BANM-də Vüqar Rəhimzadənin 50 illik yubileyi keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) “İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Vüqar Rəhimzadənin 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Ali Məktəbin rəhbərliyi, professor-müəllim heyəti və digər kollektiv üzvləri iştirak ediblər.BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, tədbiri öz çıxışı ilə açan BANM-ın rektoru Elmar Qasımov Vüqar Rəhimzadəni tədbir iştirakçılarına daha yaxından tanıdıb, onu Azərbaycan xalqının ən sadiq jurnalisti adlandırıb. Rektor dövlətçiliyin möhkəmləndirilməsinə, milli müstəqilliyimizin qorunub saxlanılmasına, xalqımıza sədaqətə, demokratik dəyərlərə, vətəndaş cəmiyyətinin inkişafına, milli ruhun oyanmasına, söz və fikir azadlığının təmin olunmasına yönəlmiş uğurlu fəaliyyətinin Vüqar Rəhimzadəyə ölkə ictimaiyyəti və kütləvi informasiya vasitələri işçiləri arasında böyük nüfuz qazandırdığını söyləyib. Elmar Qasımov məhz həmin xidmətlərinə görə Azərbaycan hökuməti və SOCAR-ın rəhbərliyi tərəfindən yüksək qiymətləndirilərək Vüqar Rəhimzadənin “Əməkdar jurnalist” fəxri adına, “Vətənə xidmətə görə” ordeninə və SOCAR-ın Fəxri fərmanına layiq görüldüyünü vurğulayıb.Rektor həmçinin “İki sahil” qəzetinin Ali Məktəbin ən yaxın tərəfdaşı olduğunu, Ali Məktəbin ilk yarandığı gündən onu dəstəkləyərək ictimaiyyətə tanıtmaqda böyük yardım etdiyini bildirib. Tədbirdə Elmar Qasımov Ali Məktəbin kollektivi adından Vüqar Rəhimzadəyə onun uğurlu fəaliyyətindən bəhs edən Ünvannaməni və Ali Məktəbin fəaliyyətinin ölkə ictimaiyyəti arasında təbliğinə verdiyi dəyərli töhfələrə görə Təşəkkürnamə plaketi təqdim edib.Tədbirin sonunda Vüqar Rəhimzadə Ali Məktəbin rəhbərliyinə və bütün kollektivinə ona olan diqqət və hörmətə görə təşəkkür edib. Ali Məktəbin hər zaman onun üçün doğma olduğunu bildirən əməkdar jurnalist BANM-ı Azərbaycanın ən nüfuzlu ali təhsil ocağı adlandırıb.

sia.az