İslam Əməkdaşlıq Təşkilatı Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanıyıb

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanıyıb. Bu barədə təşkilatın dekabrın 13-də Türkiyənin İstanbul şəhərində keçirilən növbədənkənar sammitinin nəticələrinə əsasən yayımlanan rəsmi məlumatda bildirilir. Türkiyə mətbuatının yazdığına görə, sənəddə dünya ictimaiyyətinə bu nümunəyə uyğun addımlar atmaq və Şərqi Qüdsü Fələstin dövlətinin işğal olunmuş paytaxtı kimi tanımaq tövsiyə olunub.İƏT-in Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanıması ABŞ Prezidenti Donald Trampın həmin şəhəri İsrailin paytaxtı hesab etməsinə cavabdır. Birləşmiş Ştatlar liderinin bu qərarı müsəlman ölkələri və Avropa liderləri tərəfindən sərt tənqidə məruz qalıb.İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr, həmçinin BMT-ni Qüdsün “statusunu qorumağa çağırıb”. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının “lazımi tədbirlər görməyəcəyi” təqdirdə, İƏT bu məsələni Baş Assambleyanın müzakirəsinə çıxaracağını bildirib. Xatırladaq ki, İslam Əməkdaşlıq Təşkilatına 57 üzv ölkə daxildir.

sia.az