidmətlərinə görə minnətdarlığını bildirib. Qonaqları salamalayan britaniyalı həmsədr İngiltərə-Azərbaycan Cəmiyyətinin bu yubiley tədbirində iştirak etdiklərinə görə onlara minnətdarlığını bildirib və qeyd edib ki, İngiltərə-Azərbaycan Cəmiyyəti artıq 20 ildir mədəni-maarifçi, humanitar, xeyriyyə kimi sahələrdə uğurla fəaliyyət göstərir.
İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfdən həmsədri akademik Nərgiz Paşayevaya çıxış edərək cəmiyyətin 20 illik fəaliyyəti və uğurları barədə ürək sözlərini dedi.
Daha sonra Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə çıxış edərək Cəmiyyətin gələcək fəaliyyətinə uğurlar arzulayıb və Cəmiyyətin bütün üzvlərini şərəfli yubiley münasibətilə təbrik edib.
Tədbirdə İngiltərə-Azərbaycan Cəmiyyətinin İcraçı Komitəsinin üzvləri də çıxış etdilər.
Tədbirin sonunda İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfindən həmsədri akademik Nərgiz Paşayeva Azərbaycan televiziyasına müsahibə verib. Akademik N.Paşayeva deyib: “Bu gün Böyük Britaiya Parlamentinin Lordlar Palatasında ənənəvi olaraq İngiltərə-Azərbaycan Cəmiyyətinin illik xeyriyyə tədbiri keçirilir. Bu yığıncaq xüsusi bir tarixə də malikdir. Belə ki, biz İngiltərə-Azərbaycan Cəmiyyəti olaraq, 20 ildir ki, Britaniyada fəaliyyət göstəririk. Başlıca cəhət ondan ibarətdir ki, bu Cəmiyyət İngiltərədə təsis olunmuş funksional, davamlı və uzun tarixə malik və müstəqil Azərbaycanı Böyük Britaniyada təmsil edən nüfuzlu bir təşkilatdır. İndiyə qədər Cəmiyyət haqqında yalnız müsbət rəylər söylənilib. Cəmiyyətin işi İngiltərə ictimaiyyəti tərəfindən dəstəklənib və Cəmiyyətin yüksək hörməti və nüfuzu vardır. Bu xoş haldır və biz inanırıq ki, gələcəkdə İngiltərə-Azərbaycan Cəmiyyəti iki ölkə arasında mədəni, insani, tarixi və xeyriyyəçilik ənənələrini daha da möhkəmləndirəcək”.
Böyük Britaniyanın keçmiş sənayə və energetika naziri, İngiltərə-Azərbaycan Cəmiyyətinin Britaniya tərəfindən ilk həmsədri olmuş Tim Eqqer Azərbaycan televiziyasına verdiyi müsahibəsində qeyd edib: “Mən İngiltərə-Azərbaycan Cəmiyyətinin yaradıldığı dövrü yaxşı xatırlayıram. İlk günlərdən mən Cəmiyyətin üzvüyəm. Ötən 20 il ərzində bu Cəmiyyət iki ölkə arasında həm mədəni, həm də iqtisadi münasibətlərin möhkəmlənməsində mühüm rol oynayıb. Burada, Lordlar Palatasında yubileyin qeyd olunması mənim üçün həm sevindirici, həm də qürurvericidir”.

yap.org.az