Əbədi və ölməz Heydər Əliyev dühası

Hər bir tarixi şəxsiyyətin öz xalqı və bəşəriyyət üçün tarixi izləri mövcuddur. Bu şəxsiyyətlərin işlətdikləri hər bir kəlam sonradan öz əhəmiyyəti və mühümlüyü ilə yeni tarixlərin yazılmasına xidmət edir. "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır", məhz bu tarixi kəlam Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevə məxsusdur. Bütün fəaliyyəti ilə xalqa, Azərbaycan dövlətinə bağlı olan Dahi Öndərimiz bu qızıl sözlərini öz əməli ilə həyata keçirdi və bu gün də həmin kəlamlar yaşadılmaqda, müasir Azərbaycanın inkişafında rol almaqda davam edir...

Bu xilas olmasaydı, müstəqil Azərbaycan da olmayacaqdı

Ümumiyyətlə, Azərbaycanın bu günkü regional və beynəlxalq mövqeyini izləyərkən, araşdırarkən, bizlər bir daha keşməkeşli tarixi hadisələri incələyərək, bir çox mühüm amillərə varırıq. Belə ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan bir çox təhlükələr qarşısında qalanda Heydər Əliyevin xalqın təkidli tələbi, sosial sifarişi ilə rəhbərliyə qayıdışı ölkədə köklü dəyişikliklərin baş verməsinə səbəb oldu. Ulu Öndər ölkəmizin inkişaf strategiyasını müəyyən etdi, inkişafın, tərəqqinin Azərbaycan modelini yaratdı. Əslində, bu strategiya hələ uzun illər öncədən müəyyənləşdirilmişdi. Qalırdı zamanını, vaxtını gözləməyə... Uzaqgörən Lider bu zamandan tam vaxtında istifadə edərək, Azərbaycan xalqının xilasını reallaşdırdı. Bu xilas olmasaydı, müstəqil Azərbaycan da olmayacaqdı... Beləliklə, sarsılmaz əqidəyə, möhkəm iradəyə malik, qətiyyətli, yenilməz və müdrik bir İnsan olan Heydər Əliyevin zəngin həyatını, siyasi irsini və s. bu kimi faktorlarını araşdırdıqca, bizlər bir daha müəyyən edirik ki, Onun Azərbaycan üçün atdığı hər bir tarixi addım bizlərə əvəzedilməz bir nümunədir. Çünki Heydər Əliyev dühası rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb.

Yeni şəraitdə milli və dövlət quruculuğu ideyalarına uyğun olan daha etibarlı dəyərlər bazası və kollektiv özünüdərk zərurəti yarandı

Məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi sayəsində Azərbaycan cəmiyyəti 1990-cı illərin əvvəllərinin xaos və özbaşınalığını arxada qoyaraq özündə yeni inkişaf ideologiyası ilə ifadə oluna biləcək dəyərlərə can atmaq həvəsi hiss etdi. Yeni şəraitdə milli və dövlət quruculuğu ideyalarına uyğun olan daha etibarlı dəyərlər bazası və kollektiv özünüdərk zərurəti yarandı. Ona görə də bu gün Heydər Əliyev tarixindən danışarkən, mülahizələr irəli sürərkən bu gerçəklik vurğulanır - XX əsrin sonu Azərbaycan xalqının həyatında taleyüklü bir dövrdür. Tarixin bu dövründə baş verən hadisələr dahi tarixi şəxsiyyəti - Heydər Əliyevi siyasi səhnəyə gətirdi! Yeri gəlmişkən, politoloji nöqteyi-nəzərdən yanaşarsaq qeyd edə bilərik ki, dünya siyasi tarixində baş verən hadisələrin mürəkkəbliyi, bir quruluşa malik dövlətlərin məhvi, digərlərinin yaranması baxımından XX əsrin sonları heç bir dövrlə müqayisə edilə bilməz. Azərbaycan bu dövr kəsişməsində çox böyük ağrı-acılardan üzüağ çıxdı. Çünki Azərbaycan istər bu, istərsə də daha öncəki tarixi dövrlərdə mövcud olduğu coğrafiyası, zəngin təbiəti, Şərq və Qərb arasında ortaq-sintez sivilizasiya missiyası ilə dünyanın diqqət mərkəzində olub. Düşünsək ki, belə bir mahiyyətə malik ölkəni ölümün, məhvin caynağından xilas etmək heç bir siyasi şəxsiyyətə nəsib olmur, bəlkə də yanılarıq. Ona görə ki, Allah Azərbaycan xalqına fövqəl İnsan, Lider ərməğan etmişdi və belə bir dövlətin lideri olmaq Ulu Öndər Heydər Əliyev Şəxsiyyətinə yazıldı. İqtisadiyyat, sənaye, hərbi, mədəniyyət, təhsil, mətbuat və digər sahələrin hər birinin bugünkü tərəqqisinin təməlində bilavasitə Heydər Əliyev izi, Heydər Əliyev nəfəsi duyulmaqdadır. Belə ki, ölkənin həyatında çox zəruri olan ictimai-siyasi sabitləşməyə nail olunduqdan sonra demokratik prinsiplərin və təsisatların yaradılması və təkmilləşdirilməsi, dövlət aparatının möhkəmləndirilməsi və iş qabiliyyətli dövlət idarəçilik təsisatlarının formalaşdırılması, cəmiyyətdə yeni davranış norma və stereotiplərinin yaradılması, yeni - açıq və demokratik vətəndaşlığın formalaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, həyat qabiliyyətli tarazlı xarici siyasət modelinin yaradılması istiqamətində əməli işlərə başlanıldı. Bütün bunlar Heydər Əliyev müdrikliyi əsasında hazırlanmış əvəzsiz konsepsiyanın tərkib hissələri idi. Həəmçinin, Heydər Əliyevin balanslaşdırılmış xarici siyasəti sayəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirməyə başladı, ölkəmiz Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilməyə yön aldı. Ulu öndərin çoxsaylı xarici səfərləri, ikitərəfli və beynəlxalq səviyyədə imzalanmış mühüm saziş və sənədlər, beynəlxalq və regional təşkilatlarla aparılan gərgin iş ölkəmizin inkişafının sürətləndirilməsinə mühüm töhfəsini verməyə başladı.

