Siyasət

  • 6 739

Neftdən əldə olunan gəlirlər hesabına yeni sosial-iqtisadi infrastrukturun yaradılması davam edir

image

Prezident İlham Əliyev: "Neft bizim təbii sərvətimizdir, xalqımızın böyük sərvətidir, biz də ondan istifadə edib ölkəmizi inkişaf etdiririk"

Azərbaycan üçün uğurlu tarix kimi yaddaşlarda qalan 2017-ci il sona çatdı. Ötən il həm dövlətimizin, həm də xalqımızın həyatına daha bir inkişaf ili kimi daxil oldu. 2017-ci ildə atılan addımlar və qazanılan nailiyyətlər perspektiv inkişafımız üçün mühüm əhəmiyyət kəsb edir. Xüsusilə də, neft sektorunda əldə olunan nailiyyətlər önəmli xarakter daşıyırdı. Belə ki, 2017-ci ilin aprel ayında "Bibiheybət" mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpası tamamlandı. Prezident İlham Əliyev quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış oldu. Dünyada ilk neft quyusunun Xəzər dənizinin sahilində qazılması faktı Qafqaz canişini knyaz Mixail Vorontsovun 1847-ci ilin iyul ayında imzaladığı hesabatlarda da öz təsdiqini tapır. 1846-cı ilin yanvarında Bakı neft və duz mədənlərinin direktoru, dağ mühəndisləri korpusunun polkovnik-leytenantı Nikolay Voskoboynikovun rəhbərliyi ilə "Bibiheybət" yatağında iki quyunun qazılmasına başlanılır. Quyulardan biri 21 metr dərinlikdən neft verir və bununla da, dünyada sənaye üsulu ilə neft hasilatının əsası qoyulur.
2017-ci ildə artıq 24-cü dəfədir Azərbaycanın ev sahibliyi etdiyi Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində çıxış edərkən, Prezident İlham Əliyev həmin hadisəni bir daha xatırlatdı: "Azərbaycan neftin vətənidir. Sənaye üsulu ilə neft ilk dəfə 1846-cı ildə Azərbaycanda çıxarılmışdır. Bu il yeni tarixi sənədlər aşkarlandı. Mən, bir müddət bundan əvvəl, göstəriş vermişdim ki, dünyanın müxtəlif kitabxanalarında, muzeylərdə mövcud olan sənədlər bir daha nəzərdən keçirilsin və daha dəqiq məlumat əldə edilsin. Bu məlumat əsasında yeni tarixi sənədlər üzə çıxıb. Bu sənədlər göstərir ki, 1846-cı ildə Azərbaycanda və Bakının Bibiheybət ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyudan neft çıxarılmışdır. Bu il biz o əlamətdar hadisəni qeyd etmək üçün həmin ərazidə o köhnə neft quyusunun abidəsini ucaltdıq və əminəm ki, Bakıya gələn turistlər üçün bu sahə çox böyük maraq doğuracaqdır".
Ümumiyyətlə, 2017-ci ilin neft-qaz sərgisi də müvəffəqiyyətlə keçdi. Məlum olduğu kimi, hər il bu sərgi ilə yanaşı, eyniadlı konfrans da fəaliyyət göstərir. Bundan əlavə, artıq 7-ci dəfədir həmin tədbirlərlə yanaşı, Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji Sərgisi də baş tutur. Hər il olduğu kimi, Prezident İlham Əliyevin ənənəvi neft-qaz sərgisinin açılışında iştirak etməsi bu tədbirin böyük əhəmiyyət daşıdığını bir daha təsdiqlədi.
2017-ci ildə Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin yaşıdı olan "Əsrin Müqaviləsi"nin də "ömrü" uzadıldı. 23 il əvvəl imzalanmış Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" ("AÇG") yataqlarının tammiqyaslı işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişinin əsrlərə hesablanmış müqavilə olduğunu zaman özü sübut etdi. 2017-ci ildə "AÇG"-nin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişin imzalanması üçün zərurət yarandı. Çünki "AÇG" potensialı böyük olan yataqlar blokudur. Hesablamalara görə, burada bir milyard ton neft ehtiyatı var. 1994-cü ildə "AÇG"-nin tammiqyaslı işlənməsi üçün saziş isə 30 il müddətinə imzalanmışdı.
Xəzərin ölkəmizə məxsus sektorunda, sahildən təxminən 120 kilometr şərqdə yerləşən "AÇG" yataqları dünyanın ən zəngin neft mənbələrindədir. "Çıraq"dan artıq 20 ildir neft hasil olunur. 2005-ci ildən "Azəri" yatağı da neft verməyə başlayıb. "Günəşli"nin dayaz hissəsi Sovet dönəmindən Azərbaycan neftçiləri tərəfindən istismar olunur. Dərinsulu hissəsinin işlənməsi isə "Əsrin Müqaviləsi"nin tərkibinə daxildir. İndiyədək "AÇG"-dən 3,2 milyard barrel (təqribən 440 milyon ton) neft çıxarılıb. Müqavilə imzalanandan bəri layihəyə 33 milyard dollar sərmayə qoyulub. Azərbaycan 125 milyard dollardan çox birbaşa mənfəət əldə edib.
