"Ümummilli Lider Heydər Əliyevin ideyaları əbədiyaşardır" MÖVQE

"Ümummilli lider Heydər Əliyevin ideyaları əbədiyaşardır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycan mədəniyyətinin və dilinin inkişafında gördüyü işlər ölkəmizin mədəniyyət və dil tarixində xüsusi yer tutur". Bu fikirləri SİA-ya Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib.Ulu Öndərin ölkə ədəbiyyatına, incəsənətinin müxtəlif sahələrinə, Azərbaycan dilinə çox böyük diqqət yetirdiyini deyən deputat söyləyib ki, Ümummilli Liderin formalaşdırdığı və müstəqillik dövründə də davam etdirilən mədəniyyət siyasətinin ən mühüm hissəsini indiyə qədər xalqımızın yaratmış olduğu mədəniyyətə xüsusi qayğının göstərilməsi təşkil edir: "Tarix boyu Azərbaycan xalqının yaratdığı mədəniyyətin qorunması, təbliğ olunması, klassiklərin xalqa tanıtdırılması istiqamətində müxtəlif addımlar atılır. Ümummilli lider Azərbaycan dilinin inkişafı istiqamətində də misilsiz işlər görüb. Azərbaycanda dil siyasətinin formalaşması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Ulu Öndərin adı ilə bağlıdır".N.Cəfərov əlavə edib ki, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra Ulu Öndərin sayəsində ana dilinin - dövlət dilinin ictimai-siyasi nüfuzunun yüksəldilməsi ilə bağlı bir sıra hüquqi sənədlər qəbul edilib: "Ümummilli lider Heydər Əliyevin milli dil quruculuğu siyasəti onun milli dövlət quruculuğu siyasətinin tərkib hissəsi olaraq bütöv bir sistem təşkil edir".

sia.az