İqtisadi sosial-inkişafın möhkəm əsasları

Ulu Öndər Heydər Əliyevin ilkin səyləri nəticəsində bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu, Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. Ümummilli Liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı. Dahi siyasətçi Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi. Nəticədə iqtisadi sahədə islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə ulu öndər beynəlxalq tələblərə uyğun qanunvericilik bazasının yaradılmasını təmin etdi. Azərbaycanın o zamankı məhdud imkanlarını nəzərə alan Ulu Öndərimiz iqtisadiyyatda ciddi dönüşə nail olmaq üçün respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib hesab edirdi. Heydər Əliyev neft və qaz hasilatının artımına ölkənin qarşıdakı iqtisadi və sosial çətinliklərinin aradan qaldırılmasında əsas vasitələrdən biri kimi baxırdı. Belə bir şəraitdə maliyyə vəsaitinin məhdudluğu xarici şirkətlərin və investorların cəlb olunmasını strateji zərurətə çevirmişdi. Heydər Əliyevin hakimiyyətə qayıdışından dərhal sonra xarici investorlarla neft müqavilələri üzrə fəal danışıqlara başlandı və çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi.

Müstəqil Azərbaycanın müstəqil mətbuatı Heydər Əliyevin adı ilə bağlıdır

Onu da qeyd etmək istərdim ki, məhz Ümummilli Lider Heydər Əliyevin ölkə mətbuatı üçün gördüyü böyük işlərin nəticəsidir ki, bu gün müstəqil mediamız dünyanın siyasi arealında Azərbaycanda görülən nəhəng işləri beynəlxalq mediasının diqqətinə çatdırmaqdadır. Biz, müasir media tariximizi də araşdırarkən, Onun bu istiqamətdə atdığı hər bir addımın bugünkü dövrümüzə nə qədər əhəmiyyətli dərəcədə təsir etdiyini vurğulaya bilərik. Çünki Azərbaycanın çətin dövrlərində ölkə jurnalistikası da məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya dayanmışdı. Unutmaq olmaz ki, mətbuatın inkişafına mane olmaq, azad sözü boğmaq üçün 1992-ci ildə yaradılan hərbi senzura yazılı mətbuatın vəziyyətini daha da ağırlaşdırdı. Milli maraqları maddiyə satanlar qorxurdular ki, onların əleyhinə hər hansı bir informasiyanın, əslində isə həqiqətin xalqa çatdırılması onların siyasi iflasına gətirib çıxaracaq. 1993-cü ilin aprel ayında senzuranın tətbiqinin miqyasının genişləndirilməsi və bütün informasiya yayımını əhatə etməsi haqqında verilən sərəncam məlumat azadlığını, jurnalistlərin sərbəst məlumat əldə etmək və yaymaqla bağlı peşə fəaliyyətini ciddi şəkildə məhdudlaşdırırdı. Bu problemlər, bu dəhşətli çətinliklər Azərbaycan mətbuatının bərbad hala düşməsinə gətirib çıxarmışdı. Amma hər qaranlıq gecənin bir işıqlı səhəri olduğu kimi, Azərbaycanın da bu çətinliklərdən, böhrandan xilas olduğu gün gəlib çatdı...

