Aktauda Ümummilli liderin xatirəsinə həsr olunan tədbir keçirilib

Qazaxıstanın Aktau şəhərində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.SİA məlumatına görə, Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğu tərəfindən təşkil olunan tədbirdə Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin üzvləri, “Azərbaycanın Qazaxıstanda biznes investisiyası Assosiasiyası”nın (ABİA) üzvləri, Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin tələbələri iştirak ediblər.Tədbirin açılışında Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın Aktaudakı Baş konsulluğunun başçısı Elxan Zeynalov çıxış edərək görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti haqqında, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində gördüyü əvəzolunmaz xidmətlərindən, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin qoyduğu və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlər haqqında danışıb.Daha sonra “Dostluq” milli-mədəni cəmiyyətinin sədri, şəhər maslixatının deputatı Şəmsəddin Hüseynov, istefada olan mayor Bəxtiyar Məsimov, şair Ramiz Həsənli, Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin baş müəllimi Zakir Əkbərov, azərbaycanlı tələbələr çıxışlarında ulu öndərin həyat və fəaliyyəti, xaricdə yaşayan azərbaycanlılara göstərdiyi diqqət və qayğıdan danışıblar.Tədbirin sonunda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

sia.az