Siyasət

  • 4 472

27 yaşlı "SƏS" qəzeti

image

Bu gün "SƏS" qəzetinin 27 yaşı tamam olur. SİA-nın xəbərinə görə, "SƏS" qəzeti 1990-ci ilin noyabrında "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-də dərc olunmağa başlayıb. Qəzetin ilk redaksiyası Azərbaycan Milli Elamlər Akademiyasının Fizika İnstitutunun 6-cı mərtəbəsində olub.Fəaliyyətə başladığı vaxtdan həftədə 2 dəfə 8 səhifə həcmində və 5-10 min tirajla dərc olunub. Ağabəy Əsgərovun baş redaktorluğu ilə nəşr olunan "SƏS" qəzeti müxalifət ampluasından çıxış edərkən, yəni 1992-ci ildən tirajı 15 mindən yuxarı olub, 1993-cü ildə isə 25 minə çatıb. Bir sıra hallarda tiraj sayı hətta 35 mini təşkil edib. 1994-cü ildən 16 səhifə həcmində çap olunmaqla yanaşı, 1998-ci ildən etibarən gündəlik işıq üzü görməyə başlayıb.1991-ci ildən etibarən qəzetin səhifələrində tanınmış şəxslərin məqalələri dərc olunub. Yarandığı vaxtdan Ulu Öndər Heydər Əliyevin müdafiəçisi rolunda çıxış edib, Onun Naxçıvandakı fəaliyyətini ölkə ictimaiyyətinə çatdırıb. Qəzetin 1991-93-cü illər saylarında Ulu Öndər Heydər Əliyevin müsahibələrini və Onun haqqında məqalələri, həmçinin, ölkə parlamentindəki çıxışlarını oxucularına təqdim edib. Ulu Öndərin xarici mətbuata verdiyi müsahibələri tərcümə edərək, ölkə ictimaiyyətinə çatdırıb.1993-cü ilin iyunundan başlayaraq, "SƏS" qəzeti hakim Yeni Azərbaycan Partiyasının (YAP) baza rolunu oynayıb və partiya yarandıqdan sonra onun əsas mətbu ruporu kimi fəaliyyətini davam etdirib. Partiyanın bəyanatlarını, yığıncaqlarını və sair tədbirlərini öz səhifələrində geniş işıqlandırıb.1992-ci il oktyabrın 16-da ölkənin 91 nəfər tanınmış ziyalısının Heydər Əliyevə müraciəti və oktyabrın 24-də Ulu Öndərin həmin müraciətə cavabı da məhz "SƏS" qəzetində dərc olunub. Halbuki bir sıra mətbu orqanlar həmin tarixi müraciəti dərc etməkdən çəkinirdilər. Ümummilli Lider hakimiyyətə gəldikdən sonra "SƏS" qəzetini özü üçün doğma qəzet adlandırıb və qeyd edib ki, "SƏS" qəzeti tarixə düşmüş bir qəzetdir.Ulu Öndər Heydər Əliyevin prezident seçilməsindən və YAP-ın hakimiyyətə gəlişindən sonra qəzet ölkənin ictimai həyatında daha böyük rol oynamağa başlayıb. Qəzetdə ölkədəki mövcud problemlər və onların həlli yolları haqda müxtəlif ziyalıların, mütəxəssislərin yazıları, müsahibələri dərc olunub. Həmçinin, dövlətin, prezidentin və partiyanın fəaliyyəti haqda xəbərlərin, dünyada və ölkədə yaşanan proseslərin ictimaiyyətə çatdırılması missiyasını davam etdirib.Müstəqil Azərbaycanın ilk qəzetlərindən biri olan "Səs" qəzeti hazırda fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyevin baş redaktorluğu ilə eyni kursu davam etdirir və ölkə mətbuatında özünün xüsusi yeri ilə seçilir. Qəzet dövlət və xalq arasında münasibətlərin daha da yaxınlaşması, cəmiyyətin maarifləndirilməsi üçün, mütəmadi olaraq, medialayihələr həyata keçirir. Əlamətdar tarixi günlərdə qəzetin xüsusi buraxılışları, multimedia diskləri və digər əlavələri buraxılır.Hazırda qəzet gündəlik 5 min tirajla nəşr olunur, redaksiya heyəti 40 nəfərə yaxındır.Qeyd edək ki, "Səs" qəzeti SƏS Media Qrupa daxildir. Bu qrupda qəzetlə yanaşı "Səs" İnformasiya Agentliyi (SİA), "Səs" İnternet Televiziyası (SəsTV) da fəaliyyət göstərir.

sia.az

Digər xəbərlər