Ulu Öndər Heydər Əliyev Azərbaycan jurnalistikasının inkişafında hər zaman xüsusi yeri olan Şəxsiyyətlərdəndir

Bu işıqlı yolun başlanğıcını qoyan Heydər Əliyev mətbuat orqanlarının azad fəaliyyətinə şərait yaratdı, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsinə yol açdı. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi milli mətbuat ənənəsinin davam etdirilməsinə zəmin yaratmış oldu. O da əbəs deyil ki, Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiyada da mətbuata verilən qiymət öz əksini tapdı: "Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir". Bəli, 1998-ci ildə imzalanan "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Fərman ölkə mətbuatının inkişaf tarixində mühüm hadisə kimi qiymətləndirilir. Bu fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım sayıldı. Məhz bu Fərmanla Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşdü. 1999-cu ilin sonunda qəbul olunan "Kütləvi informasiya vasitələri haqqında" yeni qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət etdi. Bu sənəd Azərbaycanda mətbuatın inkişafına mane olan bir sıra bürokratik əngəllərin aradan qaldırılmasına yol açdı. Dövlət qeydiyyatı ləğv olundu və yeni mətbuat orqanlarının təsis olunması prosedurası asanlaşdırıldı. Ancaq bu da son deyildi... Belə ki, Ulu Öndər Heydər Əliyevin mətbuatın inkişafı ilə bağlı tədbirləri davamlı şəkil aldı. 2000-ci ilin martında imzalanan mühüm Sərəncam ilə "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı" təsdiq olundu, Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı. Ona görə də daim vurğulanır ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan jurnalistikasının inkişafında hər zaman xüsusi yeri olan Şəxsiyyətlərdəndir. Heydər Əliyev bir sıra qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarını dondurmaqla və sonradan bu borcları ləğv etməklə iqtisadi böhranın girdabında boğulan mətbu vasitələri xilas etdi.

Dahi Şəxsiyyət Heydər Əliyev istər Azərbaycanın, istərsə də dünyanın siyasi mühitinə LİDERLİK simvolu olaraq həkk olundu

Bundan başqa, Ulu Öndərimiz cəmiyyətdə jurnalistlərə münasibətin formalaşmasında mühüm rol oynadı. Şəxsi təşəbbüsləri ilə jurnalistlərlə, qəzetlərin baş redaktorları ilə keçirdiyi görüşlər Heydər Əliyevi mətbuatın problemləri ilə daha yaxından tanış etdi. Bütün ölkə jurnalistləri Onu ölkə başçısı kimi olmaqla yanaşı, həm də bir dost, onların zəhmətinə qiymət verən yaxın sirdaş kimi qəbul edirdi. Bunun nəticəsi idi ki, 2003-cü ildə Ümummilli Liderimiz Heydər Əliyev "Jurnalistlərin dostu" adına layiq görüldü. 2001-ci ildə kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşən Ulu Öndər Heydər Əliyev bu tarixi kəlamlarn vurğuamşdı: "Biz mətbuat haqqında bir neçə ciddi addım atmışıq: söz azadlığının, mətbuat azadlığının təmin olunması, senzuranın aradan qaldırılması, bütün mətbuat orqanlarına sərbəstlik verilməsi. Əgər bu gün hansısa yeni bir şey varsa, biz onu edirik və edəcəyik".Beləliklə, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan və onun inkişaf strategiyası bütün sahələri əks etdirməklə, milli mətbuatımızın da strateji hədəflərini müəyyən etmiş oldu. Uzaqgörənliyi və müdrikliyi ilə xalqı, Vətəni və dövləti üçün çalışan, bu yolda əməyini əsirgəməyən Dahi Şəxsiyyət Heydər Əliyev istər Azərbaycanın, istərsə də dünyanın siyasi mühitinə LİDERLİK simvolu olaraq həkk olundu. Müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən parlaq səhifəsi Ulu Öndər Heydər Əliyev tərəfindən yazıldı. Heydər Əliyev bugünkü və gələcək nəsillər üçün müstəqil, çiçəklənən bir dövləti – müstəqil Azərbaycanı miras qoydu. Bu gün Dahi Önndərimiz aramızda olmasa da, Onun yaratdığı dövlətçilik fəlsəfəsi hər gün də bizimlə qoşa, hətta bizdən öndə addımlayır, yaşayır, yaşadılır. Çünki Vətənini, dövlətini sevən hər bir azərbaycanlının qəlbinin güşəsindəHeydər Əliyev adlı Düha yaşayır, əbədi və ölməz Heydər Əliyev Dühası...

Bəhruz QULİYEV,

"Səs" qəzetinin baş redaktoru