"AÇG"-dən növbəti illərdə çıxarılacaq neftdən gələn gəlirlər ölkəmizin maddi imkanlarının genişləndirilməsinə daha bir təkan verəcək. İmzalanan sazişi, haqlı olaraq, "Yeni əsrin müqaviləsi" adlandırırlar. O, 1994-cü ildə imzalanmış sazişdən daha böyük miqyaslıdır. Başqa sözlə, növbəti 32 il ərzində "AÇG"-nin ölkəmizə gətirdiyi iqtisadi mənfəətlər maksimuma çatdırılacaq. Tərəfdaşlıqdan söz düşmüşkən, yeni sazişdə "AÇG"-nin tərəfdaşları dəyişməyib. BP (30,37 faiz, Böyük Britaniya) layihənin operatoru olaraq qalır. SOCAR (Azərbaycan) layihədə "Az"AÇG"" şirkəti ilə təmsil olunur. Digərləri "Şevron" (9,57 faiz, ABŞ), "İnpeks" (9,31 faiz, Yaponiya), "Statoyl" (7,27 faiz, Norveç), "EksonMobil" (6,79 faiz, ABŞ), TP (5,73 faiz, Türkiyə), "İtoçu" (3,65 faiz, Yaponiya) və OVL (2,31 faiz, Hindistan) şirkətləridir. Sazişin bir hissəsi olaraq SOCAR-ın layihədəki iştirak payı əvvəlki 11,65 faizdən 25 faizə çatdırılıb.
Xatırladaq ki, indiyədək Azərbaycanda 2 milyard tondan çox neft çıxarılıb. Bu neftin yarısı son 46 ildə hasil edilib. Bu, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində mümkün olub. Çünki Ümummilli Liderin Azərbaycana rəhbərliyinin hər iki dövrü neft-qaz sənayesinin dinamik inkişaf mərhələsi kimi səciyyələndirilir. Əgər keçən əsrin 70-80-ci illərində respublikada geniş neft infrastrukturu yaradılmış, yeni yataqlar aşkar olunmuşdursa, 1994-cü ildə nəhəng kontrakt imzalanmışdır. 2 milyard ton Azərbaycan neftinin sanballı bir hissəsini də, məhz bu müqavilə çərçivəsində "AÇG" -dən hasil olunan neft təşkil edir.
"AÇG" yataqlarından hasilat 2017-ci ildə də sabit və təhlükəsiz şəkildə davam etmişdir. Hazırda "AÇG"-dən gündəlik orta hasilat 585 min barreldir. Yanvar-sentyabr aylarında bu yataqlardan 160 milyon barrelə yaxın, yəni 22 milyon ton neft çıxarılmışdır. Hasilatın ahəngdar davam etməsi "AÇG"-nin ehtiyatlarının hələ bol olduğunu göstərir. Bu müddətdə "Çıraq"dan gündəlik orta hasilat 52 min, "Mərkəzi Azəri"dən 133 min, "Qərbi Azəri"dən 120 min, "Şərqi Azəri" 80 min, "Dərinsulu Günəşli"dən 119 min və "Qərbi Çıraq"dan 81 min barrel olub. Hazırda "AÇG"-də ümumilikdə, 114 neft hasilatı quyusu, 45 qaz və su injektor quyusu istismar edilir. Yataqlarda qazma və tamamlama işləri də həyata keçirilir. Belə ki, ilin əvvəlindən burada 15 neft hasilatı quyusu və 4 suvarma quyusu qazılıb. 2017-cı ilin ilk üç rübündə "AÇG"-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin, "Neft Daşları"ndakı qurğu vasitəsilə gündə orta hesabla 8,6 milyon kubmetr, ümumilikdə isə, 2,4 milyard kubmetr səmt qazı da ötürülüb. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
"AÇG"-dən indiyədək, ümumilikdə, 30 milyard kubmetrdən artıq səmt qazı hasil edilib və təmənnasız olaraq, Azərbaycan hökumətinə təhvil verilib. 2017-ci il ərzində istər qurudakı, istərsə də dənizdəki köhnə yataqlardan da neft hasilatı ahəngdar davam edib. Azərbaycanın çoxminli neftçilər ordusu gərgin zəhmətlə, elm və texnikanın nailiyyətlərindən istifadə etməklə hasilatı sabit saxlamağa, hətta artırmağa nail olublar.
Neftdən əldə olunan gəlirlər hesabına yeni sosial infrastrukturun yaradılması davam edir. Neft sektoru qeyri-neft sahəsinin getdikcə şaxələndirilməsinə də təkan verir. 2017-ci ildə kənd təsərrüfatında, eləcə də, digər sahələrdə nəzərə çarpan irəliləyişlər əldə olundu. Bunların hamısının əsasında neft gəlirləri dayanır.
Bir sözlə, Azərbaycan neft kapitalını insan kapitalına çevirə bilmişdir. Prezident İlham Əliyev bu barədə belə demişdir: "Biz neftdən gələn gəlirləri ölkəmizin inkişafına yönəltdik, insan kapitalına, infrastruktur layihələrinə qoyduq və bu gün neft Azərbaycan xalqının inkişafını təmin edir. Bax, müstəqillik budur və 25 il müstəqil dövlət kimi yaşayan Azərbaycan bu gün ayaqda möhkəm dayanıb. Neft bizim təbii sərvətimizdir, xalqımızın böyük sərvətidir və biz də ondan istifadə edib ölkəmizi inkişaf etdiririk".

"Səs" Analitik Qrupu

Digər xəbərlər