Hikmət Babaoğlu: Prezident İlham Əliyev milli dövlətçilik tariximizə həmişə diqqət göstərir

Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin ən mühüm həlqələrindən birini təşkil edir. Xalq Cümhuriyyəti XX əsrin əvvəllərində yaranan Azərbaycan milli dövlətçilik təfəkkürünün institusional-funksional qurumu olaraq meydana çıxmışdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.O deyib: “1828-ci ildə baş tutan işğal faktından sonra Azərbaycan xalqı öz müstəqilliyini itirmişdi. Təqribən 90 il sonra yeni əsrin çağırışlarına uyğun olaraq yeni bir dövlət qurmaq zərurəti meydana çıxmışdı. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması çox mühüm tarixi, siyasi əhəmiyyətə malik olmaqla Azərbaycan dövlətçilik tarixinin xüsusi bir səhifəsini təşkil edir. Bu, həm də təqribən 100 illik müddət keçməsinə baxmayaraq, Azərbaycan cəmiyyətinin və onu təşkil edən ayrı-ayrı fərdlərin dövlətçilik şüurunun daşıyıcıları olmasını göstərir”.Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyəti ilə müstəqil dövlətçiliyimizin hüquqi, siyasi, ideoloji, mədəni və tarixi əsasları müəyyənləşdirildi. Bu, sonrakı mərhələdə Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılması üçün mühüm əhəmiyyətə malik oldu. Əgər 1918-ci ildə Xalq Cümhuriyyəti qurulmasaydı, sonrakı mərhələdə SSRİ təşkil olunarkən Azərbaycan, bəlkə də bu İttifaqın tərkibinə müttəfiq respublikalardan biri kimi yox, muxtar-avtonom vilayət kimi daxil olardı. Eyni zamanda, tarixdə Azərbaycan Xalq Cümhuriyyəti olmasaydı, SSRİ-nin dağılmasından sonra ölkəmiz Rusiya Federasiyasının subyekti kimi hüquqi status qazana bilərdi.“AXC-nin Azərbaycanın dövlətçilik tarixindəki rolu daim xatırlanır, bu tarixə böyük diqqət və ehtiram göstərilir. Təsadüfi deyil ki, bu gün Azərbaycanın Respublika Günü, Ordu Günü kimi bayramları məhz 1918-ci ildə yaradılmış dövlət idarəetmə strukturlarının tarixi ilə müəyyən olunub. Böyük dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində mühüm yerə malik olduğunu bildirir. Ulu öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında, Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncamları, eləcə də Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları xüsusi olaraq qeyd edilməlidir. Məhz Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi dövlətimizin başçısının milli dövlətçilik tariximizə diqqət və qayğısının göstəricisidir”, - deyə Hikmət Babaoğlu vurğulayıb.Baş redaktor qeyd edib ki, “Azərbaycan Xalq Cümhuriyyəti İli”ndə keçiriləcək çoxsaylı tədbirlər dövlətçilik tariximizin, ənənələrimizin öyrənilməsi və təbliğ olunmasına, xüsusilə gənc nəslin dövlətçilik şüurunun möhkəmlənməsinə xidmət edəcək. Xalqımızın milli yaddaşında beş minillik dövlətçilik şüuru hakimdir. Bu ənənələrin qorunması və gələcək nəsillərə ötürülməsi də tarixi mirasımıza sahib çıxmaqdan, onu yaşatmaqdan keçir. Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi də məhz bu məqsədə xidmət edir.

AZƏRTAC