Siyasət

  • 2 178

"ATƏT dünya ictimaiyyətini aldatmaqdan yan keçməlidir”

image

Təəssüf ki, zaman-zaman bir sıra xarici dairələr tərəfindən Azərbaycanda söz və məlumat azadlığının vəziyyəti ilə bağlı qərəzli iddalar irəli sürülür. Onlardan biri ATƏT-in media ofisinin rəhbəri Harlem Dezirin Azərbaycanda söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin vəziyyəti ilə bağlı fikirləridir. Avropa ölkələrində jurnalistlərə qarşı dözülməz hallar baş verdiyi halda, görəsən nəyə görə, belə hallar sözügedən dairələr tərəfindən diqqətə alınmır. Azərbaycana qarşı irəli sürülən qeyri-subyektiv fikirlərin arxasında nə dayanır?

SİA bununla bağlı media nümayəndələrinin fikirlərini öyrənib.
"ATƏT dünya ictimaiyyətini aldatmaqdan yan keçməlidir"
Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli: “Beynəlxalq təşkilatlar dedikdə onların sırası kifayət qədər genişdir. Hər bir sahə üzrə onlarla beynəlxalq təşkilat fəaliyyət göstərir. Media ilə bağlı fəaliyyət göstərən, yüzlərlə beynəlxalq təşkilatlar mövcuddur. Lakin onların hamısı ciddi təşkilatlar deyillər. Onların arasında müəyyən maraqlara xidmət edən, xüsusi dairələrin sifarişi ilə fəaliyyət göstərən QHT statuslu beynəlxalq təşkilatlar var. Bu cür təşkilatlar zaman-zaman asılılıqda olduğu qüvvələrin təsiri ilə müəyyən bəyanatlar, qondarma hesabatlar səsləndirirlər. Təbii ki onlar real faktlara əsaslanmırlar. Amma bizi təəccübləndirən məsələ bu hesabatların bir yerə toplaşaraaq ciddi beynəlxalq təşkilatların hesabatlarında yer almasıdır. Belə ki, ATƏT-in media azadlığı ofisi kimi təşkilatın hesabatında qərəzli fikirlərin yer alması təəssüfləndiricidir. Bu təşkilat öz hesabatında ona qədər bəyanat səsləndirən, hesabat verən təşkilatlarının heç də hamısının real faktlarla işləmədiyini, onların içərəsində sifarişlə çalışanların olduğunu, müəyyən maraqlara xidmət etdiyini nəzərə almalıdırlar. ATƏT-in media azadlığı ofisi hesabat verən təşkilatlardan hansının ciddi və qeyri-obyektiv olduğu bilməlidir. Bunun nəticəsidir ki, beynəlxalq təşkilatlar çox zaman bu cür məsələlərdə zamanında kimlərinsə verdiyi yanlış bəyanatlara istinad edirlər. Lakin bu cür yanlış bəyanatlarla dünya ictimaiyyətini çaşdırmaq mümkün deyil. Artıq zaman dəyişib. Bunu ATƏT də bilməlidir. İndi 2000-ci illərin əvvəlləri deyil. O zaman hər kəs ATƏT, Avropa Şurası, ABŞ Dövlət Departamentinin bəyənatlarını ciddiyə alırdısa, hazırda dünya ictimaiyyəti daha ayıqdır. İnsanlar çox yaxşı bilir ki, bu gün dünyada media ilə bağlı ən böyük problem ABŞ-dadır. Çünki orada media qurumlarına qarşı hücumlar birbaşa dövlət başçısı səviyyəsindədir. Belə olan halda, beynəlxalq təşkilatlar bu cür məsələləri kənarda qoyub, Azərbaycan haqqında fikir irəli sürürsə, bu, artıq qərəzli mövqeyin göstəricisidir. Bu baxımdan hesab edirəm ki, beynəlxalq təşkilatlar hesabat hazırlayarkən bilməlidirlər ki, artıq digər ölkələrdə də, media təşkilatları hesabat hazırlayır, monitorinq aparır və görür ki, ATƏT və digərlərinin hazırladıqları hesabatlar qərəzli, qeyri-real məsələləri üzə çıxarmaq iqtidarındadır. ATƏT bu cür hesabatlar yaydıqda təkcə Azərbaycan üçün yox, həm də özünün imicini nəzərə almalıdır. Real məsələlərə əsaslanmayan məlumatlar yaymaq onların özlərini gözdən salır. Onlar dünya ictimaiyyətini aldatmaqdan yan keçməlidirlər”
"Ölkəmizin ünvanına səslənən bu fikirlər məqsədyönlüdür, ictimai rəyə təsir etmək xarakteri daşıyır"
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: “Azərbaycan mediasının ümumi inkişaf tempinə, media, internet azadlığına diqqət yetirilsə, şübhəsiz ki, ölkəmiz digər ölkələri qabaqlayır. Azərbaycanda mediaya dövlət səviyyəsində dəstək var. Azərbaycan prezidenti bilavasitə mətbuatın sosial problemlərinin həlli istiqamətində mütəmadi olaraq sərəncamlar verir. Azərbaycanda KİV-lərə dəstək konsepsiya artıq 2008-ci ildə qəbul olunub və bu müstəvidə 2009-cu ildə KİV-lərə Dövlət Dəstəyi Fondu yaradılıb ki, bu da medianın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ciddi addımlar atır və mətbuatın layihələrinə dəstək verir. Bütün bunların müqabilində Azərbaycan dövləti mətbuatın hansı yönümlü olmasına önəm vermir. Həm müxalif, həm də bilavasitə dövlətin, hakimiyyətin mövqeyini ifadə edən mətbuat bütün layihələrdə yer alır. Bu baxımdan ATƏT-in media azadlığı institutunun Azərbaycana münasibətdə sərgilədiyi mövqe tamamilə qərəzli və ədalətsizdir. Bütövlükdə ATƏT-in və onun ayrı-ayrı strukturların da Azərbaycana qarşı mövqeyində ədalətsizliyin şahidi oluruq. Bugünə qədər Dağlıq Qarabağ münaqişəsinin həllində məsuliyyət daşıyan ATƏT və onun Minsk qrupu tərəfindən 1 milyon insanın hüquq və azadlıqlarının təmin olunması istiqamətində hər hansı bir addımın atılmadığını nəzərə alsaq, təbii ki, bütün bu iddiaların nə qədər qərəzli olduğunu və ATƏT-in öz prinsiplərindən deyil, ayrı –ayrı ölkələrin, güclərin maraqlarından çıxış etdyinin şahidi ola bilərik. Azərbaycanda gözlənilən mühüm proses öncəsi bu cür fikirlərin irəli sürülməsi də təsadüfi deyil. Bildiyiniz kimi bu il seçki ilidir və ölkəmizdə bir sıra beynəlxalq tədbirlər gözlənilir. Bu aspektdən də ölkəmizin ünvanına səslənən bu fikirlər məqsədyönlüdür, ictimai rəyə təsir etmək xarakteri daşıyır. Şübhəsiz ki, Azərbaycan cəmiyyəti ölkədə gedən prosesləri diqqətlə izləyir və mediaya olan münasibəti də yaxşı bilir. Bu baxımdan ATƏT-in media azadlığı ofisinin fikirlərinin ictimaiyyətə heç bir təsiri ola biməz”.
"Ölkəmiz haqqında səslənən qərəzli fikirlərin arxasında inkişaf dayanır"
"Olaylar" İnformasiya Agentlyi və "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz: “ ATƏT-in media azadlığı ofisinin Azərbaycanda söz, məlumat azadlığı ilə bağlı səsləndirdiyi fikirlər tamamilə yanlışdır. Təbii ki bu, onların öz fikri deyil. ATƏT kim nə deyir, onu da danışır. Bu təşklat Azərbaycana qarşı təzyiq silahıdır. Mən ümumiyyətlə, Avropa qurumlarının əleyhinəyəm. Onlar bizi idarə etmək üçün formalaşıblar. Lakin bunu həyata keçirə bilmədikləri üçün ölkəmizə qarşı qərəzli fikirlər irəli sürməyə, ictimai rəyə təsir etməyə çalışırlar. ATƏT düzgün fəaliyyət göstərirsə, o zaman Dağlıq Qarabağın işğaldan azad olunmasına kömək etsin. Təbii ki, ölkəmiz haqqında hər hansı qərəzli fikirlərin arxasında Azərbaycanın inkişafı dayanır. Ölkəmiz inkişaf etdikcə, bundan narahat olan qüvvələr ictimaiyyətdə mənfi rəy yaratmağa çalışırlar. Sözügedən qüvvələr Azərbaycanın kosmosa gedib çıxa biləcək inkişaf mövqeyindən narahatdırlar. Öz mövqeyi və yolu ilə seçilən ölkəmizin müstəqil siyasət yürütməsi çoxlarında narahatçılıq, qısqanclıq yaradır”.

sia.az

Digər xəbərlər